Estonlar prezident seçə bilmədilər
Bizi izləyin

Dünya

Estonlar prezident seçə bilmədilər

Seçənlər kollegiyası səsvermənin ikinci turunda da Estoniya prezidentini seçə bilməyib. Belə ki, iki namizədin heç biri - vəkil Allar Yıks və hakim İslahatçı Partiyanın fəxri sədri, Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas bu turda da qələbə üçün lazım olan miqdarda səs toplaya bilməyib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ikinci turda Kallas 138 səs, Yıks isə 134 səs yığa bilib. Bu isə prezident seçilmək üçün kifayət etməyib. Ölkə qanunlarına görə, bundan sonra 14 gün ərzində parlamentin növbədənkənar iclası çağırılmalı və seçki proseduru yenidən başlamalıdır.

Estoniyada prezident seçkilərinin ikisəviyyəli sistemi fəaliyyət göstərir: əvvəlcə dövlət başçısını parlamentdə seçməyə cəhd göstərirlər. Namizədlərdən heç biri burada lazımi miqdarda səs yığa bilməsə, seçkilər seçənlər kollegiyasında davam etdirilir. Kollegiyaya parlamentin 101 deputatı və yerli idarəetmənin 234 nümayəndəsi, ümumilikdə 335 nəfər daxildir.

Xatırladaq ki, Estoniyanın müstəqilliyi bərpa olunduqdan sonra prezidenti parlamentdə yalnız iki dəfə - 1992 və 2011-ci illərdə seçmək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm