Paris Merkelə dəstək verdi: Ankara B və C planlarına keçir
Bizi izləyin

Dünya

Paris Merkelə dəstək verdi: Ankara B və C planlarına keçir

Türkiyədəki müasir siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqları davam etdirməyə imkan vermir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner “France Inter” radiostansiyasının efirində bildirib.

“Dəqiq demək lazımdır: Türkiyədəki siyasi vəziyyət danışıqların davam etdirilməsi, fikir mübadiləsi və Türkiyə ilə inteqrasiyanı gücləndirməyə imkan vermir”, - o deyib.

Siyasətçi vurğulayıb ki, Avropa və Türkiyə ümumi dialoqu davam etdirməlidir, ancaq Türkiyənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqlar dayandırılmışdır.

“Bu gün reallıq belədir”, - Kastaner əlavə edib.

O qeyd edib ki, son illərdə Türkiyə ilə danışıqlar vaxtın boş yerə xərclənməsi idi.

“Biz son on ildə Fransada siyasi mövqelər qazanmaq və qorxutmaq üçün Türkiyədən istifadə etdik. Həqiqətən Türkiyə bizim ümumi tariximizin bir hissəsidir”, - hökumət rəsmisi bildirib.

Bu gün həmçinin Almaniya kansleri Angela Merkel bildirib ki, Avropa İttifaqı Türkiyənin quruma üzlüyü ilə bağlı müzakirələrə sona qoymaq və ya təxirə salmaq üçün oktyabr ayında müzakirələr aparacaq. Merkel Avropa ölkələrini Türkiyə ilə bağlı vahid mövqe sərgiləməyi çağırıb.

Almaniya kansleri bazar günü parlament seçkiləri kampaniyası çərçivəsində sosial-demokrat Martin Şultsla debat zamanı da bu mövzuya toxunub. Merkel hesab edir ki, hazırda Türkiyə üçün Avropa İttifaqının tərkibində yer yoxdur.

"Türkiyəni Avropa İttifaqının tərkibində görmürəm və heç vaxt görməmişəm", - deyə o qeyd edib.

Ötən ay isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində bildirib ki, Avropa İttifaqı açıq və dəqiq mövqeyini nümayiş etdirsə, Ankara B və C planlarını həyata keçirə bilər.

“Yəni, Avropa İttifaqı bizim üçün “olmazsa olmaz” deyiləcək bir yer deyil. Türkiyə öz ayaqları üzərində dayanan, hazırda adambaşına milli gəliri 11 min dolları keçən bir ölkədir. Hazırda xalqımın böyük əksəriyyəti əslində Avropa İttifaqını istəmir, Avropa İttifaqının bizə qarşı yanaşmasını səmimi hesab etmir”, - Ərdoğan vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm