20 il öncəki Bakı və ya müasir Bişkek - Reportaj
Bizi izləyin

Dünya

20 il öncəki Bakı və ya müasir Bişkek - Reportaj

20 il öncəki Bakı və ya müasir Bişkek

Qırğızıstan. Bu ölkə Orta Asiyanın qurtaracağı nöqtədə yerləşir. Beynəlxalq konfransda iştirak etmək üçün gələn türkiyəli qonaqlar üçün bu ölkə bir qədər yad təsir bağışlayır. Bişkek mənim üçün bir çox cəhəti ilə tanışdır. Bu şəhər uşaqlığımı xatırladırdı. Bişkek çox az fərqlə 90-cı illərin Bakısını xatırladır. Sovet bu ölkədə hələ də “Allahlıq” edir. Bunu şəhərin mərkəzində saxlanılan Leninin heykəlindən, üzərində “Za kommunizmu!” yazısı olan heykəllərdən, Tarix müzeyini bəzəyən Lenin, Stalin heykəllərindən tam aydın şəkildə duymaq mümkündür.

Qırğızıstan dünyaya tanıdan iki mükəmməl abidəsi var: Manas və Çingiz Aytmatov. Manas dastanı dünyanın ən nəhəng dastanıdır. Bişkekdə də ən hörmətli adamlar manasçılardır. Onlar bizim aşıqlara bənzəyir. Bizdə aşıqlar saz ifa edirsə, onların milli musiqi alətinin adı komuzdur. Ölkənin müxtəlif yerlərindən gəlmiş manasçıların deyişmə yarışları keçirilir. Deyilənə görə bəzən manasçılar arasında bu yarışlar iki-üç gün davam edir. Qatıldığım bir neçə məclisdə manasçılar tərəfindən durmadan 20-25 dəqiqə qırğızca Manas dastanından hissələrin ifasını dinlədim. Bişkek Hava Limanının, ən yaxşı universitetinin, ən böyük küçəsinin Manas adlanması qırğızların tarixinə olan hörmət və sevgidən irəli gəlir. Eyni zamanda Çingiz Aytmatova da qırğızların sevgisi sonsuzdur. Ölkəni son yüz ildə dünyaya tanıdan məhz Çingiz Aytmatov olub.

Bişkek şəhərinin bir milyona yaxın əhalisi var. Dünyanın ən yaşıl şəhərlərinin siyahısını hazırlasalar ilk onluğa bu şəhəri salmaq olar. Şəhər başdan-başa yaşıla bürünüb. Bütün şəhər boyu kiçicik belə olsa, eniş-yoxuşa rast gələ bilməzsiniz, hər tərəf dümdüzdür. Şəhər bitəndə möhtəşəm dağlar başlayır. Bu əzəmətli dağları qırğızlar Ala Too ( Ala dağlar) adlandırırlar. Ümumdünya coğrafiyasında bu dağların adı Tyan Şan dağlarıdır, türklər isə bu dağları Tanrı dağları adlandırırlar. Qırğızıstan, Tanrı dağlarının ətəkləri türklərin ata yurdu hesab olunur. Altay nəzəriyyəsinə əsasən türklərin ilk yurdu məhz bu əzəmətli Tanrı dağlarının ətəkləri olmuşdur. Buradan türk qövmü bütün dünyaya yayılmışdır.

Bişkek hər mənası ilə Sovet şəhərinə bənzəyir. Təbii ki, bir-iki tərəfini çıxmaq şərtiylə. Geyimlərinə baxdığımızda bizdən o qədər fərqlənmirlər. Şəhərdə dəbdir deyib yaraşdı-yaraşmadı nə gəldi əyninə geyinən qadınları, saçlarını avropasayağı min formaya salan oğlanları görmək olar.

Bişkekdə Bakıdan fərqli olaraq rus istehsalı olan maşınlar azdır. Bu mənada sürətlə dəyişiblər. Əsasən yapon istehsalı, onlardan nisbətən az Koreya, Çin və Almaniya istehsallı maşınlarla şəhər doludur. Bir qırğız gənci ilə söhbətimdən bəlli oldu ki, onlarda da bizim kimi maşın almaq dəbdir. Yəni varı-yoxu, nəyi varsa satır, banka girib pul götürürlər, burda “təki maşınım olsun” düşüncəsi hakimdir.

Bişkekdə ən çox diqqətimi çəkən məqamlardan biri burada hələ də trolleybusların qalmasıdır. Şəhərdə gəzərkən türkiyəli dostlarıma bu adi gəlsə də mənə uşaqlığımla bağlı qəribə hisləri xatırladırdı. Uşaq vaxtı 20 yanvar küçəsində evimizin yanından belə trolleybus işləyirdi. Anamla tez-tez trolleybusdan istifadə edərdik. Maraqlısı onda idi ki, burada heç qiymət də dəyişməyib. Trolleybusun qiyməti 8 som, bizim pulla təxminən 5 qəpik dəyərindədir. Trolleybuslar şəhərin hər tərəfinə işləyir. Uyğun trolleybusa minməklə şəhərin istənilən nöqtəsinə getmək olar. Şahmatvari quruluşa malik Bişkekdə azmaq qeyri-mümkündür. Bir az gəzəndə böyük küçələrin birinə mütləq çıxacaqsan ki, buradan da istədiyin ünvana getmək çox rahatdır.

Bişkekdə demək olar ki, hər şey Bakıdan çox ucuzdur. Kasıb adam üçün əsl yaşamalı yerdir. Nəqliyyat Bakıdan 4 dəfə ucuzdur. Trolleybus, avtobus qiyməti 8 som, bizim pulla 5 qəpiyədir. 150 soma 15-20 km məsafəni taksiylə gedə bilərsiniz. Bu da hardasa bizim pulla 2 manat edir. Spirtli içkilər bizdən ən azı dörd dəfə, siqaret isə iki dəfə ucuzdur. Yeyinti məhsullarında da aşkar fərqlər var.

Qırğızıstanın çox böyük turizm imkanlarını qeyd etmək lazımdır. Artıq bunu Türkiyə yaxşı mənada dəyərləndirməyə başlayıb. Çox yerdə Türkiyə tərəfindən açılan universitetlər, məktəblər, turizm məkanları, dükanlarıyla rastlaşırsan. Təşkilatçılığı ilə simpoziumda iştirak etdiyim Manas Universiteti, Türkiyə və Qırğızıstan dövlətləri tərəfindən ortaq şəkildə qurulmuş və Qırğızıstanın bir nömrəli universitetlərindən biri hesab olunur.

Mehman Həsən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm