• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

“Pulu ödəyiblər, nüvə bombaları hazırdır!” - Pakistan qorxunc iddiaya cavab verdi

  • Dünya
  • 8 Dekabr 2016 13:52
  • 5 194 Baxış
“Pulu ödəyiblər, nüvə bombaları hazırdır!” - Pakistan qorxunc iddiaya cavab verdi

Pakistan xarici işlər nazirinin müavini Tasnim Aslam nüvə silahının satışı üzrə Səudiyyə Ərəbistanıyla razılaşmanın mövcudluğunu təkzib edib.

Publika.az xəbər verir ki, pakistanlı diplomat bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Belə razılaşma yoxdur”, - deyə nazir müavini KİV-də gedən informasiyaları şərh edib.

Diplomatın fikrincə, bu cür xəbərlərin əksəriyyəti Nyu-Dehlidən qaynaqlanır. “Biz həmişə nüvə silahının yayılmasına qarşı çıxmışıq. Pakistan hələ 1974-cü ildə Hindistan tərəfindən nüvə sınaqlarının keçirilməsinə kimi Cənubi Asiyada nüvə silahından azad zonanın yaradılmasını təklif edirdi”, - deyə Tasnim Aslam bildirib.

Onun sözlərinə görə, nüvə dövləti özünü daha məsuliyyətlə aparmağa məcburdur.

Qeyd edək ki, KİV-də Ər-Riyadın İslamabaddan nüvə silahı alacağı barədə xəbərlər dəfələrlə çıxıb.

İngiltərənin “Times” nəşri bir müddət əvvəl Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmağa hazır olduğunu iddia edib. “Səudiyyə Ərəbistanı üçün vaxt gəldi. Krallıqla Pakistan arasında uzun müddətdir icrasını gözləyən bir razılaşma var”, - nəşr adını açıqlamadığı amerikalı bir kəşfiyyat səlahiyyətlisinə istinad edərək yazıb.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında nüvə əməkdaşlığı barədə iddianı qiymətləndirən İngiltərənin keçmiş xarici işlər naziri Lord Devid Oven hesab edir ki, aralarındakı yaxın əlaqə və hərbi münasibətlər baxımından Pakistanın hər an Səudiyyəyə nüvə başlıqlı raketlər verə biləcəyini söyləmək olar.

Bölgədə gedən prosesləri izləyən mütəxəssislər hesab edir ki, İran, ardınca da Səudiyyənin nüvə silahı əldə etməsi bölgədəki digər ölkələrdə də bənzər istəyin baş qaldırmasına gətirib çıxara bilər.

BBC Səudiyyə Ərəbistanının əlində 2500 kilometr mənzilli və nüvə başlığı daşıya biləcək raketlər olduğunu yazıb. Britaniya telekanalı bundan əvvəl də Səudiyyə Ərəbistanı-Pakistan nüvə əməkdaşlığı barədə iddialar səsləndirilib. BBC hələ 2014-cü ildə Səudiyyənin faktiki olaraq, atom bombasına sahib olduğunu bildirib. Amma bu cür iddialar dəfələrlə gündəmə gəlsə də, heç vaxt təsdiqini tapmayıb.

Qeyd olunub ki, telekanala danışan çoxlu sayda mənbə Səudiyyə Ərəbistanının Pakistanın nüvə layihələrinə sərmayə qoyduğunu və bunun qarşılığında istədiyi zaman bu ölkədən nüvə başlıqları ala biləcəyini söyləyir. BBC-nin diplomatiya və müdafiə üzrə redaktoru Mark Urban sözügedən iddiaları şərh edərək ötən illərdə baş verənləri, gizli rəsmi yazışmaları, mütəxəssislərin fikirlərini xatırladıb. 2014-cü ilin əvvəlində NATO-nun üst səviyyəli bir səlahiyyətlisi Pakistanda Səudiyyə Ərəbistanı üçün istehsal olunan nüvə silahlarının nəql edilməsinə dair kəşfiyyat hesabatlarıni gördüyünü söyləmişdi.

2013-cü ilin ilin sonlarında isə İsrail hərbi kəşfiyyatının keçmiş rəhbərlərindən olan Amos Yadlın İsveçdə keçirilən bir konfransda bildirmişdi ki, İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı bir ay belə gözləməyəcək. “Pulu ödəyiblər, bombaları hazırdır. Pakistana gedib ehtiyacı olan qədər götürüb dönəcəklər”, - o deyib.

Ancaq Qərbin İsraildən sonra Yaxın Şərq regionunda ikinci bir dövlətə nüvə silahına sahib olmağa imkan verəcəyi heç inandırıcı görünmür. Bu, Qərbin NATO-dakı strateji partnyoru Türkiyə olsa belə.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR