Prezident kim olacaq? 13 yaşlı namizəd
Bizi izləyin

Dünya

Prezident kim olacaq? 13 yaşlı namizəd

Türkmənistan parlamenti konstitusiyaya dəyişiklikləri qəbul edib.

Publika.az xəbər verir ki, yeni konstitusiya prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılmasını nəzərdə tutur. Həmçinin, prezidentliyə namizədlər üçün şərt qoyulan 40-70 yaş senzi ləğv olunub.

Yeni konstitusiyanın qəbulu Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun 2017-ci ildə üçüncü dəfə prezidentliyə namizəd ola biləcəyinə imkan yaradır.

Yeni konstitusiyada ölkə prezident respublikası olaraq qalır, dövlət başçısı vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə, onun səlahiyyətləri parlamentin sədrinə keçir. Maraqlıdır ki, 2006-cı ildə Saparmurat Niyazov vəfat edəndə Berdimuhəmmədovun hakimiyyətə gəlişi konstitusiyanın pozulması ilə mümkün oldu. Qanunvericiliyə görə, türkmənbaşının səlahiyyətləri parlament sədrinə keçməli idi. Lakin parlament sədrinə qarşı cinayət işi açıldı.

2007-ci ildə keçirilən seçkilərdə Berdimuhəmmədov qalib gəldi, 2012-ci il seçkilərində də fərqli heç nə yaşanmadı.

Türkmənistanın konstitusiyası indiyə qədər bir çox dəyişikliyə məruz qalıb. 1992-ci ildə qəbul olunan konstitusiyaya mərhum prezident Niyazov tərəfindən 1999, 2003, 2006-cı illərdə müəyyən dəyişikliklər edilib. Əvvəlcə prezidentin səlahiyyət müddəti uzadılıb, daha sonra ömürlük edilib.

Baleti, operanı və sirki qaytaran türkmənbaşı

Berdimuhəmmədovun gəlişi ilə mülayimləşmə başlandı. Qaraqum çöllərinin sakinləri türkmənbaşının “Ruhnamə” kitabını məcburi öyrənməkdən, Niyazovların adına həsr olunmuş təqvimi izləməkdən xilas oldular. Həmçinin, opera, balet və sirk geri qayıtdı, məktəblər və uşaq bağçaları kompüterləşdirildi.

Mühüm hesab olunan dəyişikliklər

Konstitusiyaya yeni dəyişikliklərin Türkmənistanın imicinin yaxşılaşdırılmasına yönəldiyi deyilir. Belə ki, vətəndaşların sosial təhlükəsizliyinə, sabitliyə, gənclərin və siyasi müxtəlifliyin hüquqlarının qoprunmasına dair bir sıra mühüm dəyişikliklər var. Bununla yanaşı, əsas qanunda prezident, parlament, Nazirlər Kabineti və Ali Məhkəməyə aid də dəyişikliklər diqqət çəkir. Bu dəyişikliklə Türkmənistanda hakimiyyət üç azad qrupa – qanunverici, icraçı və məhkəmə - bölünəcək.

13 yaşlı varis


Lakin MDB beynəlxalq tədqiqatlar institutunun analitik mərkəzinin direktoru Andrey Kazansev Türkmənistan konstitusiyasında ciddi dəyişikliklərin olmadığını düşünür.

“Türkmənistanda hər şeyin konstitusiya ilə həll olunduğunu demək çətindir. Hələ 2006-cı ildə hakimiyyətin ötürülməsi zamanı əsas qanun pozuldu. Çünki prezidenti səlahiyyətləri parlament sədri Ovezqeldı Atayevə keçməli idi. Lakin Atayevə qarşı cinayət işi açıldı və səlahiyyətlərin icrası o vaxt baş nazirin müavini, səhiyyə naziri olan Qurbanqulu Berdimuhəmmədova keçdi. Bu baxımdan, yeni konstitusiyanın ciddi irəliləyişə nail olacağını düşünmürəm. Bu, hazırki iqtidarın ömürlük olmasına hesablanıb”, - deyə o bildirib.

Hətta ekspert iddia edib ki, Türkmənistanda hakimiyyət Berdimuhəmmədovun 13 yaşlı nəvəsi Kerimqulıya ötürülməsi üçün hazırlanır: “Bu kiçik yaşlı nəvə babası ilə birlikdə Aşqabadda təntənəli mərasimlərdə dəfələrlə iştirak edib. Ötən il milli at yarışlarında birinci yeri tutdu”.

“Onları sağ göstərin!”: türkmənbaşı üçün çətin məqam

Kazansev hesab edir ki, konstitusiyaya yeni dəyişikliklər imicin yaxşılaşdırılmasına və xarici investisiyaların cəlb olunmasına hesablanıb: “Qazın satışından gələn gəlirlər boru kəmərinin tikintisi zamanı götürülən kreditin ödənilməsinə gedir. Türkmənistanın pul ehtiyacı var. Lakin pulun əldə olunması o qədər də asan deyil. İndi beynəlxalq səviyyədə “Onları sağ göstərin!” adlı hüquq müdafiəsi kampaniyası başlayıb. Bu, Türkmənistanda həbs olunmuş və itkin düşmüş vətəndaşların müdafiəsi üçündür. Lakin Türkmənistan hakimiyyətinin onları azad edəcəyinə şübhələr var.

“Kəmər sıxma” variantı: türkmənlər hansı güzəştlərdən məhrum olur?


Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun müasir Şərqin problemlərinin öyrənilməsi mərkəzinin aparıcı elmi işçisi Şöhrət Qədirov Türkmənistanda konstitusiya islahatlarını “tüfeyli iqtisadiyyat” dövrünün sona çatması ilə izah edir: “Enerji resurslarından əldə oluna gəlirlər aşağı düşdü və əhali əvvəlki kimi rahat yaşaya bilmir. Türkmənistan qaz ölkəsidir, amma çoxları yaxşı bilir ki, son zamanlar qazın satışı ölkə büdcəsinə böyük gəlir gətirmir. Qaz gəlirlərinin artırılması üçün yeni boru kəmərlərinə ehtiyac var. Bunun inşası üçün də 5 milyard dollar vəsait lazımdır. Mayeləşdirilmiş qazın istehsalı isə 2020-ci ildə nəzərdə tutulub”.

Ekspert hesab edir ki, Türkmənistanda bir sıra güzəştlər ləğv oluna bilər.


“Berdimuhəmmədov qaz, su və elektrik enerjisinin pulsuz verilməsini ləğv etmək istəyir. Buna görə də o əvvəlcə Ağsaqqallar Şurasının iclasını keçirərək fikrini bildirdi”, - deyə o vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm