Yeni cəbhə xətti: Kremlin yandırdığı atəşə NATO yağ tökür
Bizi izləyin

Dünya

Yeni cəbhə xətti: Kremlin yandırdığı atəşə NATO yağ tökür

Yeni cəbhə xətti: Kremlin yandırdığı atəşə NATO yağ tökür

Şimali Atlantika İttifaqının (NATO) baş katibinin müavini Aleksandr Verşbou dünən Moldovaya səfər edib.

Publika.az – ın verdiyi xəbərə görə, NATO rəsmisi “Azadlıq” radiosuna bir gün əvvəl verdiyi açıqlamasında Rusiya ilə Ukrayna arasındakı gərginlikdən Moldovanın təşvişə düşdüyünü bildirib.

Moldova hökumətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, A.Verşbou prezident Nikolay Timofti, baş nazir Yuriye Lyanke və parlament sədri İqor Koromanom ilə görüşəcək. Kişnyov İctimai Siyasət İnstitutunun rəhbəri Arkadi Barbaroşienin sözlərinə görə, Verşbounu məhz Moldova hakimiyyəti dəvət edib. Məqsəd isə ölkənin müdafiəsinin möhkəmləndirilməsində ittifaqdan yardım istəməkdir.

A.Barbaroşie qeyd edir ki, NATO rəsmisinin Moldovada aparacağı danışıqların mərkəzində ordunun möhkəmləndirilməsi məsələsi olacaq. “Ən azından Dnestryanı ərazinin hərbi potensialının səviyyəsinə qədər ordunu gücləndirmək barədə düşünülür. Əgər Moldova və Dnestryanı ordularını müqayisə etsək, o halda ikincinin üstün olduğu görünür. Dnestryanıda 20-dən çox tank var. Halbuki, Moldaviya ordusunda bu qədər yoxdur. Bundan başqa, Dnestryanıda ağır zirehli texnika var. Burada Rusiya hərbi qruplaşması yerləşdirilib və daim yeni silahlarla təchiz edilir. Moldova hakimiyyətinin narahatlığı üçün əsaslar var”, - A.Barbaroşie bildirir.

Moldovalı politoloq Ukrayna hadisələri fonunda regionda vəziyyətin kəskinləşməsini istisna etmir. Amma onun sözlərinə görə, Rusiya çətin ki, Dnestryanı ərazinin müstəqilliyini tanısın: “Odessa Ukrayna ərazisidir. Əks halda tanınmamış respublika anklava çevriləcək. Hansı ki, heç bir çıxışı yoxdur. Bunu bir neçə gün əvvəl Rusiya baş nazirin müavini Dmitri Roqozinin Tiraspola səfəri də göstərdi. Ukrayna onun uçduğu təyyarəyə öz hava məkanını bağladı. Baxmayaraq ki, Moldova neytral dövlətdir, o NATO ilə münasibətləri inkişaf etdirir”.

Qeyd edək ki, D.Roqozin 9 May Qələbə Günü münasibəti ilə Tiraspolda keçirilən hərbi paradda iştirak edib. Onun Dnestryanı əraziyə səfəri qalmaqalla yadda qaldı. Kiyev onun Ukrayna hava sahəsi ilə uçmasına icazə vermədi. Baş nazirin müavini Bolqarıstan və Rumıniya vasitəsilə uçmağa məcbur oldu.

D.Roqozin hədələyi tonda bəyanat verərək Dnestryanı əraziyə növbəti dəfə “Tu-160” səsdən sürətli strateji bombardmançı təyyarə ilə gedəcəyini bildirdi. D.Roqozin həmçinin Moldovanın Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalayacağı halda, Moskva tərəfindən sərt cavab tədbirlərinin görüləcəyini bildirib.

“Artıq münasibətlər əvvəlki kimi olmayacaq. Əminəm ki, Avropa Birliyi ilə assosiasiya haqqında razılaşma Moldovanın neytral statusunun dəyişməsidir. Müəyyən bir qayda var ki, bunu NATO-nun bütün üzvləri bilir. Avropa Birliyinə daxil olmaq üçün NATO-a daxil olmaq lazımdır. Moldova üçün də bu qayda dəyişməyəcək. Avropa Birliyi ilə assosiasiya haqqında razılaşma imzalanarsa, Rusiya Moldova ilə münasibətlərini yenidən gözdən keçirməyə məcbur olacaq”, - Rusiya baş nazirinin müavini söyləyib.

D.Roqozin qeyd edib ki, Moldovanın Avropaya meyllənməsi iqdisadi deyil, siyasi xarakter daşıyır: “Bu təmiz siyasətdir, Moldovanın neytral statusunun dəyişdirilməsidir. Moldovanı artıq indi gizli şəkildə NATO-ya cəlb edirlər. Avropa Birliyi və NATO bizim üçün yad blokdur. Əgər Moldova ora getməyə hazırlaşırsa, biz reaksiya verməyə məcbur olacağıq. Söhbət Dnestryanı və ölkə iqtisadiyyatından gedir”.

Moldova parlamentinin deputatı, sabiq təhlükəsizli naziri Artur Reşetnikov NATO rəsmisinin səfərini heç də xoş qarşılamayıb. O, Rusiyanın “Nezavisimaya gazeta”ya açıqlamasında deyib ki, Verşbounun səfəri yalnız “odun üstünə yağ tökəcək”. Reşetnikovun fikrincə, NATO-dan kömək üçün xahiş etmək Konstitusiyanın pozulmasıdır: “NATO ölkənin neytral statusuna hörmət etməlidir. Həm də əhalinin əksəriyyəti neytral status dəstəkləyir. Əhalinin yalnız 10 faizi NATO-nu istəyir. Avropa meylli hökumət koalisiyası ölkənin NATO tərəfindən udulması üçün şərait yaradır”.

Xatırladaq, Konstitusiya görə, Moldaviya – neytral dövlətdir. Moldova 1992-ci ildə Şimali Atlantik Əməkdaşlığı Şurasına qoşuldu, 1994-cü ildən “Sülh naminə əməkdaşlıq” proqramının iştirakçısıdır. 2010-cu ildə isə Moldova və NATO əməkdaşlığının Fərdi iş planı təsdiq edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm