İŞİD üçün “cığır”, yoxsa baş nazirlərə HÜCUM? - Azərbaycan amili və ÜÇ VERSİYA
Bizi izləyin

Dünya

İŞİD üçün “cığır”, yoxsa baş nazirlərə HÜCUM? - Azərbaycan amili və ÜÇ VERSİYA

Noyabrın 22-də Gürcüstanın paytaxtı Tiflisin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektində həyata keçirilən antiterror əməliyyatında İŞİD üzvü olan çeçen əsilli 3 terrorçu öldürüldü, biri isə sağ ələ keçirildi. Eyni zamanda, xüsusi təyinatlı dəstənin bir üzvü həlak oldu, 4-ü yaralandı. Əməliyyatda Türkiyədə 2016-cı il 28 iyunda “Atatürk” hava limanında törədilən qətliamın təşkilatçılarından biri “Tək qol” ləqəbli Əhməd Recepoviç Çatayev zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, 2017-ci ildə London Sülh və İqtisadiyyat İnstitutunun məlumatına görə, Gürcüstanda terror hücumlarının təşkili ilə bağlı ehtimal çox azdır. İnstitutun reytinqində Gürcüstan yalnız 77-ci yeri tutub. Azərbaycanın qonşusu, bu baxımdan, postsovet məkanının başqa dövlətləri ilə müqayisədə daha təhlükəsiz hesab olunur. Müqayisə üçün deyək ki, Ukrayna 17, Rusiya 33, Qazaxıstan isə 67-ci yerdədədir.

Bununla belə, təhlükəsiz Gürcüstan ötən həftə əsl şok keçirdi: təhlükəsizlik gücləri Tiflisin ucqar rayonlardan birində demək olar ki, bütün gün ərzində beynəlxalq terror təşkilatının üzvlərini zərərsizləşdirməyə çalışdı.

Zərərsizləşdirilən terrorçuların hədəfləri barədə müxtəlif versiyalar səsləndirilir.

Versiyalardan birinə görə, Suriya və İraqdan gələn terrorçular ölkədə qalmağa hazırlaşmırdılar, Gürcüstan onlar üçün yalnız “cığır” idi. Ehtimal ki, Rusiyaya, daha konkret Çeçenistan Respublikasına keçəcəkdilər. Rusiyanın “Rosbalt” agentliyi Azərbaycan variantı istisna etmir. Terrorçuların geri - İraq və Suriyaya qayıtma planlarının dü mümkünlüyü nəzərdən keçirilir.

Digər bir versiya onların Gürcüstanda terror aktı həyata keçirməyə hazırlaşmasıdır. “Yol üstündə” olan terrorçular üçün terror aktları həyata keçirmək, yüksək miqdarda silah, döyüş sursatları və partlayıcılar toplamaq xarakterik deyil. Halbuki onların olduğu mənzildə uzun müddət təhlükəsizlik güclərinə müqavimət göstərməyə imkan verən silah, döyüş sursatı və partlayıcılar aşkarlanıb. Özləri ilə avtomatlar, pulemyotlar, əl qumbaraları və başqa silah-sursatları gətirmək, əlbəttə ki, çox çətin idi. Bu, onların terror aktlarına hazırlaşdığını deməyə əsas verib.

Noyabrın 28-29-da Tiflisdə ikinci “İpək Yolu Forumu” keçiriləcək.

Qafqaz Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Mamuka Areşidzenin versiyasına görə, əgər təhlükəsizlik gücləri tərəfindən zərərsizləşdirilən şəxslər İŞİD-ə cəlb olunubsa, onların “İpək Yolu Forumu”nda terror aktına hazırlaşdığı istisna edilmir.Tədbirdə 50 ölkədən 1000-dən çox nümayəndənin, o cümlədən bir neçə ölkənin baş nazirləri də daxil olmaqla, yüksək vəzifəli şəxslərin iştirak edəcəyi gözlənilir. Törədiləcək terror aktı isə dünyada böyük rezonans yarada bilərdi.

Daha bir versiya ondan ibarətdir ki, Cənubi Qafqazda döyüşçülərin aktivləşməsi Qərbin Rusiya və Türkiyənin hərbi-siyasi yaxınlaşmasına mane olmaq cəhdi ola bilər. Yəni, belə ssenari üçün Gürcüstan geosiyasi əhəmiyyət daşıyır və Pankisi dərəsinin mövcudluğu fonunda ölkə “rahat müharibə meydanı” sayıla bilər. Qeyd edək ki, Rusiya İŞİD terrorçularının Gürcüstan vasitəsilə onun ərazisinə keçməsi barədə qorxularını dəfələrlə ifadə edib.

Xüsusi əməliyyatın vadaredici motivləri haqqında konkret informasiya yoxdur. Əməliyyat və terrorçuların hədəfləri barədə informasiya hüquq-mühafizə orqanlarının ətraflı araşdırmasından sonra məlum olacaq. İnformasiya ümumiyyətlə elan ediləcəkmi, bu artıq başqa məsələdir.

Ölkənin böyük faciədən qaçdığı istisna edilmir. Amma necə zəmanət vermək olar ki, eyni təhlükə növbəti dəfə Tiflisin qapısına gəlməyəcək?

“Rosbalt” yazır ki, belə zəmanət yoxdur və ola da bilməz. Gürcüstan “isti” Yaxın Şərqin bilavasitə yaxınlığında yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm