Qaz danışıqları: Rusiyanı “sıxmağa” Ukraynaya kim kömək edəcək?
Bizi izləyin

Dünya

Qaz danışıqları: Rusiyanı “sıxmağa” Ukraynaya kim kömək edəcək?

Qaz danışıqları: Rusiyanı “sıxmağa” Ukraynaya kim kömək edəcək?

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna ən azından təbii qaz cəbhəsində qarşıdurmadan qaçmağa çalışır. Avropa Birliyinin iştirakı ilə artıq Rusiya-Ukrayna qaz danışıqlarının birinci raundu keçirilib. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin vasitəçiliyi, Rusiya və Ukraynanın enerji nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda razılıq əldə etmək mümkün olmayıb.

Kremldən növbəti hədə

Danışıqların davam etdiyi bir vaxtda isə Rusiya Ukraynaya qaz verilişini dayandıra biləcəyi barədə xəbərdarlıq edib. Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, Ukraynadakı çətin vəziyyəti nəzərə alaraq, belə bir ehtimalı istisna etmək olmaz. Rusiya və Ukrayna arasında problem yaradan əsas məsələnin 3.5 milyard dollar dəyərində qaz borcu hesab olunur. O, həmçinin, deyib ki, Avropadan Ukraynaya revers qaz təchizatı texniki baxımdan mümkün olsa da, bu sxem faktiki yox, “sırf simvolik qərardır” və bu, Ukraynaya Rusiya qazından imtina etməyə imkan verməyəcək.

Vladimir Çijov həmçinin, Avropa İttifaqının “Cənub Axını”nı məhdudlaşdırmaq cəhdlərini uğursuz adlandırıb: "Avropa İttifaqı həyata keçirdiyi “Üçüncü enerji paketi” adı verilən tədbirlərə əsasən, regionda yerləşən magistral boruların sahibi qaz hasilatı ilə məşğul olan şirkətlər ola bilməz. Bu da “Cənub axını”nın tikintisi üçün ciddi maneələr yaradır”.


Dünən Brüsseldə Rusiya, Ukrayna və Avropa İttifaqının ekspertlər qrupunun qaz məsələləri ilə bağlı texniki görüşü olub. Bu, Rusiyanın enerji naziri Aleksandr Novak, Günter Ottinger və Ukraynanın yanacaq və energetika naziri Yuri Prodan arasında mayın 16-da keçirilməsi gözlənilən görüşə hazırlıq xarakteri daşıyır.

Rusiya yeni qiymətlərlə pulunu istəyir, Ukrayna isə…

Qaz sferasında qarşıdurma praktik olaraq qaçılmaz xarakter alıb. Rusiya birtərəfli qaydada 2009-cu ildə imzalanan baza müqaviləsini pozaraq Ukraynaya satdığı qazın qiymətini rekord səviyyəyə - 485 dollara qaldırıb. Bu demək olar ki, Ukraynanın 2014-cü ilin birinci rübündə ödədiyindən iki dəfə yuxarıdır. Ukraynanın yeni hökuməti isə qazın pulunu yeni qiymətlərlə ödəməkdən qəti surətdə imtina edir. Kiyev bildirir ki, təbii qazın qiymətinin 285,5 dollara qədər azaldılmasına nail olmayacağı halda, borcu ödəməyəcək.

Avropa isə yaranmış vəziyyətdən narahatdır. Müflis olmaq həddində olan Ukrayna Rusiya qazının əsas tranzit yollarından biridir. Rusiyanın Avropaya ixrac etdiyi qazın yarısı Ukraynadan keçir. Avropa Komissiyası da bu səbbədən tarixində ilk dəfə üçtərəfli – Ukrayna, Rusiya və Avropa Birliyinin görüşünə təşəbbüs edib. İndiyə kimi Avropa Birliyinin üzvləri ikitərəfli formatda Rusiya ilə özünün qaz məsələlərini həll edirdi. Baxmayaraq ki, 2011-ci ilin sentyabrında Avropa Birliyi üçtərəfli konsultasiyalarının keçirilməsi zərurətinin yer aldığı bir sənəd qəbul etmişdi.

“Avropa üç il yarım belə bir formata təşəbbüs etməyə vaxt tapmadı. Yalnız növbəti qaz böhranının yaxınlaşması Avropanı bu formata təşəbbüs etməyə məcbur etdi”, - “Nomos” Mərkəzinin energetika proqramları direktoru Mixail Qonçar qeyd edir.

Onun fikrincə, Rusiya da Avropa bazarı itirmək qorxusu yaşadığından üçtərəfli formatda danışıqların keçirilməsinə məcburdur. Hansı ki, Avropa qaz bazarı “Qazprom” hər ay təxminən 5 milyard dollar gətirir.

Avropa “Qazprom”u 10-15 milyard dollar ziyana sala bilər

Avropa ilə “Qazprom” arasında da münasibətlər də yaxşı deyil. Hələ 2012-ci ilin yayında Avropa Komissiyası Avropa Birliyinin antiinhisar qanunvericiliyinin pozulmasında şübhəli sayılan Rusiya şirkəti barədə araşdırmalara başladı. Bundan əvvəl isə, 2011-ci ilin sentyabrında “Qazprom”un Avropa ofislərində axtarışlar aparıldı. Əgər antiinhisar qanunvericiliyinin pozulması sübut edilərsə, Rusiya şirkəti illik gəlirin 30 faizə qədər cərimə ödəməlidir. Bu isə təxminən 10-15 milyard dollardır.

Avropa Komissiyasının araşdırılmaları keçən ilin payızında başa çatıb. Ancaq onun nəticələri indiyə qədər elan edilməyib.

Üçüncü güc

Avropa hələ ki Rusiya ilə danışıqlarda sərtlik nümayiş etdirmir. Bu da onunla bağlıdır ki, Avropa Birliyinin sıralarında bu məsələdə ortaq mövqe yoxdur. Ötən həftədə Avropa Birliyinin nümayəndələri bağlı qapılar arxasında Rusiya qazından asılılığın azalması variantlarını müzakirə etdilər. Göründüyü kimi, hansısa bir konkret razılıq əldə etmək mümkün olmayıb. Məlumdur ki, Avropa Birliyinin üzvləri müəyyən məsələlərin həlli üçün öz oyunlarını tez-tez oynayırlar. Məsələn, bu ilin aprelində Avstriyanın energetika şirkəti Cənubi Avropa qaz kəmərinin Baumqartenaya qədər tikintisi barədə “Qazprom”la razılaşdı. Baxmayaraq ki, Avropa Komissiyası “Cənub axını” qaz kəməri üzrə danışıqların dondurulmasını tələb edib.

Ukraynanın bəzi ekspertləri indiki mərhələdə ABŞ-ın qaz danışıqlarına cəlb edilməsini məsləhət görürlər. “Ukrayna ABŞ-ın dəstəyindən istifadə etməlidir. Bu üçtərəfli danışıqlar prosesində Rusiyaya maksimal təzyiq göstərmək üçün lazımdır”, - M.Qonçar deyib. Ekspertin fikrincə, Avropa Komissiyası arbitr mövqeyindən imtina edərək hücuma keçməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm