FTB Trampın seçki qərargahının keçmiş rəhbərinin evində axtarış apardı
Bizi izləyin

Dünya

FTB Trampın seçki qərargahının keçmiş rəhbərinin evində axtarış apardı

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) agentləri prezident Donald Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun Virciniya ştatındakı evində axtarış aparıb.

Publika.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Teleşirkətin ABŞ-ın hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən yaydığı məlumatda qeyd olunur ki, bununla bağlı order iki həftə əvvəl, Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə müdaxiləsinin təhqiqatı çərçivəsində verilib.

Pol Manafortun nümayəndəsi ABŞ mətbuatına açıqlamasında faktı təsdiqləyib. "FTB agentləri cənab Manafortun iqamətgahlarından birində axtarış aparmaq üçün orderdən istifadə ediblər", - deyə onun açıqlamasında bildirilir.

O, həmçinin qeyd edib ki, Manafort hüquq-mühafizə orqanları və digər rəsmi strukturlarla daim əməkdaşlıq edir. Hələlik axtarışların nəticəsi barədə məlumat verilmir.

Qeyd edək ki, Pol Manafort ötən ay əcnəbi agent kimi qeydiyyata alınıb. ABŞ hakimiyyəti onun keçmişdə Ukrayna hökumətinin maraqlarına işləməsi barədə məlumatlandırılıb. O, Avropa və keçmiş SSRİ ölkələrindəki biznesi ilə əlaqədar silsilə qalmaqallardan sonra ötən ilin avqustunda Trampın seçki qərargahındakı vəzifəsini tərk etməyə məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm