Putinin böyük planları pula qurban verilir: “Ənənəvi dostlar” arasında SAVAŞ
Bizi izləyin

Dünya

Putinin böyük planları pula qurban verilir: “Ənənəvi dostlar” arasında SAVAŞ

"Avrasiya İqtisadi İttifaqı siyasi motivasiyalar sayəsində yaradılıb"

“Ənənəvi dostlar” - Rusiya və Belarus arasında münasibətlər getdikcə gərginləşir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) son qərarı münasibətlərdəki soyuqluğu daha da artırmış oldu. FTX Belarusla sərhəd boyunca “sərhəd zonası rejimi” tətbiq edib.

Əmr layihəsinin izahedici mətnində deyilir ki, FTX ölkə sərhədlərinin qorunması şəraitini və hüquqpozmalarla mübarizəni yaxşılaşdırmaq məqsədi güdür.

Lakin Rusiya və Belarus arasında tikilən sərhəd hələ də tamamlanmayan Avrasiya İqtisadi İttifaqının dağılmasının başlanğıcı ola bilər. Kremldə belə bir ehtimalı inkar edirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ümid etdiyini bildirib ki, ittifaqın dağılması qeyri-realdır.

Ekspertlər də birmənalı düşünmür. Belarusla “sərhəd zonası rejimi” Avrasiya İqtisadi İttifaqında yalnız Belarusu deyil, həm də qurumun digər üzvlərini təzyiq altında saxlayır. Belarus KİV-i isə ölkənin nəinki Avrasiya İqtisadi İttifaqından, həmçinin Rusiya ilə Belarus arasındakı İttifaq Dövləti sazişindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma ehtimalından yazıb.

Vizasız rejimə qarşı “sərhəd zonası rejimi”

Yeri gəlmişkən, Lukaşenkonun Moskvaya səfərinin tarixi də təsdiq edilməyib. Halbuki daha əvvəl səfərin fevralın 9-da reallaşacağı bildirilirdi.

Birincisi, bu işarə ola bilər ki, Moskva bütün mövcud razılıqları birinci pozdu.

Belarus prezidenti Aleksandr Lukaşenko bugünkü mətbuat konfransına kimi susurdu. Prezidenti mətbuat konfransında məhz Rusiyanı Belarusla dövlətlərarası müqavilələri pozmaqda ittiham etdi. “Hansısa bir nazir, “fsbeşnik” (Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu nəzərdə tutur –red.) və başqası bir anda bütün razılaşmaların üstündən xətt çəkir, öz əmrini dərc edir - 801, 802, 803. Mən hətta bu əmrlərin nömrələrini açıqlayıram”, - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə kəskinləşmə ona görə baş verib ki, Rusiyada Belarusun Qərbə gedəcəyi barədə sayıqlama ortaya çıxıb. Bundan başqa, Lukaşenko vurğulayıb ki, Rusiya rəhbərliyində olan müxtəlif siyasi güclər var, onlardan bir hissəsinin mövqeyi Rusiya prezidentinin mövqeyi ilə ziddiyyət təşkil edir:

“Son zamanlar vəziyyət pis istiqamətdə inkişaf edir. Amma yenə vurğulayıram: orada müxtəlif güclər var. Və prezident Vladimir Putin mənə birbaşa deyir: “Sən fikir vermə!”.

Belarus prezidenti Rusiyanın Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor") rəhbəri Sergey Dankvertə barəsində cinayət işi qaldırmağı təklif edib. O, Rosselxoznadzor"un başçısını Rusiyaya Belarus məhsullarının çatdırılmasına mane olmaqda günahlandırıb.

İkinci işarə, daha dəqiqdir: Moskva kobud formada bunu etdi. “Rusiya tərəfi ilkin xəbərdarlıqsız Belarusla sərhəddə sərhəd zonasının qurulması haqqında qərar qəbul etdi”, - deyə çərşənbə günü Belarus Xaici İşlər Nazirliyinin sözçüsü Mariya Vanşina bildirib.

FTX-nin qərarı görünməmiş qalmaqal hesab edilir. Digər tərəfdən, Belarusla sərhəd zonasının bərpası haqqında FTX-nin direktoru Aleksandr Bortnikovun əmrləri 1995-ci ilə qayıtmaqdır. Həmin vaxt Rusiya və Belarus arasında iki ölkənin sərhədlərini açıq elan edən Dostluq müqaviləsi yox idi.

Yanvarın 9-da isə Lukaşenko “Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması” barədə fərman imzalayıb. Fərmana görə, 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilər. Siyahıya Avropanın 39 ölkəsi, həmçinin ABŞ, Yaponiya, Braziliya, İndoneziya, Vyetnam, Haiti, Qambiya, Honduras, Hindistan, Çin, Livan, Namibiya və digər ölkələr daxil edilib.

Sərhədlərin bərpası haqqında Moskvanın qərarı da buna cavab kimi düşünülə bilər.Amma Lukaşenko bildirib ki, Belarusun 80 ölkə üçün vizasız rejimi tətbiq etməsi Rusiya üçün təhlükə törətmir. Kremldə bu sözləri qəbul edirlərmi? Deyəsən, yox.

“Son diktator” sərhədləri açdı

FTX sərhədləri 1995-ci ilə qaytardı. Digər tərəfdən, daha yaxın vaxtlarda “Avropanın son diktatoru” hesab edilən Lukaşenko Avropa ilə sərhədləri açdı. Rusiyanın Gazeta.ru saytı yazır ki, onun başqa seçimi yoxdur.

“Belarus iqtisadiyyatı kollaps həddindədir. Rusiyadan aldığı güzəştli kreditləri adət edilmiş təzyiq üsulları ilə uzatmaq daha alınmır. Lukaşenkonun bu səbəbdən oyunda paylarını yüksəltdi və Rusiya ilə açıq qarşıdurmaya getdi”, - sayt yazıb.

Minsk isə iqtisadi kollapsa görə məhz Avrasiya İqtisadi İttifaqını günahlandırır. Lukaşenko bildirib ki, Belarus Avrasiya İqtisadi İttifaqında bərabər olmayan qiymətlər və şərtlərə görə 15 milyard dollar itirib.

2016-cı ildə Belarusun ümumi daxili məhsulu rəsmi proqnoza görə, 0,3 faiz artmalı idi. Bu, fakt üzrə ümumi daxili məhsul 2015-ci illə müqayisədə 2,6 faiz azalıb və 94,3 milyard Belarus rublu təşkil edib. Yəni, Belarus iqtisadiyyatı zəifləyib və borclar artıb. Maliyyə Nazirliyinin məlumatına görə, dövlət borcu 2016-cı ilin əvvəlindən 1,199 milyard dollar və ya 9,6 faiz artaraq 2017-ci il 1 yanvar tarixində 13,6 milyard dollar təşkil edib.

Və Rusiyadan aldığı qaza görə borc 550 milyon dollara qədər artıb. Minsk bu borcu tanımadı, hətta öz ərazisi ilə Rusiya neftinin nəql edilməsi üzrə tranzit tariflərini yüksəltdi. Cavab olaraq Rusiya “Transneft” şirkəti ilin birinci rübündə neftin çatdırılmasını 4,5 milyon tondan 4 milyon tona qədər azaltdı. Yəni, Belarusun büdcəni doldurmaq və borclar üzrə ödəməyə başlamaq üçün daha bir imkanı aradan qalxdı.

"Birinci zəng o vaxt səsləndi ki, Lukaşenko Avrasiya İqtisadi İttifaqının gömrük kodeksini imzalamaq üçün Sankt-Peterburqa gəlmədi. Artıq Kremlin səbri tükənir”, - deyə Rusiya Politexnologiya Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin deyib.

Lukaşenko sonda kodeks imzalamağa razılaşdı, amma ekspertin sözlərinə görə, Avropa İttifaqı ilə sərhədlərin açılışı Lukaşenkonun Moskvaya təzyiq göstərmək cəhdidir.

Beynəlxalq Valyuta Fondundan tamaşaçıya oyun

Belarus Maliyyə Nazirliyi çərşənbə günü bildirdi ki, Avropa Sabitlik və İnkişaf Fondundan kreditin növbəti, üçüncü tranşını almağa bel bağlayırlar. Ötən il fondun Məsləhət Şurası Belarusa 2 milyard dollar məbləğində kreditinin ayrılmasını bəyənib. Birinci tranş (500 milyon dollar) 2016-cı il martın 30-da, ikinci tranş isə (300 milyon dollar) iyulda həyata keçirilib. Üçüncü tranş 2016-cı ilin sonuna kimi olmalı idi, amma dondurulub.

Eyni zamanda, Belarus paralel oynayır. Minsk Beynəlxalq Valyuta Fondundan maliyyə köməyini almağı arzu edərək sərhədləri açır. Əməkdaşlığın üçillik proqramının reallaşdırılması imkanı müzakirə edilir. Beynəlxalq Valyuta Fondu hakimiyyəti büdcə risklərinin azaldılması və islahatların kompleks strategiyasının reallaşdırılmasına çağırır. Fond həmçinin ictimai sənayedə əmək məhsuldarlığını artırmağı və kommunal xidmətlərin tariflərini yüksəltməyi məsləhət görür. Əks təqdirdə, Beynəlxalq Valyuta Fondu Minskin nəyin hesabına kreditləri qaytara biləcəyini anlamır.

Makarkin deyir ki, Belarus adət edilən siyasi kartı oynayır.

“Təəssüf ki, Avrasiya İqtisadi İttifaqında siyasi faktor həmişə birinci yerdə dayanır. Hərçənd əksinə, iqtisadi faktor birinci yerdə olmalıdır”,- deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin aparıcı elmi işçisi Aleksey Portanskiy söyləyib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı siyasi motivasiyalar sayəsində yaradılıb:

“Son iki ildə siyasi məqsədəuyğunluq postsovet məkanında inteqrasiyanı tormozlamağa başlayıb. Sərhədlərin bərpası, Belarusun Avrasiya İqtisadi İttifaqı və İttifaq Dövlətindən çıxışı haqqında deyilənlər bunun nümunəsidir”.

Sürprizlər mümkündür

Lakin ekspertlər yekdil fikirdədirlər ki, vəziyyəti dramatikləşdirmək hələlik lazım deyil. Onlar Aleksandr Lukaşenko və Qazaxıstan lideri Nursultan Nazarbayevin daha əvvəllər verdiyi “biz ittifaqdan çıxacağıq” tipli bəyanatları xatırladırlar. “Bu, mənfi haldır və vahid iqtisadi məkanın yaradılması üzrə 2025-ci ilə qədər hesablanan prosesi tormozlayır. Amma güzəştlər, ehtimal ki, tapılacaq”, - Portanskiy hesab edir.

Portanskiy deyir ki, Rusiyanın Avrasiya İqtisadi İttifaqındakı digər müttəfiqləri şəxsi davranışlarını müəyyənləşdirmək üçün Moskva və Minsk arasında münaqişənin nə qədər bitəcəyini gözləyəcəklər.

Makarkin isə qeyd edir ki, qatı dostların ənənəvi münaqişəsi bu dəfə çox uzağa getdi. “Rusiyada əvvəllər olan pul indi yoxdur. Bu halda dostluğu davam etdirmək daha çətin olub və bu səbəbdən də Moskva Minskə sürprizi təqdim edə bilər”, - deyə Makarkin yekunlaşdırıb.

Lukaşenkonun özü isə əmindir ki, Moskva və Minsk bütün mübahisəli məsələləri həll edərək razılaşa biləcək. Dövlət başçısının sözlərinə görə, prezident olduğu dövrdə imkan verməyəcək ki, kimsə Rusiyaya daş atsın.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm