
Müharibənin getdiyi İraqda son 24 saatda baş verənlər
dünya mediasının gündəmindədir.
Publika.az xəbər verir ki, dünən Kərkükün Riyad bölgəsində
İŞİD terror təşkilatının hücumu nəticəsində İraq ordusunun 4
əsgəri, Haşdi Şabi güclərinin isə 5 üzvü həlak olub. Terror aktı
canlı bombanın özünü partlatması nəticəsində baş verib. Bu hücumdan
sonra İraq ordusu Suriya ilə sərhəddə İŞİD terrorçularının
təmizlənməsi əməliyyatına başlayıb.
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani prezident və
parlament seçkilərini 8 ay təxirə salıb.
İraq ordusu isə Ərbilin nəzarətində olan Türkiyə sərhəd qapısının
alınması üçün hücuma keçib. Peşmərgə və Bağdad əsgərləri arasında
baş verən toqquşmada hər iki tərəf itki verib.
Ərbilə yaxın şəxslər İraq ordusunun sərhəddə yerləşən Zaho şəhərinə
doğru irəliləyərək, türkiyənin Habur sərhəd qapısına açılan İbrahim
Halil sərhəd-keçid məntəqəsini ələ keçirməyə çalışdığını deyir.
Toqquşma Ankara və Bağdadın aşmaq istədiyi Ovaköy yeni sərhəd
qapısına görə baş verir.
Ekspertlər İraq ordusunun YPG ilə Bərzani arasında əlaqənin
kəsilməsi, həmçinin, Habur-Ərbil xəttinin nəzarətə götürülməsinə
çalışdığını hesab edirlər. İraq ordusu əməliyyatda “yeni mərhələyə”
keçdiklərini və hücumlara qarşı ciddi cavab veriləcəyini bəyan
edib.
Bu arada məğlub olan Bərzani geri addım ataraq, İraq hökuməti və
dünya ictimaiyyətinə qanunsuz “müstəqilik referendumu”nu dondurmaq
təklifi ilə çıxış edib.
İraq hökuməti isə Bərzanidən 2003-cü ilə qədərki ərazi bölgüsünün
bərpa edilməsini tələb edir.
Asif