“Müharibə ehtimalı çox yüksəkdir” - QORXUNC PROQNOZ
Bizi izləyin

Dünya

“Müharibə ehtimalı çox yüksəkdir” - QORXUNC PROQNOZ

Pxenyanda nüvə arsenalının mövcudluğu qəbuledilməzdir.

“Pxenyanla danışıqlar Vaşinqton tərəfindən “iblislə saziş” kimi qəbul edilir”.

Publika.az xəbər verir ki, bunu Koreya yarımadası ətrafındakı vəziyyəti şərh edən Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun Koreya tədqiqatları mərkəzinin aparıcı elmi işçisi Konstantin Asmolov “RİA-Novosti” agentliyinə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdə ABŞ-ın Koreya Xalq Demokratik Respublikasına qarşı güc tətbiqi ehtimalı çox yüksəkdir.

“Birincisi, Koreya Xalq Demokratik Respublikasının demonizasiyası elə səviyyəyə çatıb ki, Pxenyanla danışıqlar ABŞ-da “iblislə saziş” kimi qəbul ediləcək. İkincisi, indiki vəziyyətdə Tramp sərt prezident olduğunu göstərməyə məcburdur. Üçüncüsü, Trampın yüksək səviyyəli məsləhətçiləri yoxdur”, - Asmolov hesab edir.

Qeyd edək ki, ABŞ iki gün əvvəl gözlənilmədən Cənubi Koreya sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi zərbə qrupunu göndərib. Zərbə qrupu əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, sonradan Sinqapurdan Koreya yarımadasına doğru hərəkət etməyə başlayıb. Zərbə qrupuna “Carl Vinson” təyyarədaşıyandan başqa, iki esmines və idarə olunan raketlərlə təchiz edilən bir kreyser daxildir. Kreyser ballistik raketləri zərərsizləşdirə bilən sistemlə də təchiz olunub.

Bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster hərbi donanmanın zərbə qrupunun Koreya yarımadası sahillərinə göndərilməsi barədə qərarı qanunauyğun adlandırıb. O vurğulayıb ki, Pxenyanda nüvə arsenalının mövcudluğu qəbuledilməzdir. O əlavə edib ki, Donald Tramp bu təhlükənin aradan qaldırılması məqsədilə imkanların bütün spektrini təklif etmək üçün hərbçilərdən hazır olmağı xahiş edib.

Daha əvvəl NBC kanalının verdiyi xəbərə görə, ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaratdığı nüvə təhdidi probleminin həlli üçün bir neçə variant təklif edib. Variantlar arasında Cənubi Koreya ərazisində Amerikanın nüvə raketlərinin yerləşdirilməsi, kiberhücumlar, həmçinin KXDR-in lideri Kim Çen Inın qətli var.

Vaşinqtonda ümid edirlər ki, Çin diplomatiya və sanksiyalardan istifadə edərək Pxenyanı nüvə proqramının inkişafından imtina etməyə inandıra biləcək. Amma KXDR nüvə proqramının inkişafında israrını davam etdirərsə, ABŞ sözügedən ssanarilərdən birinin tətbiqini nəzərdən keçirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm