Moskvanın müqavimət gücü azalır: Abxaziyadan sonra növbə kimindir?
Bizi izləyin

Dünya

Moskvanın müqavimət gücü azalır: Abxaziyadan sonra növbə kimindir?

Moskvanın müqavimət gücü azalır: Abxaziyadan sonra növbə kimindir?

Rusiyanın başının Ukraynaya qarışdığı bir vaxtda tanınmamış Abxaziya Respublikasında Moskvanın istəmədiyi hadisələr baş verdi. Baxmayaraq ki, Suxumiyə ezam edilən Rusiya prezidentinin köməkçisi Vladislav Surkov baş verənləri Abxaziyanın daxili işi adlandırıb.

Mayın 28-də qondarma respublikanın lideri Aleksandr Ankvab müxalifətin istefa tələbini rədd etsə də, sonadək dayana bilmədi. Ankvab ölkədən qaçmasına dair şayiələri təkzib edərək, heç yerə getmək niyyətinin olmadığını və müxalifətlə danışıqlara hazır olduğunu bildirmişdi. Lakin paytaxt Suxumidəki iqamətgahından qaçaraq Rusiya hərbi bazasına sığınmış prezident Ankvab istefa ərizəsini yazmağa, nəhayət, razılaşıb.

Bundan əvvəl Abxaziya parlamentinin spikeri Valeri Bqanba prezident səlahiyyətlərinin icraçısı təyin olunub.

Abxaziya parlamentinin 24 deputatın səsi ilə qəbul etdiyi qərara əsasən Ankvab səlahiyyətlərini icra edə bilmədiyi üçün yeni seçkilər elan olunur. Yeni seçkilərin avqustun 24-də keçiriləcəyi qərara alınıb. Lakin Ankvab bu qərarı “dövlət çevrilişi” adlandırıb. Abxaziya müxalifətinin lideri Raul Hacimba isə qərarı “tarixi” adlandırıb. Onun bildirdiyinə görə, güc strukturları da artıq Ankvaba tabe olmur və müvəqqəti prezidentin əmrlərini icra etməyə hazırdır.

V. Surkov bildirib ki, Moskva respublika prezidenti vəzifəsinin icraçısı, parlamenti və yenilənmiş hökuməti ilə fəal işləyir. “Rusiya abxaz xalqına tam həcmdə maliyyə və hərbi dəstəyini təmin edəcək”, RİA Novosti agentliyinə müsahibəsində Surkov belə deyib.

Görünən budur ki, Rusiya qondarma qurumda baş verənləri sosial-iqtisadi etirazlar fonunda təqdim etməyə çalışır. Amma Abxaziyada “dövlət çevrilişi”nin Ukraynada hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatdığı bir vaxtda baş verməsi müəyyən suallar doğurur. Doğrudanmı, Rusiyanın separatçılara yardım etməsinə maneə ola bilməyən Qərb Moskvaya “Axilles dabanı”nından, Şimali Qafqazdan zərbə vurmağa hazırlaşır?

Təsadüfi deyil ki, Krımın Rusiyaya birləşməsindən sonra Moskva üçün daxildən kifayət qədər problemlərin yaranacağı barədə fikirlər Qərbdə çoxalıb. İlk hədəf olaraq isə Abxaziyanın qonşuluğunda yerləşən Şimali Qafqaz regionu göstərilir.

Bizimlə söhbətində politoloq Qabil Hüseynli bildirib ki, Abxaziyada baş verənlərin Moskvada hər nə qədər iqtisadi-sosial mahiyyət daşıdığı bildirilsə də, hadisələrin siyasi xarakter daşıdığı şübhəsizdir. Politoloq qeyd edir ki, Abxaziyada müxalifətin rəhbərliyə qarşı çıxması müəyyən qədər sosial-iqtisadi səbəblərlə bağlı olsa da, hadisələrin kökündə həm də antirust mahiyyəti dayanır. Q.Hüseynli hesab edir ki, Qərb bu hadisədən ümumilikdə regiondakı proseslərə istiqamət vermək üçün faydalana bilər.

Q.Hüseylinin fikrincə, Rusiyanın Ukraynadakı gözlənilən məğlubiyyəti ölkə daxildə ciddi aşınmalara gətirib çıxaracaq. O, Moskvanın xüsusilə Şimali Qafqazda çətinliklərlə qarşılaşa biləcəyini deyir: “Çoxdandır ki, Qərbin müxtəlif dairələrində, əsasən ABŞ-da Rusiyanın səkkiz hissəyə bölmək üçün xüsusi planın hazırlandığı barədə fikirlər səslənir. Düzdür, bu yalnız qəzet səhifələrinə sızan məlumatlardır, amma Putinin özü bu məlumatları tez-tez təkrarlayır. Rusiyanın Ukrayna edəcəyi hərbi təcavüz çeçen müqavimət hərəkatını yenidən canlandıracaq. ABŞ müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr də Rusiya daxilindəki bu müqavimət hərəkatına dəstək verəcəklər. Çoxsaylı amillər onu göstərir ki, Rusiyanı bir dövlət kimi çox təhlükəli presedentlər gözləyir. Putinin ətrafındakı siyasi texnoloqlar bunları görürsə, deməli Rusiya özünə nəzarət hissini itirib, dünya reallıqlarını düzgün qiymətləndirə bilmir”.

Rusiyada baş qaldıra biləcək milli-azadlıq mübarizəsində isə Səudiyyə Ərəbistanının adının çəkilməsi təsadüfi deyil. Bu dövlətin çeçen azadlıq mübarizəsinə verdiyi dəstək barədə yetərincə danışılıb.

ABŞ prezidenti Barak Obamanın mart ayında – Krımın Rusiyaya birləşməsindən sonra Səudiyyə kralı ilə görüşməsi də bu istiqamətdə müəyyən iddialara yol açdı. Əslində, ABŞ-ın islam dünyasında ən yaxın müttəfiqi sayılan Səudiyyə Krallığının kəşfiyyat şefi ötən bir il ərzində iki dəfə Moskvaya gəlmişdi. O zaman Kremlə yaxın analitiklər yazırdılar ki, Rusiyada çox ciddi Səudiyyə faktoru formalaşıb. Yəni, bu ölkədə siyasi vəziyyətə təsir edə biləcək qədər və Səudiyyəyə bağlı müsəlman var. Belə olan halda, Səudiyyə Krallığı Rusiyaya qarşı iqtisadi əməliyyatlarda iştirak etməyə razılıq verirsə, deməli, bu, kompleks yardımlaşma ola bilər. Bu yardımlaşmaya Rusiyada daxili siyasi vəziyyəti gərginləşdirmək də daxil ola bilər. Çünki bir neçə dəfə dünyada ən ciddi media orqanlarının da diqqətini çəkib ki, Rusiyada milyonlarla insan cümə namazına toplaşır və bunların böyük əksəriyyəti də özü üçün ideya mərkəzi kimi Səudiyyə Ərəbistanındakı dini məqamları görür. Bu, Rusiyanın daxilində gərginlik üçün əsas amilə çevrilə bilərmi?

Çeçenistan müharibəsi də onu deməyə əsas verir ki, Rusiya üçün belə bir təhlükə var. Əsas təhlükə isə indiki halda Şimali Qafqazdan daha real görünür.

Əslində, kimlərsə deyə bilər ki, Abxaziya Şimali Qafqaz, yaxud da Rusiya deyil. Hamıya yaxşı məlumdur ki, Abxaziya de-fakto Rusiyanındır. “Dövlət çevrilişi” ilə hakimiyyətdən uzaqlaşdırılan A.Ankvab da məhz Kremlin adamı idi. Abxaziya həm də Rusiyanın Qafqazdakı hərbi dayaqlarından biridir.

Xaricdən gətirilən inqilablara qarşı düşmən mövqedə olan Kreml Abxaziyada hazırlıqsız yaxalandı. Moskvanın Abxaziyanın yeni rəhbərliyi ilə işləməyə hazır olduğunu bildirməsi də göstərdi ki, Ankvabı qorumaq üçün plan yox idi. Plan olsa belə, bu, güc tətbiqindən başqa bir şey deyildi. Amma müstəqilliyini tanıdığı bir ölkənin “daxili işlərinə” güc tətbiq edərək qarışmaq beynəlxaql tənqidlərə tuş gəldiyi bir vaxtda, təbii ki, Moskva üçün çətin olardı.

Deməli, Moskvanın müqavimət gücü də getdikcə azalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm