“Prezidentin ölümündə...” - Moskvaya qarşı ŞOK İTTİHAM
Bizi izləyin

Dünya

“Prezidentin ölümündə...” - Moskvaya qarşı ŞOK İTTİHAM

Rusiya dispetçerləri və “üçüncü şəxs”in ünvanına yeni ittihamlar...

Polşa baş prokurorluğu Smolenskdə Tu-154M təyyarəsinin qəzaya uğramasına görə Rusiya dispetçerləri və “üçüncü şəxs”in ünvanına ittihamlar səsləndirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ittihamları Varşavada Polşanın baş prokurorunun müavini Marek Poşenek mətbuat konfransında irəli sürüb.

“İstintaqın gedişatında əldə edilən sübutlar prokurorlara aviadispetçerlər barəsində yeni ittihamları irəli sürməyə imkan verir. Həmçinin uçuşları idarə edilməsi məntəqəsində olan üçüncü şəxs qəzanı qəsdən provokasiya edib. Bu, çox sayda insanın həlak olmasına gətirib çıxarıb”, - Marek Poşenek deyib.

O qeyd edib ki, Polşa Rusiya aviadispetçerlərinin dindirilməsi üçün hüquqi yardım haqqında sorğu ilə Rusiyaya müraciət edəcək.

Kremlin sözçüsü Dmitri Peskov Varşavadan səsləndirilən ittihamlara cavab verib. O bildirib ki, Moskva Polşa Baş prokurorluğunun gəldiyi nəticələrlə razı deyil.

“Qəza kifayət qədər ciddi tədqiq edilib və öyrənilib. Və əlbəttə, belə nəticələrlə razılaşmaq mümkün deyil”, - Peskov qeyd edib.

O əlavə edib ki, Rusiyanın istintaq orqanları məsələ ilə məşğul olur və iş davam edəcək.

Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə prezident və xanımı da daxil olmaqla, təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.

Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. 2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə pilotların məsuliyyət daşıdığını bəyan edib.

Polşa mütəxəssisləri isə Beynəlxalq Aviasiya Komitəsinin yekun rəyi ilə razılaşmadılar. Varşava Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham edib.

2015-ci ilin dekabrında Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında bildirib ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib: “Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”.

Ötən ilin sentyabrında Polşanın müdafiə naziri Antoni Masereviç “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib ki, Tu-154M təyyarəsinin qəzası Moskvanın hədəfi idi.

“Rusiya dispetçerləri və hakimiyyətin hərəkətlərinin hədəfi prezident Kaçinski və bütöv nümayəndə heyətinin içində olduğu təyyarənin qəzası idi. Bizdə hazırda əsl sübutlar var. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Bizdə bu komissiyanın üzvlərinin dəhşətli etirafları var”, - Masereviç bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm