Ermənistan Rusiya üçün yeni Ukraynaya çevriləcəkmi?
Bizi izləyin

Dünya

Ermənistan Rusiya üçün yeni Ukraynaya çevriləcəkmi?

Osetiyanın "Nıxas" informasiya portalı "Vestnik Kavkaza" nəşrinin Ermənistanda antirusiya əhval-ruhiyyəsinə dair vəziyyət barədə analitik məqaləsini dərc edib.

Məqalədə Ermənistanda çoxsaylı Qərb fondlarının və amerikapərəst siyasətçilərin fəaliyyət göstərdiyi vurğulanır.

Məqalədə politoloq Karine Gevorqyanın sözlərindən sitat gətirilir: "Amerikadakı eyni erməni icmasının nüfuzu nəzərə alınmır... Ermənistan da eynilə Ukrayna kimidir: burada da oliqarxlarla işləyir, cəmiyyətlə isə işləmirlər. Bizdə bir dənə də rusiyapərəst resurs yoxdur, Ermənistanda rusiyapərəst siyasətçilər yoxdur, biz bütün bunları itirmişik. Ukrayna ilə olduğu kimi, bizdə də həmin mənzərədir - biz indi bu vəziyyətin partlayış həddində dayanmışıq".

Rusiyanın Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev də "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində həmin problemi göstərib və əlavə edib ki, prezident Serj Sarkisyanın respublikada əsas rusiyapərəst siyasətçi kimi qəbul edilməsi problemi dərinləşdirir. "Ermənistan o qədər də populyar olmayan, Rusiya təsiri ilə möhkəm assosiasiya edilən, bununla belə, olduqca aşağı reytinqə malik Serj Sarkisyanın girovuna çevrilib. Sarkisyana və bunun nəticəsi olaraq Rusiyaya etibarın səviyyəsi indi xeyli aşağıdır", - söyləyən Nikita İsayev onu da əlavə edib ki, Rusiya Ermənistana münasibətdə hər hansı dəqiq siyasi xətt nümayiş etdirmir.

Nikita İsayev, həmçinin vurğulayır ki, indi Ermənistanda bütün hökumət təsisatları aşağı legitimlik dərəcəsinə malikdir və bu, Rusiyaya olan münasibətə birbaşa təsir edir. Çünki həmin hökumət orqanları rusiyapərəst kimi qəbul olunur. Buna görə də erməni cəmiyyəti öz hökumətindən Qərbə doğru dönüş tələb edir və hökumət də buna gedir: burada həm Avropa Şurası ilə inteqrasiyanın yüksək səviyyəsi, həm də NATO ilə dərin əlaqələr var və bunu hərbi təlimlər də təsdiqləyir.

Sözsüz ki, yerli KİV-lərin fəaliyyəti problemi daha da dərinləşdirir. "Ermənistanda mahiyyət etibarilə rusiyapərəst KİV, -əslində bu da şərtidir, - yalnız "Sputnik-Armenia" və ola bilsin ki, "News Armenia"dır. Yerdə qalan KİV-lərin böyük əksəriyyəti ya bitərəfdir, ya da qərbpərəst mövqe tutur", - deyə rusiyalı politoloq bildirir.

"Ermənistanda humanitar, infrastruktur və iqtisadi layihələrin Qərb və Rusiya tərəfindən dəstəklənməsi müqayisəedilməzdir və mən qorxuram ki, biz Ermənistanı təkcə itirməyə başlamamışıq, həm də 2-3 ilədək Ermənistanın simasında birbaşa düşmən qazana bilərik", - deyə Nikita İsayev proqnozlaşdırır.

Onun fikrincə, bu cür vəziyyətə yol verilməməsi üçün "yumşaq güc"ün effektiv tətbiqi lazımdır.

Antirusiya əhval-ruhiyyəsindən danışan Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyir: "Biz çoxdan müşahidə edirik ki, Ermənistan hökumət orqanları antirusiya şirkətlərinin xaricdən maliyyələşdirilməsinin qarşısını almaq üçün qətiyyət göstərmir və Qaregin Njde kimi millətçi əlbirləri tərifləyərək bu siyasət üçün əsas yaradır".

"Risklər kifayət qədər ciddidir: ya "maydan", ya da Ermənistan hökumətinin antirusiya yolu üzrə təkamülü. Bu, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasına da, NATO ilə hərbi əməkdaşlığın genişləndirilməsinə də gətirib çıxara bilər. Perspektivdə Ermənistan Rusiyaya daha bir düşmən dövlətə çevrilmək iqtidarındadır: ya Ukrayna, ya Baltikyanı ölkələr, ya da Moldova kimi. Bizdə şübhə yoxdur ki, Ermənistanın da, Ukraynanın da, Moldovanın da əhalisi Rusiyaya müsbət yanaşır. Lakin əhalidən heç kim heç nə soruşmur, hökumətlər isə öz oyununu oynayır", - deyə Sergey Markov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm