Putin nəhəng hərbi maşına qarşı necə dayanacaq? - Moskvanı gözləyən BİABIRÇILIQ
Bizi izləyin

Dünya

Putin nəhəng hərbi maşına qarşı necə dayanacaq? - Moskvanı gözləyən BİABIRÇILIQ

Ötən həftə ABŞ Hərbi-Dəniz Qüvvələrinin təyyarədaşıyan və sualtı gəmiləri Suriyaya raket-aviasiya zərbələri endirmək üçün hazırlıq vəziyyətinə gətirildi. Amerika raketləri Bəşər Əsədin silahlı qüvvələrinin silahlı müxalifətə qarşı kimyəvi silah tətbiq edəcəyi halda işə salınmalı idi. Zərbələr təxirə salındı. Suriya hökumətinə qarşı ABŞ-ın döyüş əməliyyatlarının real ssenarisi mümkündürmü?

Publika.az xəbər verir ki, bu suala “Gazeta.ru” saytında hərbi müşahidəçi Mixail Xodarenok cavab verməyə çalışıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirdi ki, Suriya hakimiyyəti, görünür, ölkə ərazisində kimyəvi silahdan istifadənin yolverilməzliyi haqqında ABŞ-ın xəbərdarlığına qulaq asıb. Və bu, ABŞ-ın hərbi-siyasi rəhbərliyinə Suriyaya raket zərbələrini təxirə salmağa imkan verib.

Ancaq rusiyalı hərbi müşahidəçi hesab edir ki, ABŞ Bəşər Əsədin hərbçilərinə raket və aviasiya zərbələri endirmək üçün səbəbləri istəkdən asılı olaraq həmişə tapacaq. Onun fikrincə, Suriyanın hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlar yalnız kimyəvi silahdan istifadə deyil, həm də silahlı müxalifətə qarşı Dəməşq tərəfindən istənilən güc tətbiqi, yaxud da insan və milli azlıqların hüquqlarının pozulması bəhanəsi ilə həyata keçirilə bilər.

Hazırda ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Corc Buş” təyyarədaşıyanı, iki kreyseri və idarə olunan raket silahı ilə təchiz edilən iki esminesi Aralıq dənizinin şərq hissəsindədir. Bundan başqa, dənizin bu hissəsində iki-üç çoxməqsədli atom sualtı gəmisinin olduğu istisna edilmir.

ABŞ-ın regiondakı bazalarından qalxan taktik aviasiya təyyarələri ilə də Bəşər Əsəd qüvvələrinə zərbələr endirilə bilər. Bunlar Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan", Qətərdəki “Əl-Udeyd”, Bəhreyndəki “Şeyx İsa” və Küveytdəki "Əhməd Əl-Cabir" təyyarə bazalarıdır. Bundan başqa, Böyük Britaniya və ABŞ-ın kontinental hissəsində yerləşdirilən strateji aviasiyadan istifadə edilə bilər. Nəhayət, Omanda Markaz-Tamarid bazasında yerləşdirilən B-1 tipli strateji bombardmançılardan istifadə etmək mümkündür.

ABŞ-ın hərbi-siyasi rəhbərliyi regionda sərəncamında olan güc və vasitələri artırmaq imkanına malikdir. Daha bir-iki təyyarədaşıyan zərbəçi qrupu və qanadlı raketlərlə yenidən təchiz edilmiş “Ohayo” tipli bir neçə çoxməqsədli atom sualtı gəmisini Aralıq dənizinin şərqinə, həmçinin Avropa və ABŞ-ın kontinental hissəsindən taktik aviasiya birləşmələrini Yaxın Şərqin təyyarə bazalarına yollamaqla yer dəyişdirmək olar. Qoşunların operativ genişləndirilməsi üzrə imkanlar ABŞ Silahlı Qüvvələrinin komandanlığına qısa müddətə bütün bunları həyata keçirməyə imkan verir.

Mixail Xodarenok qeyd edir ki, beləliklə, əvvəlki münaqişələrin təcrübəsinə əsaslanaraq, ABŞ dəniz və havadan Suriya qüvvələrinin üzərinə birinci raket-aviasiya zərbəsində 1,5 min qanadlı raket yağdıra bilər. 2003-cü ildə “İraqa Azadlıq” əməliyyatının ilk günündə İraq ərazisinə 400-dən çox qanadlı raket buraxılmışdı. Qanadlı raketlərin ümumi miqdarı son 15 il üçün dəfələrlə artıb.

Hərbi müşahidəçinin fikrincə, ABŞ Silahlı Qüvvələrinin qarşısında Bəşər Əsədin fiziki məhvi məsələsi qoyularsa, onda dövlət başçısının iqamətgahları, ali siyasi və hərbi koordinasiya məntəqələri başlanğıc zərbələrin hədəfi olacaq.

“Hərbi-Hava Qüvvələrinin taktik aviasiyası və Hərbi-Dəniz Qüvvələrinin göyərtə aviasiyası BLU-109/B, GBU-31 tipli bunker əleyhinə döyüş sursatları və GBU-57 tipli super ağırçəkili təyyarə bombaları tətbiq edəcəklər. Çoxillik vətəndaş müharibəsi ilə zəiflədilmiş Suriya ordusu belə nəhəng hərbi büdcə ilə həyata keçirilən hücumun qarşısında heç nə edə bilməz”, - o yazıb.

Hərbi müşahidəçi Rusiyanın Suriyada hərbi qüvvəsinin məhdud olduğunu - hərbi məsləhətçilər də daxil olmaqla bir neçə min hərbi qulluqçu, Su-30SM və Su-35S tipli bir neçə təyyarə, Xmeymimdə yerləşdirilən iki S-300V zenit-raket sistemi və Tartusda natamam komplektləşdirilən S-400 divizionunun olduğunu bildirib.

Mixail Xodarenok bildirir ki, ABŞ-ın Suriyaya real hücumunu dəf etmək üçün onlarla qırıcı və bombardman aviasiya alayı daxil olmaqla, Rusiya ordusu və hərbi-dəniz donanmasının zenit-raket və radiotexnika hissəsi, kəşfiyyat bölmələri, rabitə və arxa cəbhənin müəssisələrinin yeri dəyişdirilməlidir.

“Amma Rusiya tərəfindən belə bir manevr müşahidə olunmur. Bu halda hərbi-siyasi hədəflər anlaşılmazdır. Eyni zamanda, Moskva onun regiondakı müttəfiqini döyülməsinə qəti şəkildə icazə verə bilməz. Bu halda Kreml üçün reputasiya itkiləri çox böyük olacaq. Əsədə qarşı ABŞ-ın hərbi hərəkətləri biabırçılıqdan başqa, qlobal siyasətdə rəqib kimi Rusiyanın faktiki aradan qaldırmasına gətirib çıxara bilər”, - hərbi müşahidəçi yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm