ABŞ geri çəkilir - Türkiyəyə 5 bəndlik təhlükəsizlik ZƏMANƏTİ
Bizi izləyin

Dünya

ABŞ geri çəkilir - Türkiyəyə 5 bəndlik təhlükəsizlik ZƏMANƏTİ

YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verilib.

ABŞ PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə veriləcək ağır silahlarla əlaqədar Türkiyəyə təhlükəsizlik zəmanətləri verib.

Publika.az xəbər verir ki, bu haqda “New York Times” nəşri yazıb.

Nəşrin yazdığına görə, təhlükəsizlik zəmanətləri ABŞ-a gedən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və prezident administrasiyasının sözcüsü İbrahim Kalından ibarət türk nümayəndə heyətinə verilib.

ABŞ-ın Türkiyəyə verdiyi zəmanətlər aşağıdakılardır:

1. YPG-yə veriləcək silahların hamısı sayılacaq və qeydiyyata alınacaq.

2. Silahların sayı ehtiyaca uyğun olacaq. Silahların istifadəsinə ABŞ hərbçiləri tərəfindən nəzarət ediləcək.

3. Verilən silahlar və sursatlardan başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa, bütün silah nəqli dayandırılacaq.

4. Rakka əməliyyatı başa çatan kimi YPG-nin əlində qalan bütün ağır silahlar toplanacaq.

5. Rakka azad edildikdən sonra şəhərdə YPG döyüşçüləri qalmayacaq. Şəhərdə təhlükəsizliyi suriyalı ərəblər təmin edəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ Hərb Hava Qüvvələrinin polkovniki, koalisiya qüvvələri qərargahının sözçüsü Con Dorian YPG-yə veriləcək silahların bir hissəsinin Suriyada olduğunu və silahların İŞİD-lə mübarizənin başa çatmasından sonra geri alınmayacağını söyləmişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 9-da Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. Pentaqondan verilən məlumata görə, Rakkada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyət verilib. ABŞ terror təşkilatına minaatanlar, istiliklə idarə olunan raketlər, ağır pulemyotlar, avtomatik silahlar, zirehli avtomobillər və tanklar çatdıracaq.

Vaşinqtonun bu qərarı Ankara tərəfindən sərt qarşılanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, YPG və PKK ikisi də terror təşkilatıdır və onların əlinə keçən hər silah Türkiyə üçün təhdiddir.

Türkiyənin müdafiə naziri Fikri İşık isə bildirib ki, bir terror təşkilatından başqa bir terror təşkilatına qarşı istifadə etmək ilanla çuvala girməkdir. O, bunun bölgəyə və ABŞ-a faydası olmayacağını, nəticələrinin bütün dünyaya təsir edəcəyini deyib.

ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Türkiyənin narahatlığını başa düşdüyünü və bu narahatlığı aradan qaldıracağını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm