“Brexit” və Trampdan sonra... – QİYAMƏT TƏXİRƏ SALINDI
Bizi izləyin

Dünya

“Brexit” və Trampdan sonra... – QİYAMƏT TƏXİRƏ SALINDI

Niderlandda maraqla gözlənilən parlament seçkilərinin nəticələri dəqiqləşdi. Avropanın, bütün dünyanın əsas diqqəti ultrasağçıların qələbə qazanıb-qazanmayacağına yönəlmişdi. Lakin bu baş vermədi.

Seçkilərdə 33 mandat qazanan baş nazir Mark Ruttenin lideri olduğu Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) qələbə qazandı. Bununla belə, Rutte 2012-ci ildə keçirilən seçkilərdə qazandığı səslərin (41 mandat qazanmışdı) xeyli hissəsini itirdi.

Seçkilərin nəticələri ilə bağlı danışan Rutte “Brexit” və ABŞ-da Trampın qələbə qazanmasından sonra Niderlandın səhv olan populizmə “xeyr” dediyini bildirdi: “Artıq kampaniya başa çatdı. Birlikdə sabit bir hökumət qurmaq lazımdır”.

Gözlədiyi partlayışı edə bilməyən irqçi lider Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) isə ikinci oldu. Rutteyə verlən xalq dəstəyi Avropa İttifaqının (Aİ) rahata nəfəs almasına gətirib çıxardı. Lakin 20 mandan qazanan PVV-nin xeyli güclənməsi diqqət çəkdi. Partiya 2012-ci ildəki seçkilərdə 15 millət vəkili ilə parlamentdə təmsil olunmaq hüququ qazanmışdı.

“Rutteni məğlub etmək istəyərdim, amma çox təəssüf ki, bu olmadı. Daha çox səs gözləyirdim”, - Vilders seçkilərin nəticələrini qiymətləndirib.

Bununla belə parlamentdəki yerlərinin sayını artıraraq qazanc əldə etdiklərini söyləyən Vilders koalisiya müzakirələri üçün hazır olduğunu bildirib. İrqçi lider baş nazirin onun əlində hələ xilas olmadığını vurğulayıb.

PVV-ni 19 millət vəkili ilə Aİ-nin tərəfdarı Demokratlar 66 (D66) və son zamanlar anti-islam bəyanatları ilə gündəmdə olan Xristian Demokrat Partiyası (CDA) izlədi. Həm D66, həm də CDA 2012-ci seçkiləri ilə müqayisədə səslərini artıra bildi.

30 yaşındakı Jesse Klaverin lideri olduğu Yaşıl Sol (GL) səslərini xeyli artırdı. Partiya güclü kampaniyası ilə 2012-də 4 olan millət vəkili sayını 14-ə yüksəltməyi bacardı. Partiya lideri seçkilərdəki müvəffəqiyyətini həyat yoldaşı Jolen Klaveri öpərək qeyd etdi.

Sosialist Partiyası (SP) bir mandat itirməklə parlamentdə 14 yer qazandı. Seçkilərdə ən böyük məğlubiyyəti Sosial Demokrat İşçi Partiyası (PvdA) yaşadı. 2012-ci ldə 38 mandat qazanan partiya 29 kürsü itirdi. PvdA-nın ağır məğlubiyyətə uğramasında irəli sürdüyü “kəmər sıxma” siyasətinin böyük təsiri oldu.

Xristian Birlik (CU) 5, Heyvanlar Partiyası (PvdD) 5, Sosial İslahat Partiyası (SGP) 3 və Demokratiya Forumu (FvD) isə 2 kürsü ilə kifayətlənməli olub. Seçkilərdə türk mənşəli 3 nəfər millət vəkili adını qazanıb.

Seçkilərinin son rəsmi nəticələri martın 21-də açıqlanacaq.

Seçkilərin nəticələrinə görə, heç bir partiya təkbaşına hökumət quracaq əksəriyyət əldə edə bilməyib. Ən az dörd partiyalı bir koalisiya hökumətinin qurulması gözlənilir. Son rəsmi nəticələrin açıqlanmasından sonra koalisiya hökumətinin qurulması üçün müzakirələr başlayacaq. Prosesin həftələr, hətta aylar sürəcəyi gözlənilir. Niderlandda 1977-ci il seçkilərindən 208, 2012-ci ildə isə 54 gün sonra hökumət qurulub.

Gözləntilərə görə, VVD CDA və Aİ tərəfdarı D66 ilə hökumət qurmaq istəyəcək. Ancaq lazım olan 76 mandatı (Niderland parlamenti 150 yerlikdir –red.) əldə etmək üçün dördüncü partiyaya ehtiyac duyulur. Bu vəziyyətdə, GL, PvdA və ya CU ilə hökumətin qurulması gündəmə gələ bilər.

Ruttenin hökuməti qura bilməyəcəyi halda sol partiyalar GL, PvdA və SP-nin CDA və D66 ilə bir araya gələrək koalisiyanın qurulması da mümkün ssenarilər arasında nəzərdən keçirilir. Heç bir partiyanın irqçi Vildersin partiyası ilə hökumət qurmaq istəmədiyi deyilir.

Seçkilər Aİ ölkələri tərəfindən də yaxından izlənilirdi. Bildirilirdi ki, Vildersin qələbəsi aprel ayında Fransa və sentyabr ayında Almaniyada keçiriləcək seçkilərə təsir edə bilərdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm