Kremldə ÇEVRİLİŞ PLANI – “Rus Maydanı”nın vaxtı açıqlandı - VİDEO
Bizi izləyin

Dünya

Kremldə ÇEVRİLİŞ PLANI – “Rus Maydanı”nın vaxtı açıqlandı - VİDEO

Sosial şəbəkədə Rusiya millətçilərinin gizli kamera ilə çəkilmiş toplantısının videosu yayılıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, toplantıda Vyaçeslav Maltsev, həmçinin Dmitri Demuşkin və Yuri Qorskiy iştirak edir.

Toplantıda Rusiyanın neft şirkəti olan YUKOS-un (ЮКОС) keçmiş rəhbəri Mixail Xodorkovskinin planlarından danışılır. Maltsev silahdaşlarına bildirir ki, hansısa anonim şəxs ona hansı hədəfinin olduğunu danışıb: “O, mənə dedi ki, söhbət bizim aramızda qalsın. Mən deyirəm ki, Xodorovski burada prezident və ya çar olmaq istəyir? O, deyir: “Bəli”. Mən bunun necə mümkün olduğunu soruşuram. O, cavab verir ki, hakimiyyəti almaq istəyir. Kimdən almaq istədiyini soruşuram. O, bildirib: “Mən bilmirəm, amma o, tacir kimi düşünür”.

Söhbətin gedişatında həmçinin millətçilər Rusiyada çevrilişi müzakirə ediblər. Maltsev, Demuşkin və Qorskiy açıq şəkildə bildirir ki, hər şey 4 noyabrda “Rus marşı”ndan başlanmalıdır. “Noyabrın 4-də Lyublinoda çıxırıq, 5-də Kremldə bitiririk”, – Demuşkin bildirib.

Qeyd edək ki, Vyaçeslav Maltsev parlament seçkilərində PARNAS-ın (Rusiyanın sabiq baş naziri M.Kasyanovun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyası - red.) namizədlər siyahısında ikinci yerdədir. Dmitri Demuşkin isə ötən il Moskva Şəhər Prokurorluğu tərəfindən fəaliyyəti qadağan edilən millətçi “Ruslar” hərəkatının lideridir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin etibarlı adamı sayılan tanınmış rusiyalı politoloq Sergey Markov iki gün əvvəl həyəcan təbili çalıb. O, sentyabrın 18-19-da (18-də Dövlət Dumasına seçkilər olacaq - red.) Rusiyada çevriliş və “Maydan” hazırlandığını iddia edib.

“Plana görə, on minlərlə PARNAS tərəfdarları Moskvaya seçkilərə gələcək. Burada onlar öz əqidədaşlarının mənzillərində yerləşdiriləcəklər. Sentyabrın 18-dən 19-na keçən gecə onlar Mərkəzi Seçki Komissiyasına təzyiq etmək üçün kütləvi mitinqlər təşkil etməlidirlər. 19 sentyabrda isə seçkilərin saxtalaşdırılması əleyhinə böyük mitinq toplamalıdırlar”, - S.Markov bildirib.

Politoloqun sözlərinə görə, müxalifətçilər eyni zamanda, rus millətçiləri və bütpərəstlərdən ibarət güclü zərbə dəstələri də yaradacaqlar.

“Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə hazır olan rus millətçiləri az da olsa, var. Hazırda həlledici “toplanma nöqtəsi” siyasətçi və bloqqer Vyaçeslav Maltsevdir. O, bu gün PARNAS-da ən məşhur adamdır”, - keçmiş deputat bəyan edib.

İctimai Palata üzvü rus millətçilərinin Ukraynada ruspərəst qüvvələrə qarşı vuruşan məşhur “Azov” alayı ilə bağlı olduğunu da iddia edib.

“Hazırda “Azov” Ukraynanın cənub-şərqində güclü hazırlıq keçir. “Azov” alayı artıq oliqarxların tabeliyindən və maliyyələşdirilməsindən uzaqlaşdırılıb və birbaşa amerikanlar tərəfindən idarə edilir. Böyük ehtimallara görə, “Azov”un bəzi döyüşçüləri Moskvada PARNAS-ın bazasında hazırlanan “Maydan” tipli çaxnaşmalarda iştirak edəcəklər”, – S.Markov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm