Pekin və Moskva. "Dost"lar nədən ehtiyat edir?
Bizi izləyin

Dünya

Pekin və Moskva. "Dost"lar nədən ehtiyat edir?

Aralarında pərdə saxlayan “dostlar”: Pekin və Moskva nədən ehtiyat edir?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün bu gün Çinə səfər edib. Moskva səfər çərçivəsində son vaxtlar münasibətləri kəskin pisləşən Qərbə gözdağı verərək Pekinlə enerji müqavilələri imzaladı. Bu müqavilələr həm də onun mesajı idi ki, Rusiya qazı üçün bazarlar hər yerdə var.

Qərb analitikləri isə Rusiya-Çin münasibətlərinə bir qədər şübhə ilə yanaşır.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “The National Interest” qəzetinin yazarı, ABŞ Hərbi Dəniz Kollecinin professoru Nikolas Qvozdev V.Putinin Çinə səfəri fonunda Moskva-Pekin münasibətlərinə toxunub.

Analitik qeyd edir ki, Rusiya prezidenti V.Putin çinli həmkarı Si Tszinpin ilə hər görüşündə tərəflərin ticarət dövriyyəsini iki dəfə artırmaq, siyasi, diplomatik və təhlükəsizlik sahəsində əlaqələri genişləndirmək niyyətində olduğunu elan edir. N.Qlozdev hesab edir ki, liderlərin ritorikası ilə reallıq arasında həmişə gözəçarpan qırılma müşahidə edilir. “Əlbəttə, son illər ərzində iki ölkə yaxınlaşmağa imkan tapıb. Amma Moskva və Pekin bir-biri ilə münasibətlərdə son dərəcə ehtiyatlıdır. Çin Rusiyanın antiqərb savaşına qoşularaq Qərblə əlverişli münasibətlərini aşkar zərbə altında qoymaq istəmir. Rusiya isə Çinin orbitinə cəlb edilməsindən və nəticədə Pekinin kiçik partnyoru olmaqdan ehtiyatlanır”, - analitik qeyd edir.

ABŞ Hərbi Dəniz Kollecinin professoru hesab edir ki, Krımın Rusiya tərəfindən zəbt edilməsin Çini sevindirmədiyinə baxmayaraq, Pekin Moskvanı tənqid etməkdən çəkinib. Analitikin fikrincə, ən əhəmiyyətli məsələ Çinin hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçlə başladığı müqavilələrin həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Söhbət Krım yarımadasında limanın inşası və nəqliyyat infrastrukturunun yaradılmasını nəzərdə tutan müqavuilələrdən gedir. Onun sözlərinə görə, Çinin Krımda iqtisadi baxımdan mövcud olmasına Moskvanın hazır olub-olmayacağı da maraq doğurur.

“Çin həmçinin Ukrayna kənd təsərrüfatı sektoru ilə əlaqələrini möhkəmləndirməyə çalışır. Şübhəsiz ki, Pekin Rusiyanın Ukraynadakı hərəkətlərinin onun investisiyalarına təhlükə yaratmayacağına dair zəmanət istəyəcək. Pekin həmçinin istəyəcək ki, Ukrayna əvvəlki kimi məhsullarını Rusiya ərazisi vasitəsilə Çinə çatdıra bilsin”, - “The National Interest”in yazarı qeyd edir.

N.Qlozdevin fikrincə, Moskva və Pekin arasında daha bir problem hərbi sahədə əməkdaşlıqla bağlıdır. Putinin səfəri çərçivəsində Çin və Rusiyanın hərbi dəniz donanmaları birgə hərbi təlim keçirəcək. Onu da qeyd edək ki, hərbi dəniz donanmalarının təlimləri son illər ənənəvi xarakter alıb. Problemə gəlincə, Rusiya müdafiə sənayesi özünün ən müasir silahlarını Çinə satmaq istəmir. Səbəb isə odur ki, Moskva Çin mühəndislərinin Rusiya silahlarının analoqunu istehsal etməklə ucuz qiymətə dünya bazarına çıxaracağından ehtiyat edir.

“The National Interest”in yazarı cavabı maraq doğuran bir sıra sualların olduğunu bildirir: “Bu sammitdən sonra vəziyyət dəyişəcəkmi? Mümkündür ki, Moskva ABŞ-ın texnoloji üstünlüyünə qarşı durmağa Çinə kömək etməklə Amerikanın diqqətini Avropadan yayındırsın və resursları Sakit okean regionuna istiqamətləndirməyə məcbur etsin. Bu da öz-özlüyündə bir sualdır. Yeri gəlmişkən, analoji strategiyanın köməyi ilə SSRİ İkinci Dünya Müharibəsindən əvvəl Yaponiyanın diqqətini Sibirdən Yaponiyanı yayındırmağa çalışırdı. Bu suallara Putinin Pekin səfərinin yekunundan sonra qismən cavab tapmaq mümkün olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm