Rusiya kartını oynamaq... – Separatçı liderin qərarında MOSKVA BARMAĞI
Bizi izləyin

Dünya

Rusiya kartını oynamaq... – Separatçı liderin qərarında MOSKVA BARMAĞI

Separatçı “Dnestryanı Moldova Respublikası”nda “prezident seçkiləri” üzrə kampaniya başlanıb.

Publika.az “lenta.ru”ya istinadən xəbər verir ki, seçkilərin 11 dekabrda keçirilməsi nəzərdə tutulub.

Separatçı qurumun hazırkı lideri Yevgeni Sevçuk “prezident” postu uğrunda mübarizə aparmaq niyyətini ifadə edib. O, seçki kampaniyasının startı ərəfəsində gözlənilmədən “17 sentyabr 2006-cı ildə keçirilmiş referendumun nəticələrinin reallaşdırılması haqqında” fərman verdi. Sənəddə Dnestryanı qanunvericiliyinin Rusiya ilə uyğunlaşdırılması və Rusiya ilə birləşmə üzrə keçirilən referendumun reallaşdırılması ehtiyacı vurğulanır. “Bu, hazırda daxili siyasətin əsas istiqamətidir”, - Şevçuk izah edib.

Hökumət 1 noyabr tarixinə kimi qanunvericiliyin uyğunlaşdırılması planını hazırlamalıdır. Fərman həm Kişnyov, həm də Tiraspolda çoxmənalı reaksiyalar doğurub.

Şevçukun fərmanını şərh edən “Dnestryanı Moldova Respublikası”nın “xarici işlər naziri”nin müavini Dmitri Palamarçuk qeyd edib ki, siyasi kurs xalqın iradəsinə tamamilə uyğundur. Region əhalisinin 97 faizindən çoxu 2006-cı ildə Dnestryanı ərazinin müstəqilliyi və Rusiyaya sonrakı birləşmə üçün səs verib. Kişinyov referendumun nəticələrini qanunsuz elan etsə də, Rusiya Dövlət Duması onu tanıyıb.

Referendumu niyə məhz indi xatırladılar? Moldova politoloqu, tarix elmləri doktoru Boris Şapovalovun fikrincə, bu, Moldova hakimiyyətinin problemi həll etmək istəməməsi ilə bağlıdır. Əsas problem isə Moldovanın Rumınıya ilə birləşmək istəməsidir.

“Moldova prezidenti açıq danışır ki, o, rumındır və rumın xalqı ilə birləşməyi görmək istəyərdi. Moldova dövlətinin məhv edilməsi və onun Rumınıyaya birləşməsini rəsmən öz hədəfi elan edən partiyalar Moldovada qeydiyyatdan keçib. Bu partiyalar və onlarla qeyri-hökumət təşkilatı rumın hökuməti tərəfindən açıq maliyyələşdirilir. Dnestryanı ərazidə zəmanət yoxdur ki, Moldova ilə birləşdiyi ikinci günü Rumınıya tərəfdə oyanmayacaqlar”, - Şapalov bildirib.

Ancaq ekspertlərin əksəriyyəti seçkilər ərəfəsində verilən fərmanı populist addım hesab edir. Dnestryanı Müstəqil Politoloqlar Assosiasiyasının prezidenti Andrey Safonov bildirir ki, Sevçuk pis göstəricilər əldə edib: “Yalnız 2015-2016 ildə Dnestryanı ərazidə ümumi daxili məhsul 22 faiz düşüb. Oğru sxemləri vasitəsilə regiondan 50 milyon dollardan yuxarı valyuta çıxarılıb, valyuta dəyişmə məntəqələrində avro və dollar tapılmır, çünki prezidentin özü valyuta böhranını provokasiya edib. Bütün bunlar Şevçukun yenidən seçilməsini praktik olaraq qeyri-mümkün edir. Və o, indi özünü elektoratın gözündə rusiyayönlü siyasətçi kimi göstərir və Moskvanın, heç olmasa ayrı-ayrı məmurların dəstəyini təmin etmək istəyir”, - Safonov vurğulayıb.

Daha bir siyasi analitik Vladimir Bukarskiy də bu fikirdədir ki, Rusiya kartını oynamaq Dnestryanı siyasətçilərin sevimli işidir. O, fərmanın məhz seçkilər ərəfəsində verilməsini daxili siyasi mübarizə ilə bağlayır. Onun sözlərinə görə, əsas mübarizə Şevçukun komandası ilə Dnestryanı respublikanın Ali Sovetində yerlərin əksəriyyətini əlində saxlayan “Yenilənmə” partiyası arasında gedir. Analitik qeyd edir ki, hər iki tərəf rusiyayönlü oriyentasiyaya malik olsalar da, daxili mübarizədə hər iki düşərgə bir-birini rusiyayönlü xəttə xəyanətdə və Kişnyova təslim olmaq cəhdində ittiham etməyə meyllidirlər.

Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin (VSİOM) məlumatına görə, seçicilərin 14 faizi Şevçuku dəstəkləməyə hazırdır. “Yenilənmə” Partiyasından prezident kreslosuna potensial namizəd, Ali Sovetin spikeri Vadim Krascnoselskinin reytinqi isə 25 faizdən yuxarıdır.

Təəccüblü deyil ki, Ali Sovetdə Şevçukun fərmanı tənqid edilib. “Yenilənmə” Partiyasının Ali Sovetdəki fraksiya başçısı Pyotr Pasat Dnestryanı ərazidə Rusiyanın qanunverici aktlarının yararsız olduğunu deyib. Bundan başqa, partiyanın üzvü olan deputatlar fərmanla əlaqədar Konstitusiya Məhkəməsinə şikayət etmək niyyətindədir.

Rəsmi Kişinyov sənədi “yersiz və etibarsız” adlandırıb. Reinteqrasiya üzrə Moldova Bürosunun bəyanatında deyilir ki, fərman “5+2” formatında aparılan danışıqlara zərər vurur.

Parlamentin spikeri Adrian Kandu narazıdır ki, Tiraspol ölkənin bütövlüyünün bərpası üçün həll axtarmaq əvəzinə separatizmin irəliləyişi üzrə çağırışlar edir. Amma Liberal Partiyanın başçısı Mixay Qimpu Dnestrayanı ərazini Rusiya tərəfindən işğal edilmiş ərazi kimi tanımağı təklif edib. Onun sözlərinə görə, əks təqdirdə, Ukrayna ssenarisinin təkrarlanma riskləri mövcuddur. Qeyd edək ki, iqtidar koalisiyasına daxil olan Liberal Partiyasının proqramında Moldovanın Rumınıya ilə birləşməsinə dair bənd var.

Buxarest isə Dnestryanı liderin hərəkətlərində Moskvanın barmağını görüb. Rumınıyanın Avropa Parlamentindəki üzvü Monika Makovey Moldova Respublikasının ərazi bütövlüyünü müdafiə etməyə və SSRİ-nin bərpası üzrə Putini dayandırmağa çağırış edib.

Qeyd edək ki, Dnestryanı münaqişənin nizama salması üzrə danışıqlar prosesi 1992-ci ildən aparılır. “5+2” formatında Kişnyov və Tiraspol münaqişə tərəfləri, Rusiya, Ukrayna və ATƏT zaminlər, ABŞ və Avropa Birliyi isə müşahidəçi statusunda təmsil edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm