Kiyev Moskvanın tələbinə boyun əyməyə hazırlaşır
Bizi izləyin

Dünya

Kiyev Moskvanın tələbinə boyun əyməyə hazırlaşır

Kiyev Moskvanın tələbinə boyun əyməyə hazırlaşır

“Ukrayna ölkənin dövlət quruluşu ilə bağlı referendumun keçirilməsinə razılıq verə bilər”.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov parlament fraksiyalarının liderləri və komitə rəhbərlərinin iclasında deyib.

Ali Radanın sədri parlament tərəfindən müvafiq qərarın qəbul ediləcəyi halda, prezident seçkiləri ilə eyni vaxta Ukraynanın dövlət quruluşuna dair referendum keçirilə biləcəyini deyib: “Biz referendumun keçirilməsinə qarşı deyilik. Mən əminəm ki, ukraynalıların böyük əksəriyyəti bölünməz, müstəqil, demokratik və unitar Ukrayna üçün səs verəcəklər”.

Qeyd edək ki, Ukraynanın federasiya halına salınması ideyasının müəllifi Rusiyadır. Bir neçə gün bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Böyük Britaniyanın “The Guardian” qəzetində dərc edilən yazısında da Ukrayna böhranın həlli üçün yollar göstərilmiş və ölkənin federasiya halına salınması vacib şərt hesab edilmişdi.

“Birinci addım qanuni hüquqların və Ukraynanın bütün regionlarının maraqlarını təmin edən real konstitusiya islahatının keçirilməsidir. Hesab edirik ki, yeni konstitusiya Ukraynanın cənub-şərq regionlarının çoxsaylı çağırışlarına cavab verməlidir. Məsələn, rus dilinin ikinci dövlət dili elan edilməsi. İkinci addım Ukraynanın neytral statusuna Ukrayna qanunvericiliyində möhkəm zəmanət verilməsidir. Üçüncü addım isə “Sağ sektor” və digər milliyətci qruplaşmaların fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin həyata keçirilməsidir”, deyə- S.Lavrov Ukraynın həlli yollarını göstərib.

O, bu addımların atılmayacağı təqdirdə, Ukrayna böhranının gözlənilməz nəticələrinin olacağı barədə Qərbə xəbərdarlıq edib.

Rusiya XİN rəhbəri Ukraynanın federallaşması ilə bağlı rəsmi Moskvanın tələbini “Rossiya 24” telekanalına müsahibəsində də sələndirib. O, Rusiyanın Ukraynanın federallaşması ilə bağlı tələbini “bu, cənub və şərq regionlarının tələbidir” şəklində izah edib.

Vaşinqton isə Ukraynanın federasiya halına salınması ilə bağlı Moskvanın tələbini rədd edir. Ötən həftə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland bunun Ukraynanın parçalanmasına gətirib çıxara biləcəyini deyib. O, Rusiyanın sözügedən tələbinin qəbuledilməz olduğunu dilə gətirib.

“Konstitusiya islahatı Ukraynanın öz daxili məsələsidir. Bunu məhz ukraynalılar həll etməlidir, ölkəni necə görmək istədiyinə dair məhz ukraynalılar qərar verməlidir, xarici güclər deyil. Ukraynanın federasiya halına salınması ilə bağlı Rusiyanın tələbi tamamilə qəbuledilməzdir, bu ölkənin parçalanma təhlükəsi ilə qarşı-qarşıya qoya bilər”, - dövlət katibinin müavini söyləyib.

Fransanın “Slate.fr” nəşri isə hazırkı vəziyyətdə proseslərin üç istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırır.

Birinci ehtimal odur ki, Rusiya müstəqilliyini elan etmiş vilayətlərin “yardım müraciətinə” cavab olaraq rusdilli regionlara hərbi müdaxilə edəcək. Bu isə həmin regionların Rusiyaya birləşdirilməsi yolunda addım ola bilər. Daha az radikal variant Ukraynanın cənubunda xüsusi dəhlizin yaradılmasıdır. Bu dəhliz Krımı SSRİ-nin dağılmasından sonra Rusiyanın 14-cü ordusu tərəfindən işğal edilən Dnestryanı ərazi ilə birləşdirəcək.

Bu ciddi provokasiya olardı və Qərb tərəfindən sərt qarşılanacağı şübhəsizdir.

İkinci ehtimal beynəlxalq danışıqların keçirilməsini ehtiva edir. Rusiya Ukraynanın federasiya halına salınmasını israr edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Parisdə amerikalı həmkarı Kerri ilə görüşdə bu ideyanə səsləndirsə də, istənilən cavabı almadı.

Moskvada artıq Ukraynanın yeni dövlət quruluşunun layihəsini hazırlayıb. Layihəyə görə, Ukrayna federal dövlətə çevrilməli, federasiyaların qonşu dövlətlərlə bağlı müstəqil siyasət yürütmək hüququ olmalıdır. Başqa sözlə, rusdilli regionlar Rusiya ilə imtiyazlı əlaqələr qura biləcək. Bu işğal olmasa da, ondan biz az fərqlənəcək.

Üçüncü ehtimal isə hərbi təlimlərlə sərhəddəki hazırkı qeyri-stabilliyin, rusdilli regionlardakı nümayişlərin, dövlət binalarına hücumların, təbii qaz qiymətləri ətrafındakı şantajın, Ukrayna məhsullarının Rusiyaya idxalına qadağanın davam etdirilməsidir.

“Qeyri-stabil vəziyyət isə 25 May tarixinə nəzərdə tutulmuş prezident seçkisinin keçirilməsinə, Kiyevdə qanuni hakimiyyətin möhkəmlənməsinə imkan verməyəcək. Nəticədə isə Ukrayna slavyan dünyasında, ən əsası Rusiya sərhədlərində əsl demokratiyanın nümunəsi ola bilməyəcək”, - sonda Slate.fr qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm