Otuz beş il əvvəl başqa bir qadın… - Yenə MÜHARİBƏ və yenə QADIN
Bizi izləyin

Dünya

Otuz beş il əvvəl başqa bir qadın… - Yenə MÜHARİBƏ və yenə QADIN

O, müsahibədə birmənalı olaraq analoji münaqişənin olacağına işarə edib.

Böyük Britaniyanın Avropa İttifaqı ilə ikiillik danışıqlarının başlanması haqqında rəsmi elandan dərhal sonra onun mövqeyindəki zəif yeri xatırlatdılar. Söhbət Birləşmiş Krallığın xarici ərazisi kimi Cəbəllütariqin (ing. Gibraltar) statusundan gedir.

Yarımadanın iqtisadiyyatı İspaniyadan güclü şəkildə asılıdır və çoxdandır ki, heç olmasa Cəbəllütariq üzərində hakimiyyəti bölüşdürmək istəyir. Amma onun üzərində nəzarəti tamamilə ələ keçirmək daha yaxşı olardı. Buna cavab olaraq Britaniya “sonuna kimi gedəcəyinə” söz verir. Amma ehtimal ki, ikinci Folklend müharibəsinə başlamağa hazır deyillər.

Amma 2003-cü ildən 2005-ci ilə qədər Mühafizəkarlar Partiyasına başçılıq etmiş Britaniya siyasətçisi Maykl Hovard Folklend adaları üçün 1982-ci ildə Böyük Britaniya və Argentina arasında olan müharibə ilə Cəbəllütariq üzərində nəzarət uğrunda İspaniya ilə qarşıdurmanı müqayisə edib. O, “Channel 4” telekanalına müsahibəsində birmənalı olaraq analoji münaqişənin olacağına işarə edib.

İspaniyanın xarici işlər naziri Alfonso Dastis Cəbəllütariqin statusu haqqında daha çox diplomata xas şəkildə fikrini bildirdi. “Folklendlə Cəbəllütariqin müqayisəsi şeylərin kontekstdən çıxarılmasıdır. Görünür ki, Böyük Britaniyada kimsə səbrini itirir”, - o bazar ertəsi Madriddə mətbuat konfransında deyib.

Cəbəllütariqin sahəsi 6,8 kvadrat kilometr təşkil edir. Pireney yarımadasının cənub hissəsində yerləşən və tək qonşusu İspaniya olan ölkə 1713-cü ildən Birləşmiş Krallığın idarəçiliyi altındadır. 1704-cü ildə İngiltərə və Hollandiya qoşunları tərəfindən işğal edilmiş Cəbəllütariq 1713-cü ildə İspaniya tərəfindən rəsmən Böyük Britaniyaya verilib.

Madrid Pireney yarımadasının bu hissəsində müstəmləkəçiliyin ləğv edilməsinə çalışır, London isə bu məsələnin müzakirəsindən həmişə imtina edir. İspaniya 1969-cu ildə - Fransisko Frankonun idarəsi zamanı yerli sakinlər üçün hərəkəti çətinləşdirərək və yarımadanın iqtisadi inkişafına mane olaraq hətta Cəbəllütariqlə sərhədi bağladı. 1985-ci ildən sərhəd açıldı ki, Cəbəllütariqə Avropa İttifaqına (ərazinin sakinləri Avropa İttifaqı və Birləşmiş Krallığın pasportlarına malikdir) qoşulmağa icazə verildi. 2002-ci ildə Cəbəllütariqdə keçirilən referendumda əhalinin 99 faizi İspaniya ilə Britaniyanın birgə suverenliyini rədd edib.

Hazırda burada adambaşına düşən ümumi daxili məhsul dünyada ən yüksək göstəricilərdən biridir və 50 min avrodan çox təşkil edir. 2015-2016-cı illərdə iqtisadiyyatın inkişafı 10 faizi keçdi və bu, Avropa İttifaqı üçün xarakterik olmayan göstəricidir. “Open Britain” təşkilatının bu yaxınlardakı məruzəsi Cəbəllütariq və İspaniya arasında insanlar və malların azad hərəkətinin əhəmiyyətini göstərir: əraziyə gələn turistlərin 94, malların isə 95 faizi materik istiqamətindən, yəni İspaniyadan gəlir. Cəbəllütariqdə kənd təsərrüfatı yoxdur, faktiki olaraq xidmət sahəsi, dəniz daşınmalarının təşkili, gəmilərin yanacaqla doldurması və onlayn oyunların sənayesi iqtisadiyyatın əsasını təşkil edir. “Financial Times” qeyd edir ki, iş qüvvəsinin təxminən yarısı – 12 min insan hər gün məhz İspaniyadan gəlir. “Brexit” üzrə danışıqların müddəalarından biri işçi qüvvəsinin azad hərəkətinin dayandırılmasıdır. Gözləmək qəribə ki, Cəbəllütariq Avropa İttifaqı üçün istisna təşkil edəcək. Bundan başqa, Avropa İttifaqının indiki qanunvericiliyinə görə, Cəbəllütariqdə xüsusi gömrük şərtləri qüvvədədir. Yəqin ki, o bu imtiyazlardan məhrum ediləcək. Yada salaq ki, Britaniyanın Avropa İttifaqından çıxışı üçün keçirilən referendumda Cəbəllütariqin əhalisinin 96 faizi qurumda qalmaq üçün səs verib.

Maykl Hovard Folklend müharibəsini İspaniya-Britaniya qarşıdurması ilə müqayisəsi bəzi Britaniya KİV-lərində sevinclə qarşılansa da, krallığın baş naziri Tereza Mey başqa fikirdədir. Baş nazirin sözlərinə görə, İspaniya Avropa İttifaqıyla danışıqlarda onun müttəfiqi ola bilər. Martin 29-da Mey “Brexit” üzrə danışıqların ikiillik prosesinin başlandığını elan edib. London Böyük Britaniyanın qurumdan çıxış şərtlərini müəyyən etməli və özünün ən böyük satış bazarı ilə yeni münasibətləri qurmalıdır.

Meyin mətbuat katibi Qreq Svift deyib ki, Cəbəllütariqə “Folklend adaları üslubu”nda operativ qrupun göndərilməsi haqqında Hovardın təklifi parlamentdə dəstək tapmayacaq. O həmçinin əlavə edib ki, Avropa İttifaqından çıxış məsələləri üzrə nazir Devid Devis aprelin 3-də İspaniyada Alfonso Dastislə görüşüb. Görüş bir neçə həftə əvvəl planlaşdırılmışdı və təsadüfən Cəbəllütariq haqqında mübahisə ilə üst-üstə düşüb.

Hollandiya xarici işlǝr naziri Bert Konders Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə Cəbəllütariqi “xüsusilə nümunə” adlandırdı.

"Cəbəllütariq nümunəsində çox yaxşı görünür ki, boşanma prosesi mürəkkəb olacaq. Biz sakit olmalı və kəskin ifadələrdən istifadə etməməliyik. Gəlin, sadəcə razılaşaq. Düşünürəm ki, bu çox əhəmiyyətli”, - Bert Konders jurnalistlərə deyib.

Gələcək problemin birinci əlaməti ötən həftənin cümə günü çıxdı. Aydın oldu ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk İspaniyaya həlledici söz verib ki, Böyük Britaniya ilə danışıqlar zamanı Cəbəllütariqə aid olan məsələləri həll ediləcəklər. Bu addım Böyük Britaniya və Cəbəllütariq üçün şok oldu. Çünki ispan nazirləri xarici ərazi üzərində nəzarətin bölüşdürülməsini təklif etdilər. Bazar günü Cəbəllütariqin baş naziri Fabian Pikardo Tereza Meylə zəngləşdi və ondan təminat aldı ki, Cəbəllütariqin maraqları qorunacaq və ərazinin statusu danışıqların predmeti olmayacaq.

“Hökumətin mövqeyi tamamilə aydındır və Cəbəllütariqin suveren müstəqilliyi dəyişməz qalır. O dəyişməyəcək, Cəbəllütariq və Birləşmiş Krallıq sakinlərinin razılığı olmadan dəyişə bilməz. Buna görə inamla demək olar ki, heç bir dəyişiklik olmayacaq”, - Lüksemburqda Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib.

Amma hamı belə sakit deyil.

“Otuz beş il əvvəl aprelin 2-də (1982-ci il aprelin 2-də başlanan Folklend müharibəsinin nəzərdə tutur –red.) başqa qadın baş nazir (Marqaret Tetçer –red.) başqa ispandilli ölkədən britaniyalıların kiçik qrupunu qorumaq üçün döyüşçülərini göndərdi. Mən tamamilə əminəm ki, indiki baş nazir də Cəbəllütariq xalqı barəsində eyni qətiyyəti göstərəcək”, - Hovard “Sky News” telekanalına müsahibəsində bildirib.

Onun davakar əhval-ruhiyyəsi bəzi Britaniya qəzetlərinin gündəmi oldu. “The Telergaph” iki ölkənin hərbi dəniz qüvvələrinin nisbi sayı haqqında hərbi ekspertlər arasında sorğu keçirdi və nəticəyə gəldi ki, hətta ixtisarlara məruz qalmış Kral donanması İspaniyaya zərər vura bilər. Oxşar material “The Sun” dərc etdi. Nəşr Folklend adalarında müharibə zamanı istifadə olunmuş “Exocet” raketləri haqqında oxuculara məlumat verdi.

Baxmayaraq ki, İspaniya ilə Böyük Britaniya arasında müharibə ağlasığmaz görünür, amma Cəbəllütariq ətrafında mübahisələr qarşıdakı danışıqlarda bu məsələnin qaldırılacağını göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm