“Bu məsələdə bütün zərbələr də Azərbaycana yönələcək, ona görə ki…” - Müsahibə
Bizi izləyin

Dünya

“Bu məsələdə bütün zərbələr də Azərbaycana yönələcək, ona görə ki…” - Müsahibə

“Bu məsələdə bütün zərbələr də Azərbaycana yönələcək, ona görə ki…” - Müsahibə

Krımın Rusiyaya birləşməsindən sonra yaşadığımız regionda siyasi gündəm çox sıxlaşıb. Aprelin 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl Azərbaycana səfər etdi. Ondan sonra isə - aprelin 4-ü bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi.

Aprelin 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İrana rəsmi səfər etdi. Aprelin 10-da NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru Azərbaycanda oldu. İki gün sonra isə Azərbaycan müdafiə nazirinin İrana səfəri planlaşdırılır. Ekspertlər regionda yaxın vaxtlarda ciddi nələrinsə baş verə biləcəyini proqnozlaşdırır.

Publika.Az – a müsahibəsində politoloq Qabil Hüseynli sözügedən səfərləri və Qərbin Azərbaycanla bağlı planlarını dəyərləndirib.

- NATO baş katibinin yeni təyin olunmuş müavinin səfəri əhəmiyyətli bir səfər idi. Avropa ölkələri Rusiya qazından asılılığını azaltmaq istəyirlər. Bunun üçün isə alternativ təbii qaz mənbələrini axtarırlar. Bu məsələdə Azərbaycan geosiyasi strateji əhəmiyyət daşıyan bir ölkədir. Azərbaycan həm zəngin təbii qaz ehtiyatlarına sahibdir, həm də təbii qazın tranziti rolunda çıxış edə bilər. Azərbaycan üzərindən Türkmənistan qazının nəqli həyata keçirilə bilər və Türkmənistan prezidentinin ölkəmizə səfəri planlaşdırılır. Xəzər dənizinin dibi ilə qaz kəmərinin tikintisi də gündəmdədir. Düzdür, Rusiya bunun qarşısını alacağını bildirir, amma hər halda Qərb təhlükəsizlik tədbirlərini öz üzərinə götürsələr, Avropanı tam şəkildə təmin edə biləcək qazı Azərbaycan qazına qoşmaqla Avropa bazarlarına çıxarmaq mümkündür. Burada digər bir variant da var. Sovet dövründə Cənubi Qafqazın üç respublikasına qaz verilirdi.

Hazırda kəmər yaxşı vəziyyətdə olsa da, qaz nəql edilmir. Başqa bir variant da var. İran qazını onsuz da Avropa bazarlarına çıxarmaq istəyir. Avropada bir çoxları da hesab edir ki, İrana sanksiyaların tətbiq edilməsi nəticəsində Rusiya İranın itirdiyi bazarların hamısını ələ keçirib və sanksiyaların qüvvədə olduğu dövrdə Rusiya bu bazarlardan ən azı 458 milyard dollar pul qazanıb. Hazırda köhnə kəmərlə İran qazının bir hissəsini Azərbaycana nəql etməklə Bakı-Ərzurum kəməri ilə Avropa bazarlarına çıxarmaq, böyük qaz kəmərinin tikintisindən sonra isə İran və türkmən qazı ilə Avropanın bütün ehtiyaclarını ödəmək olar. Amma burada Rusiya amili və bu kəmərin çəkilişinə maneə olmaq imkanları var. Rusiya da məsələni heç bir konvensiyalara əməl etmədən “lazım gələrsə silaha əl ataram” şəklində ortaya qoyur. Belə olan halda NATO-nun Azərbaycan və Gürcüstana dəstəyi çox vacibdir. TANAP Gürcüstan ərazisindən keçərək Türkiyəyə daxil olmalıdır. NATO isə təhlükəsizliklə bağlı üzərinə ciddi öhdəliklər götürməlidir.

- Yəni, Avropa Azərbaycan, Türkmənistan və İranı alternativ təbii qaz mənbəyi olaraq görürsə, ilk növbədə regionun təhlükəsizliyini təmin etməlidir…

-Sözsüz. Ola bilsin ki, Rusiyaya tətbiq olunan sanksiyalar müəyyən müddətdən sonra bu ölkəni laxlasın və onun bu proseslərə təsir imkanları azalsın, yaxud da minimuma yaxınlaşsın. Amma indiki halda Rusiyanın ciddi müqaviməti qarşısındayıq. Bu müqavimətin öhdəsindən gəlmək isə Azərbaycan və Türkmənistanın işi deyil. Bu məsələdə açar ölkə Azərbaycan olduğu üçün bütün zərbələr də Azərbaycana yönələcək. Bu baxımdan da birinci növbədə Azərbaycanın təhlükəsizliyinə təminat verilməlidir. Bunun üçün isə müxtəlif variantlar var. Məsələn, NATO Azərbaycan hərbi bazalarını yarada, öz sıralarına qəbul edəcəyinə dair bəyanat verə bilər. Amma bizə quru sözlər deyil, real iş lazımdır.

-Azərbaycan müdafiə nazirinin səfərini də təbii qaz məsələsi ilə əlaqələndirirsiniz?

-Təbii qaz məsələsi Azərbaycan prezidentinin İrana səfərində müzakirə edilib. İran tərəfinin də bu məsələdə niyyəti var və bu niyyətin reallaşdırılması üçün Qərb sanksiyaları aradan qaldırmaqla İranın Avropa qaz bazarına daxil olmasına imkan verməlidir. Bu məsələdə Azərbaycanın razılığı xüsusi əhəmiyyətə malikdir. Çünki, Azərbaycan risklərlə üz-üzə olan əsas tərəfdir. Azərbaycan müdafiə nazirinin səfəri isə sırf hərbi əməkdaşlıq məsələlərini həll etmək üçün həyata keçirilir. Hərbi əməkdaşlıq vaxtilə mövcud idi, sonradan zəiflədi və tamamilə dayandırıldı. Əvvəllər yalnız bir neçə komponent üzrə hərbi əməkdaşlıq aparılırdı, hazırda isə bütün komponentləri əhatə etməklə genişmiqyaslı hərbi əməkdaşlıq barəsində razılığıa gəlinib.

-Nəzərə alaq ki, Rusiya və İran əksər beynəlxalq məsələlərdə ortaq mövqe sərgiləyirlər. İran qazını Avropa bazarına göndərməklə Rusiyanın maraqlarına zidd gedəcəyi inandırıcı görünürmü?

-İran Rusiya ilə hər nə qədər dost olsa da, onun beynəlxalq neft-qaz bazarlarından çıxarılması hesabına Rusiyanın bu bazarlarda möhkənlənməsi Tehranda rəğbətlə qarşılanmayıb. İranda hətta elə dairələr var ki, onları Rusiyanın əlindən zəncir çeynəyirlər. İitirilmiş enerji bazarları itirilmiş milyardlarla dollar pul deməkdir. İranın bu məsələdə ən yaxın tərəfdaşına da güzəştə gedəcəyi inandırıcı deyil. İranın bu məsələdə dövriyyəyə daxil olması heç də Rusiyanın maraqlarına zidd getmək deyil, İran sadəcə olaraq keçmişdə itirdiyi mövqeləri geri qaytarmaq istəyir. Bundan kiminsə narahat olacağı İranın vecinə deyil.

-İran qazının Avropa bazarlarına nəqli üçün birbaşa Türkiyə marşrutu Azərbaycan marşrutu ilə müqayisədə daha münasib deyilmi?

-Bəli, İran-Türkiyə marşrutu İran üçün daha qısa məsafəlidir. Amma söhbət Avropaya birbaşa gedəcək qaz kəmərindən gedir. Azərbaycan-İran qaz kəməri yaxşı vəziyyətdə olduğundan bu kəmərə demək olar ki, əlavə xətt qoşulmayacaq. Amma İran-Türkiyə istiqamətində isə yeni bir marşrutun çəkilməsi lazım gələcək.

-Kremlin ideoloqu sayılan Aleksandr Duqin “Ukraynaya görə Azərbaycan Rusiyaya cavab verəcək” mesajı verib. Bu cavab hansı şəkildə olacaq?

-Rusiyadakı şovinist dairələrin bu cür bəyanatlarını şərh etmək üçün söz tapmaq çətindir, yaxud da ürəyindən keçənləri mətbuatda işlətmək mümkün deyil. Necə yəni Azərbaycan cavab verməlidir? Sən özün etdiyin əməllərə görə niyə cavab vermirsən? Bu hansl məntiqə sıxır ki, Krımı işğal etmisən, yüzlərlə xalqı əsarətdə saxlayırsan və buna görə heç bir məsuliyyət daşımırsan, amma Azərbaycan sərvətini dünya bazarına çıxartdığına, yaxud da beynəlxalq təşkilatlarda öz milli maraqlarına uyğun mövqe sərgilədiyinə görə cavab verməlidir. Bütün bunlar məsuliyyətsiz bəyanatlardır və daha çox psixoloji şantaj xarakter daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm