NATO, yoxsa İslam dünyası - Türkiyə kimin üçün QAN TÖKƏCƏK?
Bizi izləyin

Dünya

NATO, yoxsa İslam dünyası - Türkiyə kimin üçün QAN TÖKƏCƏK?

Bu, ölkə üçün faciəli nəticələrə gətirib çıxara bilər.

Pakistan Quru Qoşunlarının sabiq komandanı general Rahil Şərif 39 islam ölkəsini birləşdirən və "İslam NATO"su adı ilə tanınan Terrorizmlə mübarizə üzrə İslam ölkələri Hərbi Koalisiyasının (İNAFT) rəhbəri təyin edilməsi beynəlxalq aləmdə müxtəlif reaksiyalara səbəb olub. Buna səbəb Pakistanın və islam dünyasının ən tanınmış generallarından biri hesab edilən Raxil Şərifin “İslam NATO-su”nu güclü hərbi quruma çevirə biləcəyi ehtimalıdır.

Şərifin gəlişi ilə ölü doğulam təşkilat dəyərli ittifaqa çevrilmək mümkün olacaqmı?

Publika.az Rusiyanın lenta.ru saytının bu mövzu ilə bağlı məqaləsini təqdim edir.

“İslam NATO-su”

Səudiyyə Ərəbistanında şəxsi hərbi blokun yaradılması ideyası çoxdan var idi. Yaxın Şərqin taleyinin Vaşinqtonda, Londonda və Moskvada həll edilməsi Ər-Riyadın xoşuna gəlmirdi. ABŞ-la münasibətlərin soyuması və İranla nüvə sazişi krallığı həyəcanlandırırdı. 2015-ci ilin dekabrında kral Salman IMAFT-ın yaradıldığını elan etdi. Əsas məqsəd kimi Suriya, İraq, Yəmən və Liviya ərazisində ekstremistlərlə mübarizə göstərilmişdi. İttifaqa 34 dövlət girdi, bir neçə ay sonra onların sayı 39-a qədər artdı. İran, Suriya və İraqdan başqa demək olar ki, bütün müsəlman ölkələri ittifaqa dəvət edilmişdi. Bu isə ittifaqı sünni təşkilatına çevirdi.

Səudiyyə Ərəbistanı tələsirdi: 2015-ci ilin dekabrında İraqda və Suriyada döyüş hərəkətlərində dönüş qeydə alındı. Rusiyanın dəstəyi ilə Suriya ordusu əsas yollar üzərində nəzarəti özünə qaytardı və Hələbin azad edilməsi üzrə əməliyyata başladı. Kürdlər Rakka-Mosul yolunu kəsdilər. Ekstremistlərin tezliklə dağılacağı görünürdü. Səudiyyə strateqləri əmin oldular ki, regionda yeni gücə ehtiyac var: islamı məhv etməyə çalışan “Qərb səlibçiləri” ilə bağlı olmayan.

Döyüşdə yoxlama

2016-cı ilin mart və aprelində Ər-Riyad IMAFT-ın 21 ölkəsindən olan qoşunların iştirakı ilə təlimlər keçirdi. “Şimal İldırımı” adını almış təlimlər şərti rəqibin tam dağıdılması ilə başa çatdı. Kral Salman müttəfiqlərlə birlikdə Suriya ərazisinə girməyə və günahkar terrorçuları cəzalandıracağına söz verdi.

Ancaq Yəməndə real döyüş arzuolunmaz nəticələr verdi. Aydın oldu ki, qələbə üçün pul kifayət etmir, bunun üçün daha hazır və peşəkar qoşunlar lazımdır. Regionun ən yüksək döyüş bacarığı olan üç ölkə Yəmən əməliyyatından yayındı: türklər və pakistanlılar öz ordularını ümumiyyətlə göndərməməyə qərar verdilər, misirlilər isə azsaylı kontingent göndərdilər. Səudiyyə Ərəbistanının özü isə Yəməndə xüsusi bacarıq nümayiş etdirə bilmədilər. Ər-Riyadda bu nəticəni çıxardılar: Türkiyə və Pakistan olmadan “İslam NATO-su” yaratmaq mümkün olmayacaq.

Kral üçün böyük hədiyyə

Səudiyyə türklərlə hələ 2015-ci ilin dekabrında işləməyə başladı. Kral Salman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı şəxsən qarşıladı, ölkələr strateji əməkdaşlıq haqqında müqaviləni imzaladılar. Bir neçə ay sonra kral Ankaraya cavab səfəri etdi.

Ankara və Ər-Riyada əməkdaşlıq hava kimi lazım idi. Rəcəb Tayyip Ərdoğan çoxdan anlayıb ki, Avropa İttifaqından dəvət gözləmək lazım deyil. Yaxın Şərqdə təsir zonasını genişləndirmək üçün Ankaraya partnyor lazımlı idi və neft ixracından qazandığı böyük miqdarda pul ehtiyatları ilə Səudiyyə Ərəbistanı bu rolu oynaya bilərdi. Bundan başqa, Səudiyyə Qahirədə baş verən hərbi çevrilişdən sonra pisləşən Türkiyə-Misir münasibətlərinin nizama salınmasında vasitəçi olmağa söz verdi.

Türkiyənin əməkdaşlığa hazır olması Səudiyyə üçün böyük hədiyyə idi. Türkiyə hərbi gücünə görə NATO-nun ikinci ordusuna və 80 milyonluq əhalisinə malikdir. Yaxın Şərqdə ABŞ-ın davranışı Ər-Riyadı qıcıqlandırırdı.

Məşhur türk jurnalisti İlnur Çevik yazırdı: “Bizim ölkələrimiz regionda aparıcı oyunçulardır. Onlar anlayırlar ki, ümumi tarixi mirasa malikdirlər və ümumi maraqları paylaşırlar. Regionda hazırda baş verənlər onların xoşuna gəlmir. Qərb ölkələri Yaxın Şərqin xəritəsini şəxsi maraqlar çərçivəsində çəkməyə çalışır. Bu, bizim zövqümüzə görə deyil”.

Nəticədə Türkiyənin İncirlik bazasında yerləşdirilən Səudiyyə təyyarələri İŞİD-in döyüşçülərini bombalayır, Türkiyənin, Səudiyyənin puluna alınan silahla Azad Suriya Ordusunu təchiz edirlər. Bununla belə Suriyanın şimalında Türkiyə hələ ki tək vuruşur.

Sevgi və nifrət

Pakistanlılarla bağlı vəziyyət isə daha mürəkkəbdir. Er-Riyad və İslamabad müttəfiqlər, eyni zamanda rəqiblərdir. Səudiyyə pakistanlılara nüvə silahının hazırlanması üçün pulla kömək etdilər. 1960-cı illərdən Pakistan hərbi kontingenti kral ailəsinin mühafizəsini təmin etmək üçün Səudiyyə Ərəbistanındadır. Digər tərəfdən, İslamabad Ər-Riyadın bütün müsəlman dünyasında lideri olmaq iddialarına qıcıqlanır.

2015-ci ilin dekabrında kral Salman yeni ittifaqa daxil olan ölkələri sadalayanda Pakistanın da adını çəkdi. Bu, İslamabadda böyük təəccüb doğurdu: səudiyyəlilər onların fikrini soruşmadan pakistanlıları müttəfiqlərin siyahısına daxil edib? Ancaq zamanla, Pakistan IMAFT-a girməyə razılaşdı. Baş nazir Navaz Şərif qonaqpərvərliyə görə özünü Ər-Riyada borclu hiss edirdi: o, 1999-cu ildə Pərviz Müşərrəf tərəfindən devriləndə Səudiyyəyə sığınmışdı. Amma parlament baş nazirin minnətdarlığına şərik olmadı. Pakistan deputatları öz əsgərlərini Ər-Riyadın maraqları üçün ölməyə göndərməkdən imtina etdilər.

İttifaqın konfiqurasiyası İslamabadı distansiyanı saxlamağa məcbur edirdi. Pakistan sünni dövləti olsa da, orada böyük şiə diasporu var. IMAFT-a birləşmə Tehranla münasibətlərin pisləşməsinə və ölkə daxilində dinlərarası gərginliyin artmasına gətirib çıxaracaq. Bundan başqa Pakistan iqtisadiyyatı İran nefti və qazına bağlıdır, Tehranın narazılığı ölkə üçün faciəli nəticələrə gətirib çıxara bilər.

Yeni təyinat

Və budur yanvarın əvvəlində xəbər yayılır: Pakistan Quru Qoşunlarının sabiq komandanı general Rahil Şərif IMAFT güclərinin baş komandanı vəzifəsini tuta bilər.

Bu, Pakistanda partlamış bomba effekti yaratdı. Buna qədər Ər-Riyad və Tehranın arasında məharətlə tarazlıq yaradan ölkə qəflətən Səudiyyə Ərəbistanının tərəfinə keçdi. KİV məyusluğunu gizlətmirdi: Pakistanda ən məşhur insanlardan biri olan Rahil Şərif vətəni atmağa və xain vəhhabilərə satılmağa qərar verdi?

Şərifin ətrafı dəqiqləşdirdilər ki, general Ər-Riyadın qarşısında üç məcburi şərt qoyub: öz üzərində nəzarətin olmaması, ittifaq üzvləri arasında mübahisə halında arbitr kimi çıxış etmək hüququ və İranın ittifaqa məcburi dəvəti.

Pakistan müdafiə naziri Xavac Asif əvvəlcə şəxsən baş nazirin razılığı ilə Rahil Şərifin yüksək təyinatından əminliklə danışırdı. Lakin o, sonradan öz mövqeyini qəflətən dəyişdirdi: guya danışıqlar aparılır, amma xaricdə hərbi xidmət üçün icazənin alınması barədə Rahil tərəfindən hələ müraciət edilməyib. Baş nazirin beynəlxalq işlər üzrə məsləhətçisi bildirdi ki, Ər-Riyaddan heç bir təklif almayıb. Mediada xaos artır, Rahil Şərifin özü isə hələ ki susur.

Əlbəttə, Səudiyyə üçün Pakistanı öz rəhbərliyi altındakı ittifaqa cəlb etmək çox yaxşı olardı. Dünyada altıncı ordu, böyük döyüş təcrübəsinə və nüvə silahına sahib dövlət IMAFT-ı ciddi bloka çevirəcək. Ancaq Rahilin təyinatı ciddi problemlər yaradır. Onlardan ən başlıcası İranın ittifaqa dəvətidir. Tehran razılaşsa, ittifaqı sadəcə parçalaya bilər.

Dumanlı gələcək

Müəyyən bir vaxta kimi “İslam NATO-su” bütün ideyası olduqca cəlbedici görünürdü: çox müxtəlif oyunçular, çox müxtəlif hədəflər və vahid rəqibin olmaması. Amma terrorizmə qarşı mübarizə haqqında bəyanatlar istehzalı təbəssümə səbəb olur. Nəzərə alaq ki, ittifaqın əsas üzvləri ya birbaşa, ya da dolayısı ilə terror qruplaşmalarını dəstəkləyir və onlardan öz hədəfləri üçün istifadə edirlər.

İttifaqın konfiqurasiyası həmçinin təəccüb doğurur. Pakistan ümid edir ki, ittifaq Hindistanla qarşıdurmada onun mövqelərini gücləndirəcək, Misir Sinayda terrorçuları zərərsizləşdirəcəyinə ümid edir. Amma nə İslamabad, nə də Qahirə bir-birinə kömək etmək arzusu ilə alışıb yanmır. Nəhayət, Türkiyə ümumiyyətlə başqa hərbi blokun tərkibinə daxildir. Əgər NATO və IMAFT arasında konflikt yaranacaqsa, onda nə olacaq?

İttifaqa şübhəli statusla ölkələr daxil olub: vətəndaş müharibəsi ilə parçalanan Liviya və de-fakto hissələrə bölünmüş Somali. Burada həmçinin Fələstin dövlət kimi iştirak edir. Bu, IMAFT-ı avtomatik İsraillə qarşıdurmaya çəkir. Amma Səudiyyə və Pakistan lazımı dəstək versələr, “İslam NATO-su”nda müvəffəqiyyət üçün real şans yaranacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm