Moskvaya ədalət haqqında xatırlatma: Təzminat DAVASI BÖYÜYÜR
Bizi izləyin

Dünya

Moskvaya ədalət haqqında xatırlatma: Təzminat DAVASI BÖYÜYÜR

Polşa və Almaniya arasında təzminat davası böyüməkdədir. Mövzu ilə bağlı növbəti bəyanat Polşanın baş naziri xanım Beata Şidlodan gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir Polşanın II Dünya müharibəsində ölkəyə vurulmuş zərərə görə Berlindən təzminat tələb edə biləcəyini deyib.

Polşa ədalət haqqında danışır

“Biz İkinci dünya müharibəsinin qurbanıyıq. Biz qurbanıq və ölkəyə vurulan zərərin əvəzi hələ verilməyib”, - Şidlo bildirib.

O qeyd edib ki, təzminatlar “ədalət haqqında xatırlatmadır”. Baş nazir bu ideyanın bütün tənqidçilərini tarixə baxmağa və müharibə zamanı Polşa torpağında baş verənləri xatırlamağa çağırıb.

Daha əvvəl Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib ki, Almaniya Polşaya hərbi təzminatları ödəməyə məcburdur. Nazirin sözlərinə görə, onun ölkəsi heç vaxt təzminat tələbindən imtina etməyib və buna görə də hüquqi nöqteyi-nəzərdən Varşava Berlindən dəyən zərərin ödənilməsini tələb etmək üçün bütün əsaslara malikdir.

“Bu Polşa Xalq Respublikası adlandırılan sovet koloniyası idi ki, təzminatların bir hissəsindən imtina edib”, - o vurğulayıb.

Daha əvvəl Polşa xarici siyasət idarəsindən də bildiriblər ki, təzminat tələbi haqqında məsələyə baxırlar.

1945-ci ildə Potsdam konfransında müharibədən sonrakı nizama salınma məsələləri və ərazi iddiaları müzakirə edilirdi. Polşa Almaniyadan ayırılmış Pomeraniya, Sileziya və Şərqi Prussiyanın 2/3 hissəsini aldı, amma Qərbi Ukrayna və Belarus əraziləri itirdi.

Rusiyaya qarşı iddialar

Polşanın hakim “Haqq və Ədalət” Partiyasının siyasətçiləri yalnız Almaniya deyil, həmçinin Rusiyadan hərbi təzminat tələb etmək qərarına gəliblər. Avqustun 21-də dziennik.pl portalı yazıb ki, gözlənilən təzminatın məbləği hələlik məlum deyil. Amma siyasətçilər əmin edirlər ki, trilyonlarla zlotadan (Polşanın pul vahidİ. 1 trilyon zlota təxminən 275 milyard dollardır - red.) söhbət gedir.

Deputat Stanislav Penta bildirir ki, Polşa Rusiyadan hərbi təzminat tələb etməlidir. SSRİ-nin Polşa vətəndaşlarına qarşı cinayətlərini sadalayan Stanislav Penta həmçinin məhv edilmiş maddi və mədəni dəyərlər haqqında danışır.

“Moskva bizə trilyonlarla zlota ödəməlidir. Amma Rusiyadan təzminatın dəqiq məbləği hesablanmalıdır. Biz itkiləri və mümkün iddiaları qiymətləndirməliyik”, - o əlavə edib.

Deputat Malqojat Qoşevskaya da oxşar fikirlə çıxış edir.

“Rusiyalılar sənayeni və incəsənət əsərlərini oğurladılar. Biz onlardan hərbi təzminatın alınmasına nail olmalıyıq”, - o vurğulayıb.

“Haqq və Ədalət” Partiyasının sədri Yaroslav Kaçinski və müdafiə naziri Antoni Maçereviç iyul ayında oxşar tonda bəyanatlar səsləndirib.

Politoloq, jurnalist Yuri Svetov hesab edir ki, indiki halda müəyyən dərəcədə paradoksal vəziyyət formalaşır.

“Adətən təzminatı qalib gələn ölkələr alırlar, amma indi onları qaliblərdən, İkinci dünya müharibəsində əsas ağırlığı üzərinə götürənlərdən tələb edirlər”, - ekspert deyib.

Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun elmi işçisi Dmitri Surjik bu məsələyə tarixi faktlar nöqteyi-nəzərindən baxmağı təklif edib.

“Polşa İkinci Dünya Müharibəsinin qaliblərinin formalaşdırdığı Yalta-Potsdam beynəlxalq münasibətlər sisteminə narazılığını bildirirsə, deməli Polşa özünü qalib hesab etmir? Bəlkə, Polşanın müasir rəhbərliyi öz ölkələrini uduzmuşların yanına aparır?” - o qeyd edib.

Rusdilli Vəkillərin Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Mixail Yoffenin sözlərinə görə, Polşanın təzminat ideyası Varşavanın indiki siyasi xəttinə əsaslanır. O bildirib ki, məqsəd nasist işğalından Polşanı azad etmiş Sovet ordusunun qəhrəmanlığını qaralamaqdır:

“Qanuni əsas yoxdur. Bu, təmiz siyasi və beynəlxalq hüququn heç bir normasına uyğun olmayan hərəkətdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm