“4 T” tələbi və "erməni soyqırımı”nın qəbulunda beş amil
Bizi izləyin

Dünya

“4 T” tələbi və "erməni soyqırımı”nın qəbulunda beş amil

Ermənilərin “4 T” tələbi və “soyqırımı”n qəbulunda beş amil

Sabah 24 aprel tarixidir. Həmin 24 aprel ki, ermənilər düz 99 il bundan əvvəl - 1915-ci ilin bu günündə onlara qarşı “soyqırımı” həyata keçirildiyini iddia edirlər.

Qondarma "erməni soyqırımı" birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirsə də bu gün dünyanın bəzi ölkələri “soyqırım”ın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib.

Qondarma soyqırım iddiasını tanıyan ölkələr

"Erməni soyqırımı" iddiaları 1950-ci illərdən – yəni "soyqırım" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb. Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması da analoji qərar qəbul edib. Sonrakı illərdə "erməni soyqırımı"nı Argentina (1985), Rusiya (1995), Kanada (1996), Yunanıstan (1996), Livan (1997), Belçika ( 1998), İtaliya (2000), Vatikan (2000), Fransa (1998), İsveçrə (2003), Slovakiya (2004), Hollandiya (2004), Polşa (2005), Almaniya (2005), Venesuela (2005), Litva (2005),

Çili (2007) qəbul edib. Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər. ABŞ-ın 40-dan çox ştatı da “erməni soyqırımı” iddialarını tanıyıb.

"Erməni soyqırımı" iddialarının yayıldığı areal da maraqlıdır – Avropa və Amerika. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa İttifaqının üzvləridir. Amerikada isə "soyqırım"ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi tanıyıb. Türkiyənin "strateji müttəfiqi" olan ABŞ-ın Konqresində “soyqırım” iddiaları qəbul olunmasa da, bu məsələdə qabağa düşən ştatların sayı kifayət qədərdir. Üstəlik, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi də “erməni soyqırımı”nı tanıyıb. ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırım" sözünün yarım addımlığından keçirlər.

Hədəf “4 T”

Ümumiyyətlə, ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:

1."Soyqırım"ın dünyada tanınması;

2.Türkiyənin "soyqırım"ı tanıması;

3.Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;

4.Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti "soyqırım" iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. ABŞ Konqresinin qəbul etdiyi qətnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə, İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqləri, beynəlxalq qurumlar da hərəkətə keçəcək, üstəlik, erməni lobbisinin Türkiyədən təzminat tələbləri ciddi bir əsasla gündəmə gələcək.

Ermənilər sadəcə tanınma ilə kifayətlənməyiblər, adıçəkilən ölkələrin əksəriyyətində "soyqırım" abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə “erməni soyqırımı” iddialarını məktəb dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində "soyqırım yoxdur" deyənlərin cəzalandırılmasını qanuniləşdirməyə çalışırlar.

Erməni soyqırımı iddialarını niyə qəbul edirlər?

Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin "soyqırım" qərarlarını qəbul etməsində 5 amil rol oynayır:

1.Həmin ölkələrdəki erməni azlığının təsiri;

2.Türkiyəyə düşmən münasibət;

3.Türkiyəni Avropa İttifaqında görməmək istəyi;

4.Özünün törətdiyi soyqırıma suç ortağı axtarmaq cəhdi;

5.Din.

Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesuelanın qərarları birinci səbəblə – yəni, bu ölkələrdəki erməni azlığının təsiri ilə, Yunanıstan və yunan Kiprinin qərarları Türkiyəyə qarşı düşmən münasibətlə, Vatikanın qərarı din faktoru ilə izah edilir. Fransa və İtaliyanın qərarlarının arxasında Türkiyənin Avropa İttifaqına üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir. Hollandiya, Belçika, Almaniya, İsveçrə və Polşanın qərarları da oxşar motivdən qaynaqlanır. Eyni zamanda Almaniya tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlar. Yəni, "soyqırım törədən ölkə tək biz deyilik..."

Tarix göstərir ki, Türkiyəni insan haqları və ya demokratiya baxımından sorğulayan qanunlar əsasən demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası və komitələrdə qəbul olunur. Bu il də eyni hal yaşandı. ABŞ-da erməni lobbisini dəstəkləyən demokrat senator Robert Menendez və respublikaçı senator Mark Kirkin hazırladığı “erməni soyqırımı”nın tanınması barədə qətnamə Nümayəndələr Palatasının xarici işlər komitəsində “erməni soyqırımı” tanındı.

ABŞ prezidentinin ənənəvi 24 Aprel çıxışına gəlincə, Bara Obama hakimiyyətdə olduğu illərdə “Böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsini işlədib. Bu il də eyni gözləntilər var.

ABŞ-nın elm adamları da soyqırım iddiasını erməni uydurması hesab edirlər

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlib. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm".

J. Şmidt xatırladıb ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetinin ən məşhur tarixçisi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm