Ər-Riyaddan Qətərə SƏRT XƏBƏRDARLIQ: “Ümid edirik ki, ehtiyac olmayacaq”
Bizi izləyin

Dünya

Ər-Riyaddan Qətərə SƏRT XƏBƏRDARLIQ: “Ümid edirik ki, ehtiyac olmayacaq”

“Qətər ərəb ölkələri ilə əlaqələrini bərpa etmək üçün “Həmas” və “Müsəlman qardaşları” təşkilatlarına verilən dəstəyi dayandırmalı, həmçinin bir sıra başqa addımlar atmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cübeyr Parisdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Qətər nə etməli olduğunu çox yaxşı bilir. Qətərin bir neçə il əvvəl radikal qruplara dəstəyi ilə əlaqədar verdiyi sözləri yerinə yetirməsini istəyirik. Buna ölkə mediasının düşməncəsinə rəftarı və digər ölkələrin daxili işlərinə müdaxiləsi də daxildir”, - nazir bildirib.

O qeyd edib ki, Qətər hansı istiqamətə hərəkət edəcəyinə dair özü qərar verəcək:

“Biz Qətərin yürütdüyü siyasətin doğru olmadığını və dəyişməli olduğunu izah etmək üçün bu addımları atdıq. Qətər “Həmas” və “Müsəlman qardaşları”nı dəstəkləyərək Fələstin və Misirə zərər verir. Biz bunun doğru olmadığını düşünürük. Qətər Yaxın Şərqin sabitliyinə töhfə vermək üçün bu siyasətə son qoymalıdır.

Əl-Cübeyr Qətərə tətbiq olunan məhdudiyyətlərin bu ölkə üçün ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Qətərə hərbi sanksiyanin tətbiqinin mümkünlüyünə gəlincə, ərəb nazir bunu istisna etməyib.

“Ümid edirəm ki, olmaz”, - o deyib.

Daha əvvəl verilən xəbərə görə, Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib.

Şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, “Müsəlman qardaşları” və “Həmas” təşkilatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən “Əl Cəzirə” peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı Fars körfəzi ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv, Mavriki və Mavritaniya da Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm