Ərdoğandan S-400 açıqlaması – NATO-ya ZƏRBƏ
Bizi izləyin

Dünya

Ərdoğandan S-400 açıqlaması – NATO-ya ZƏRBƏ

Ankara Rusiyadan alınan S-400 zenit-raket kompleksləri üçün birinci ödəməni edib.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə ötən ay imzalanıb.

Xatırladaq ki, 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinə raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı tender keçirilib. Tenderdə birinci yeri Çinin CPMIEC (China National Precision Machinery Import and Export Corporation), ikinci yeri ABŞ-ın “Raytheon”, üçüncü yeri Avropa konserni “EuroSAM", dördüncü yeri Rusiyanın “Rosoboronexport” şirkəti tutmuşdu. Bu mərhələdə Rusiya şirkəti ilə danışıqlar tamamilə kəsilmişdi. ABŞ, Avropa və Çinlə danışıqlar davam etdirilmişdi. Türkiyə son mərhələdə Çin şirkəti ilə müqavilənin imzalanması üçün masaya oturmuşdu. Çinlə aparılan danışıqlar NATO ölkələrinin təsiri ilə nəticəsiz qalıb.

2016-cı ilin avqustunda Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması və prezidentlərin görüşü iki ölkənin hərbi əməkdaşlığını gündəmə gətirib. Görüşdən bir neçə gün sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə görüşündə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Türkiyənin xarici işlər naziri ABŞ və Avropanın texnologiya transferinə müsbət yanaşmadığı üçün, NATO-dan kənar istehsalçı ölkələrlə danışıqların aparılmasının təbii olduğunu söyləyib.

Noyabr ayında isə Türkiyənin müdafiə naziri Fikri İşık Türkiyənin S-400 böyük və orta mənzilli zenit-raket sistemlərinin alınması haqqında niyyətini dilə gətirib.

Türkiyəli səlahiyyətlilər bildirirlər ki, indiki mərhələdə NATO-nun təzyiqləri nəzərə alınmayacaq.

Qeyd edək ki, “Triumf” S-400 raketlərdən müdafiə sistemi S-300-ün təkmilləşdirilmiş versiyası hesab olunur. “S-400" zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub.

Zenit-raket komplekslərinin dünyada analoqu yoxdur və bu raketlər istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400" kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı, yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Petriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.

“Triumf” 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm