Moskva ABŞ-ın planına qarşı - DONBAS MƏSƏLƏSİNDƏ YENİ MƏRHƏLƏ
Bizi izləyin

Dünya

Moskva ABŞ-ın planına qarşı - DONBAS MƏSƏLƏSİNDƏ YENİ MƏRHƏLƏ

Donbasda sülhməramlıların yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin son variantı “DXR” və “LXR”lə (Donetsk və Luqansk “xalq respublikaları” - red.) uyğunlaşdırılmalıdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda belaruslu həmkarı Vladimir Makeylə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiyanın təklif etdiyi qətnamə layihəsində tamamilə BMT-nin müəyyən etdiyi meyarlar göstərilib.

“Bu meyarlardan biri sülh əməliyyatına qoşulan kontingentlərin milli tərkibinin münaqişə tərəfləri ilə razılaşdırılmasıdır. Əlbəttə, Luqansk və Donetskin razılığı Kiyev üçün mütləq deyil, yaxud da az əhəmiyyət daşıyır. Biz dəstəkləyəcəyik ki, qətnamə layihəsinə “respublikalar”ın münasibəti münasib olmalıdır”, - Lavrov deyib.

Ötən həftə açıqlanan xəbərə görə, ABŞ ən yaxın günlərdə BMT-nin 20 minlik sülhməramlı qüvvəsinin Donbasda yerləşdirilməsi üzrə planı təklif edəcək.

Qeyd edək ki, Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında təkliflə ilk dəfə Rusiya prezident Vladimir Putin çıxış edib. Bununla bağlı qətnamə layihəsi sentyabrın 5-də dünyanın ali qurumuna təqdim edilib. Daha əvvəl Putin bildirib ki, Moskva müəyyən şərtlərlə Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.

Onun sözlərinə görə, bu məsələnin həlli yalnız ağır texnikanın təmas xəttindən aparılmasından sonra mümkündür. Bundan başqa, Putin qeyd edib ki, problemi “LXR” və “DXR”in (Donbasda yaradılan separatçı qurumlar - red.) nümayəndələri ilə təmas çərçivəsində həll etmək lazımdır.

Sonradan isə Rusiya BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, ABŞ və Ukrayna Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsini müzakirə etməyə hazır deyil.

ABŞ və Rusiyanın təklif etdiyi qətnamə layihələrdəki fərq ondan ibarətdir ki, ABŞ sülhməramlıların bütün Donbas ərazisində, o cümlədən Rusiya-Ukrayna sərhədində yerləşdiyiməsini istədiyi halda, Rusiya Ukrayna ordusu ilə separatçı qüvvələr arasındakı təmas xəttində yerləşdirilməsini istəyir. Kiyev də ABŞ-ın planını dəstəkləyir. Qeyd edilir ki, bu, Rusiyadan Donbasa silah-sursat və muzdluların çatdırılmasının qarşısını alacaq.

Ekspertlərə görə, sülhməramlıların təmas xəttində yerləşdirilməsi münaqişənin dondurulmasına xidmət edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm