Rusiya kəşfiyyatı və mafiyaya uzanan dörd şəbəkə - Müdafiə nazirinin ŞOK ƏLAQƏLƏRİ
Bizi izləyin

Dünya

Rusiya kəşfiyyatı və mafiyaya uzanan dörd şəbəkə - Müdafiə nazirinin ŞOK ƏLAQƏLƏRİ

Polşada müdafiə naziri Antoni Maçereviç Rusiya xüsusi xidmət orqanları və mafiya ilə əlaqələrdə ittiham edilib.

Publika.az “Ridus” nəşrinə istinadən xəbər verir ki, sözügedən ittihamlar yazıçı və jurnalist Tomaş Pontekin “Maçereviç və onun sirri” adlı yeni kitabında yer alıb.

O, kitabda 1,5 illik araşdırmasının nəticələrini təqdim edib.

“Antoni Maçereviç QRU (Rusiya Baş Kəşfiyyat İdarəsi - red.) ilə bağlıdır. Mən əlaqələri Rusiyaya aparan dörd şəbəkəni göstərdim”, - o kitabın təqdimatında bildirib.

Jurnalist həmçinin nazirin Rusiya ilə əlaqələrinin xəritəsini təqdim edib. Xəritədə onlarla şəxs, şirkət və müəssisə təsvir edilib. Bu sxemin mərkəzində “Solntsevski mafiyası” dayanır. Pontekin iddiasına görə, müdafiə naziri QRU və “Solntsevski mafiyası” ilə bağlıdır.

Qeyd edilir ki, Moskvanı Maçereviçlə bağlayan birinci insan deputat Robert Luşnyadır. O, Müdafiə Nazirliyinin çoxillik əməkdaşı və sovet Polşasında təhlükəsizlik xidmətinin agenti idi. Pontekin fikrincə, Luşnya hazırda Polşada QRU ilə bağlı olan əsas casusdur.

Araşdırmanın müəllifi həmçinin Varşavadakı “Bayquş və dostlar” restoranında həyata keçirilən tarixi dinləmədə rus izini aşkar edib. 2013-cü ildə “Wprost” nəşri restoranın VIP zalında Polşa hökumətinin üzvlərinin bir neçə söhbətinin yazılarını dərc etdi. Toplantıda iştirak edən xarici işlər naziri Radoslav Sikorski Polşanın ABŞ-la ittifaqını tənqid edib.

Xatırlanır ki, dinləmə hakim Vətəndaş Platformasının parlament seçkilərində məğlubiyyəti ilə nəticələndi.

Jurnalist həmçinin iddia edir ki, Maçereviç Polşa ordusunu dağıdır.

“Orduya getməli olan vasitələr neonasistlərin və Putinin tərəfdarlarının toplantılarının keçirildiyi ərazilərin müdafiəsinə yönləndirilir”, - o qeyd edib.

Pontekin məlumatına görə, Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx əlaqələrə malik olan sahibkar Yatsek Kotas Müdafiə Nazirliyində Polşa ordusunun məxfi sənədlərinə giriş əldə edib.

Jurnalistin fikrincə, Müdafiə Nazirliyinin başçısının fəaliyyətindən yalnız Rusiya qalib gəlir. Pontek hesab edir ki, Maçereviç müdafiə naziri kimi fəaliyyətini dayandırmalı və özünün çoxillik əlaqələri haqqında danışmağa məcbur edilməlidir.

“Düşünürəm ki, Maçereviçin ətrafındakı şəbəkə Putinin ən yaxşı silahıdır”, - jurnalist kitabının təqdimatını yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm