“İmtina etmək niyyətində deyilik” - Özbəkistandan Moskvanın təklifinə RƏDD CAVABI
Bizi izləyin

Dünya

“İmtina etmək niyyətində deyilik” - Özbəkistandan Moskvanın təklifinə RƏDD CAVABI

“Özbəkistan kiril əlifbasının xeyrinə latın əlifbasından imtina etmək niyyətində deyil”.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bunu Özbəkistanın xalq maarifi naziri Uluqbəy İnoyatov deyib.

Onun sözlərinə görə, bu məsələnin hətta gündəlikdə olması lazım deyil.

“Düşünürəm ki, kiril əlifbasına keçid haqqında fikirlər əhalinin kiçik hissəsinə aiddir. Mən, nazir kimi öz mövqeyini söyləyəcəyəm. Həm kiril əlifbası, həm də latın əlifbasının öz üstünlükləri və çatışmazlıqları var. Amma düşünürəm ki, hazırda latın qrafikalı əlifba ölkəmizdə aşkar üstünlüklərə malikdir. Məsələ ondadır ki, bizim uşaqlarımız xarici dili öyrənirlər və bunun üçün latın qrafikalı əlifba lazımdır. Digər tərəfdən, özbək dilini öyrənən əcnəbilər üçün daha sadə olacaq”, - nazir qeyd edib.

İnoyatovanın sözlərinə görə, Özbəkistanın dünya inteqrasiyası nöqteyi-nəzərindən latın qrafikinə keçid düzgün qərardır. O, bu proses davam edəcəyini deyib.

“Biz kitabxana və resurs fondlarını latın qrafikalı kitablarla tədricən doldururuq. Gələcək illərdə bu proses davam edəcək, məsələ tədricən həll olunacaq. Məktəblər tamamilə latın qrafikalı dərsliklərlə və əlavə ədəbiyyatla təmin edilib”, - Uluqbəy İnoyatov yekunlaşdırıb.

Xatırladaq ki, iyul ayında Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edib. "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxış edən nazirin sözlərinə görə, son 10 ildə şriftlərin latın və ərəb əlifbasına keçməsi çox böyük mövzu olub.

“Biz indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq. Bu kiril əlifbasıdır. Sorğular göstərir ki, bizim əhalimiz və yaxın çevrədə yaşayan insanlar onsuz da kiril əlifbasına keçidi vacib sayırlar" - o vurğulayıb.

Vasilyevanın sözlərinə görə, Rusiya kiril əlifbasının yayılması məsələsində mövqeyini qorumalıdır: "Baxmayaraq ki, son iki onillikdə bu mövqe bir az zəifləyib".

Qeyd edək ki, SSRİ-nın süqutundan sonra Azərbaycan, Türkmənistan və Özbəkistan kiril əlifbasından latın əlifbasına keçib.

Cari il aprelin 12-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ilin sonunadək latın qrafikası əsasında əlifba hazırlanmasını təklif edib. Qazaxıstan latın qrafikasına keçidi gələn il başlayıb 2025-ci ildə başa çatdırmaq istəyir.

Aprel ayında həmçinin Qırğızıstan parlamentinin müxalif deputatı Kanıbek İmanəlyev milli əlifbanın latın qrafikasına keçirilməsini təklif edib. “Ata Məkan” fraksiyasının təmsilçisi olan deputat parlamentin 13 aprel iclasında latın qrafikasına keçmək təklifini belə əsaslandırıb:

“Türkmənistan və Özbəkistan latın əlifbasına keçib, indi isə Qazaxıstan buna hazırlaşır. Başa düşürəm ki, indi əlifba dəyişməyə pulumuz yoxdur, amma bir müddət sonra, 2030-2040-cı illərə kimi bunu eləmək lazımdır”.

Deputat qeyd edib ki, Qırğızıstanda latın əlifbası üzrə mütəxəssislərin hazırlığına indidən başlamaq lazımdır: “Latın əlifbasının istifadəsi zamanın tələbidir. Həm də kiril əlifbasından imtina qırğızların milli özünəməxsusluğunun saxlanmasına yardım edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm