Vaşinqton Təl-Əvivdən nə tələb etdi?
Bizi izləyin

Dünya

Vaşinqton Təl-Əvivdən nə tələb etdi?

Vaşinqton Təl-Əvivdən nə tələb etdi?

İsrailin Ukrayna böhranı ilə bağlı bitərəf mövqe nümayiş etdirməsi ABŞ-ın kəskin narazılığına səbəb olub.

Publika.az xəbər verir ki, İsrailin “Haaretz” qəzetinin siyasi təhlilçisi Barak Ravid Vaşinqtonun iki ay susqunluqdan sonra bu məsələni ilk dəfə ictimai müzakirəyə çıxardığını bildirib.

İsrail niyə ABŞ-ın yanında deyil?

B.Ravida görə, israilli diplomatlar bunu Rusiyanın İran və Suriya vasitəsilə yəhudi dövlətinə real təhlükə törədə biləcəyi ilə izah edirlər. Onların fikrincə, Rusiyanın ABŞ, İngiltərə, Fransa və Almaniyanın milli təhlükəsizliyinə təhlükə törətmək imkanları yoxdur: “Buna görə də amerikalıların bizim dəstəyimiz olmadan keçinməsi lazımdır”.

Vaşinqtonda isə bu iddialar qəbul edilmir. B.Ravidin məlumatına görə, Vaşinton özünün arqumentlərini səsləndirir. Vaşinqton Təl-Əvivə xatırladır ki, İsrail BMT-nin Qərb ölkələri qrupuna tamhüquqlu üzvü olmağa kömək etməyi Vaşinqtondan illərlə xahiş edib. Vaşinqton isə indi deyir: “Biz buna nail olduq. Əgər siz Qərb ölkələri qrupunda olmaq istəyirsinizsə, Ukrayna məsələsində də müvafiq addımlar atmalısınız”.

Xatırladaq ki, İsrail BMT-nin Qərb ölkələri qrupuna 2013-cü ilin noyabrında tamhüquqlu üzv olub. Bu, Təl-Əvivdə “İsrailin böyük diplomatik qələbəsi” hesab olundu. Hazırda isə Vaşinqton Qərb ölkəsi sayılan İsraildən üzərinə düşən öhdəlikləri yerinə yetirməyi, daha doğrusu, Ukrayna məsələsində Qərbin yanında olmağı tələb edir.

Bəs indi nə olacaq?

İsrailin Baş naziri Binyamin Netanyahunun qəbul etdiyi son qərar isə göstərdi ki, Təl-Əviv Vaşinqtondan gələn tələbə etinasız yanaşmaq iqtidarında deyil. B.Ravidin yazdığına görə, İsrailin hökumət başçısı Rusiyaya iyun ayında planlaşdırılan səfərini ləğv edib. Baş nazir Rusiya prezidenti Vladimir Putinin bir neçə ay əvvəl etdiyi dəvəti qəbul etmişdi.

İsrail hökumətindəki mənbə B.Ravida Ağ Evin Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirən İsraildən narazı olduğunu bildirib: “ABŞ-ın ən yaxın müttəfiqi Putini hirsləndirməkdən ehtiyat edərək Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi ilə bağlı BMT Baş Assambleyasında qəbul olunan qətnaməyə münasibətdə bitərəf mövqe sərgilədi. Vaşinqtonda isə bunu naşükürlük kimi qəbul edirlər. ABŞ BMT-də həmişə İsrailin yanında olub”.

“İsrail çətin ki, “iki stulda oturmağı” bacaracaq. Binyamin Netanyahunun Putinin dəvətini rədd etməsi də göstərir ki, İsraildə bunu anlamağa başlayırlar”, - “Haaretz” qəzetinin siyasi təhlilçisi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm