Ankaradan SƏRT REAKSİYA: “Bu, terror təşkilatlarına xidmət edir”
Bizi izləyin

Dünya

Ankaradan SƏRT REAKSİYA: “Bu, terror təşkilatlarına xidmət edir”

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı skandal qərarına sərt reaksiya verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada qərarın terror təşkilatlarına xidmət etdiyi bildirilib.

“Ölkəmiz PKK, FETÖ və İŞİD kimi ən qanlı terror təşkilatlarına qarşı eyni anda mübarizə aparmaqdadır. Ölkəmiz beynəlxalq öhdəliklərinə bağlı qalaraq Konstitusiya quruluşu və xalqın varlığını hədəf alan təhlükələrə qarşı lazımı və mütənasib tədbirlər görür. Bu, bir dövlətin ən əsas missiyası və qanuni haqqıdır. Bu qərar, başda FETÖ olmaqla yalnız ölkəmiz deyil, bütün Avropa sisteminə və dəyərlərinə təhlükə yaradan terror təşkilatlarına xidmət edəcək”, - bəyanatda deyilir.

Qeyd edilir ki, bu vəziyyət Türkiyəni AŞPA ilə əlaqələrini təkrar gözdən keçirməyə məcbur edəcək.

Xatırladaq ki, AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsində Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanmışdı.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

Qeyd edək ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm