Türkiyə nüvə silahının hədəfindədir - ABŞ kəşfiyyatından ŞOK XƏRİTƏ
Bizi izləyin

Dünya

Türkiyə nüvə silahının hədəfindədir - ABŞ kəşfiyyatından ŞOK XƏRİTƏ

“Hwasong-12” raketini hazırlayan qrup Pxenyanda minlərlə insan tərəfindən qarşılanıb.

Dünyanı ABŞ-la nüvə müharibəsinin bir addımlığına gətirən Şimali Koreya son vaxtlar bir-birinin ardınca həyata keçirdiyi raket sınaqlarını paytaxt Pxenyanda təntənə ilə qeyd edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Hwasong-12” raketini hazırlayan qrup Pxenyanda minlərlə insan tərəfindən qarşılanıb.

Ölkənin ən uzun mənzilli raketi olan “Hwasong-12”-nin atışı mayın 14-də həyata keçirilib. Nüvə başlığı daşıya bilən raket 2 min 100 kilometr yüksəkliyə çataraq 787 kilometr məsafəni qət edib və Yaponiyanın qərb sahillərinə düşüb.

ABŞ-ın tanınmış "beyin mərkəzi" olan"Stratfor" Şimali Koreyanın atdığı raketlərin hansı ölkələri təhdid etdiyini göstərən yeni bir xəritə dərc edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor”un xəritəsinə görə, Şimali Koreyanın bir başqa uzunmənzilli raketi olan (8 min kilometr) “Taepodong 2” ilə Türkiyə, Almaniya, İngiltərə ilə birlikdə ABŞ-ın qərb ştatları vurula bilər. Raket üzərində iş hələ tamamlanmayıb. Şimali Koreyalı mühəndislər layihə üzərində işi davam etdirirlər.

ABŞ və onun müttəfiqləri olan Cənubi Koreya ilə Yaponiya Şimali Koreyadan raket və nüvə sınaqlarının dayandırmasını tələb edir. Son böhranda bölgəyə “USS Carl Vinson” təyyarədaşıyan gəmisi və digər hərbi gəmilərini göndərən ABŞ hərbi müdaxilə də olmaqla, bütün variantların masada olduğunu bəyan edib.

Pxenyan isə bölgəyə hərbi gəmiləri göndərən ABŞ-ın Koreya yarımadasını nüvə müharibəsinin bir addımlığına gətirdiyini açıqlayıb. Şimali Koreya təyyarədaşıyan gəmini tək bir zərbə ilə batıra biləcək gücdə olduğunu dünyaya elan edib.

Vaşinqton isə Şimali Koreyanın nüvə və raket proqramlarından imtina etməsi üçün Çindən Pxenyana olan təzyiq rıçaqlarını işə salmasını istəyir. Lakin Pekin Pxenyana təzyiq göstərməkdə hələ ki istəkli görünmür.

Amerikalı kəşfiyyat mütəxəssisləri Şimali Koreyaya qarşı hərbi əməliyyatın böyük risklər daşıdığı barədə xəbərdarlıq edirlər. Bildirilir ki, belə bir addım Şimali Koreyanın Cənubi Koreya və Yaponiyaya müdaxiləsinə yol aça bilər.

Raket texnologiyaları mütəxəssisi və “38 North” adlı saytın rəhbəri Con Şilling qeyd edib ki, Şimali Koreya Cənubi Koreya ilə sərhədə 21 mindən çox top və raket toplayıb. Bu silahlar Cənubi Koreyanın paytaxtı Seul və ətrafında yaşayan 25 milyon insanı təhdid edir. Cənubi Koreya paytaxtı sərhəddən yalnız 56 kilometr uzaqlıqda yerləşir.

Şimali Koreyanın malik olduğu mindən çox ballistik raket Cənubi Koreya və Yaponiya ilə yanaşı Sakit okeanın mərkəzində yerləşən Amerika hərbi bazalarına zərbə vura bilər. Məsələn, Sakit okeanda yerləşən Guam adasındakı ABŞ-ın hərbi bazası “Hwasong-12” raketinin uçuş məsafəsindədir. Raketlərə nüvə başlığı yerləşdirildiyinə dair hələlik bir dəlil yoxdur. Ancaq iki min kilometr uçuş məsafəsi olan “Nodong” raketlərinin döyüş başlıqlarına bir tonluq partlayıcı yerləşdirmək mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm