Prezident 45 dəqiqəyə öldürüldü: “Fırtına-333” adlı MƏXFİ ƏMƏLİYYAT
Bizi izləyin

Dünya

Prezident 45 dəqiqəyə öldürüldü: “Fırtına-333” adlı MƏXFİ ƏMƏLİYYAT

“Bizə kömək edəcəklər”

SSRİ-nin Əfqanıstana ordu yeritməsi sonun başlanğıcı idi. Halbuki, Kreml müharibəni asanlıqla udacağına o qədər inanırdı ki?! Çünki qoşunları SSRİ üçün əsil bataqlığa çevriləcək bu torpaqlara göndərməmişdən öncə, əfqan prezidentinin öldürülməsi üçün xüsusi təyinatlı qüvvələrini Kabilə yeritmişdi. Və Moskvaya görə, bu qalibiyyəti gətirəcək amil olacaqdı.

Publika.az SSRİ xüsusi təyinatlı qrupunun Əfqanıstan prezdentini öldürdüyü məxfi əməliyyat haqda detalları təqdim edir.


Həmin vaxt Əfqanıstana Nur Məhəməd Taraki rəhbərlik edirdi. O, Əfqanıstan Kommunist Partiyasının banisi idi və SSRİ-nin ən yaxın müttəfiqi hesab olunurdu. Öz prezidentliyi dövründə ölkəsini müəyyən qədər inkişaf etdirməyi bacarmışdı. Tarakinin sağ əli olan Hafizullah Amin ona qarşı qiyam qaldırdı. 1978-ci ilin 14 sentyabrında prezidentin iqamətgahında Hafizullah Aminin mühafizəsi ilə prezidentin mühafizəsi arasında atışma oldu. Bu, onların tərəfdarlarının qarşılıqlı ittihamlarına səbəb oldu, nəticədə prezident Taraki həbs olundu. Tarakinin necə öldürüldüyü indiyə qədər gizli qalır, yalnız o məlumdur ki, onu Amin aradan götürüb.

Hafizullah Amin prezident olan kimi diktator rejimi yaratdı və SSRİ-dən uzaqlaşdı. 104 günlük hakimiyyəti dövründə Amin Pakistan və ABŞ-la əməkdaşlığı inkişaf etdirdi. Siyasi kursun dəyişikliyi Moskvada narahatlıq yaratdı və sovet qoşunlarının Əfqanıstana girməsinə səbəb oldu.

Kreml xüsusi təyinatlı qüvvələrə Əfqanıstanda strateji obyektləri ələ keçirmək əmri verdi. Sovet qüvvələri bir neçə saat ərzində 13 strateji obyektə nəzarəti ələ aldı. Bu obyektlər arasında Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin binası da var idi. Lakin Moskva üçün əsas məsələ Aminin aradan götürülməsi idi.

Aminin iqamətgahı olan Tac-Bəy sarayına hücum sovet bölmələrinin ən uğurlu əməliyyatlarından biri kimi xatırlanır. Bu əməliyyatı “Alfa” xüsusi təyinatlı qrupu həyata keçirirdi. “Alfa” qrupu 1974-cü ildə Yuri Andropovun (Andropov həmin vaxt Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini tuturdu-red) təşəbbüsü ilə yaradılmışdı.

Mark Qaleotti “Rusiyanın xüsusi təyinatlı gücləri” adlı kitabında yazır ki, “Alfa” qrupunun Tac-Bəy sarayına hücumu döyüşdə ilk iştirakı idi.

Əməliyyatda “Alfa” qrupunun 24, DTK-nın “Zenit” qrupunun 30, paraşüt-desant bölüyünün 87, 154-cü xüsusi təyinatlı batalyonun 520 döyüşçüsü iştirak edirdi. 154-cü batalyon “müsəlman” batalyonu kimi məşhurdur. Çünki bu batalyon əsasən SSRİ-nin cənub respublikalarının nümayəndələrindən formalaşdırılmışdı. Batalyonun əsgərləri əfqan ordusunun formasını geyinmiş 600 döyüşçüdən ibarət idi. Onları yalnız sağ əllərinə bağladıqları sarğı ilə seçmək mümkün idi. Sarğını ona görə bağlayırdılar ki, özlərini vurmasınlar.

Amin düşünmürdü ki, SSRİ-i onu öldürəcək. O, “müsəlman” batalyonunun Əfqanıstanda yerləşməsinə ekstremistlərə qarşı mübarizə üçün icazə verdi. Əməliyyatın başlanmasına iki gün qalmış Kabil yaxınlığında Lil-76 təyyarəsi vuruldu və bütün heyət, o cümlədən, göyərtədə olan 37 sovet desantı həlak oldu.

45 dəqiqəlik əməliyyat

1920-ci ildə əfqan kralının ailəsi üçün Avropa memarlıq üslubunda inşa olunmuş Tac-Bəy sarayı sovet güclərinin son hədəfi idi. Bu bina çox yaşı qorunurdu. Saraya yalnız üzüyuxarı əyri-üyrü cığırla yaxınlaşmaq mümkün idi. Cığırın sonunda T-54 tankı və pulemyotlar var idi. Bundan başqa sovet xüsusi bölmələri Aminin 1000-dən çox mühafizəçisi ilə döyüşməli idi.

- 27 dekabr 1979-cu il, saat 19:15: “Fırtına-333” adlı məxfi əməliyyat başlandı. Kabildə telefon şəbəkəsi partladıldı.

- 19:30-da əfqan əsgərlərinin arasına girmiş “müsəlman” batalyonu hökumət güclərinə qarşı qəfil hücum etdi. “Alfa” və “Zenit” döyüşçüləri isə Aminin şəxfi mühafizəsinə hücum etdi və sarayı otaq-otaq zəbt etdilər. 45 dəqiqə sonra əməliyyat başa çatdı və Amin öldürüldü. Lakin məlum deyil ki, Amin hücum zamanı öldürüldü, yoxsa hücumdan sonra.

Hücumun başlanğıcında Amin güman edirdi ki, hücum edənlər ekstremistlərdir və SSRİ onun tərəfindədir.

“Bizə kömək edəcəklər” – atışma başlayanda o öz köməkçilərindən birini inandırırdı. Köməkçi ona deyəndə ki, hücumu sovet əsgərləri həyata keçirir, bu, Amin üçün böyük zərbə oldu. Rəsmi versiyaya görə, sonuncu dəfə Amini “Adidas” futbolkasında əlindəki silahı ümidcəsinə sıxanda görmüşdülər. “Alfa” qrupunun döyüşçüləri 19:45-də onu tutdular və oğulu ilə birlikdə öldürdülər.

Döyüş zamanı yüzlərlə əfqan əsgəri öldürüldü. Lakin müqayisədə sovet bölgələri demək olar ki, itki vermədi. “Alfa” qrupundan 2, “Zenit”dən 3, paraşüt-desant bölüyündən 9, “müsəlman” batalyonunda 5 döyüşçü həlak olmuşdu.

Sonradan məlum oldu ki, “Alfa” və “Zenit”in bir sıra döyüşçüləri “müsəlman” batalyonunun tərkibində əfqan əsgərlərinin arasına qarışıbmış. Həmçinin, Aminin mühafizəsində də “Alfa” qrupunun bir neçə döyüşçüsü var idi. Əməliyyatın uğurlu olmasında məhz bu maskalanma da böyük rol oynadı.

SSRİ-i Amini öldürəndən sonra, Əfqanıstana qoşun yeritdi. Moskva onda inanırdı ki, əsas uğur prezidentin öldürülməsi ilə qazanılıb və qısa müddətdə Əfqanıstan müharibəsi başa çatacaq. Lakin hər şey tamamilə başqa cür oldu və sovet əsgərləri 10 il boyunca əfqan dağlarında döyüşməli oldular. Nəticədə bu, “qırmızı imperiya”nın süqutunu sürətləndirdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm