İranı açıq şəkildə TƏHDİD ETDİ: “Nüvə silahını hazırlasa...”
Bizi izləyin

Dünya

İranı açıq şəkildə TƏHDİD ETDİ: “Nüvə silahını hazırlasa...”

“İran nüvə bombası hazırlayacağı halda, Səudiyyə Ərəbistanı ən qısa müddətdə bu silahı əldə edəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman CBS telekanalına müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı nüvə bombası yaratmaq istəmir, amma əlbəttə ki, əgər İran nüvə silahı hazırlayarsa, biz də bu silahı tezliklə əldə edəcəyik”, - o bildirib.

Qeyd edək ki, KİV-də Ər-Riyadın Pakistandan nüvə silahı alacağı, hətta nüvə başlığı daşıya biləcək raketləri olduğu barədə dəfələrlə xəbərlər çıxıb.

İngiltərənin “Times” nəşri ötən il Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmağa hazır olduğunu iddia edib. “Səudiyyə Ərəbistanı üçün vaxt gəldi. Krallıqla Pakistan arasında uzun müddətdir icrasını gözləyən bir razılaşma var”, - nəşr adını açıqlamadığı amerikalı bir kəşfiyyat səlahiyyətlisinə istinad edərək yazıb.

Səudiyyə Ərəbistanı ilə Pakistan arasında nüvə əməkdaşlığı barədə iddianı qiymətləndirən İngiltərənin keçmiş xarici işlər naziri Lord Devid Oven bildirmişdi ki, aralarındakı yaxın əlaqə və hərbi münasibətlər baxımından Pakistanın hər an Səudiyyəyə nüvə başlıqlı raketlər verə biləcəyini söyləmək olar.

Bölgədə gedən prosesləri izləyən mütəxəssislər hesab edir ki, İran, ardınca da Səudiyyənin nüvə silahı əldə etməsi bölgədəki digər ölkələrdə də bənzər istəyin baş qaldırmasına gətirib çıxara bilər.

Britaniyanın BBC telakanlı Səudiyyə Ərəbistanının əlində 2500 kilometr mənzilli və nüvə başlığı daşıya biləcək raketlər olduğunu yazıb. Britaniya telekanalı bundan əvvəl də Səudiyyə Ərəbistanı-Pakistan nüvə əməkdaşlığı barədə iddialar səsləndirilib. BBC hələ 2014-cü ildə Səudiyyənin faktiki olaraq, atom bombasına sahib olduğunu bildirib. Amma bu cür iddialar dəfələrlə gündəmə gəlsə də, heç vaxt təsdiqini tapmayıb.

Qeyd olunub ki, telekanala danışan çoxlu sayda mənbə Səudiyyə Ərəbistanının Pakistanın nüvə layihələrinə sərmayə qoyduğunu və bunun qarşılığında istədiyi zaman bu ölkədən nüvə başlıqları ala biləcəyini söyləyir. BBC-nin diplomatiya və müdafiə üzrə redaktoru Mark Urban sözügedən iddiaları şərh edərək ötən illərdə baş verənləri, gizli rəsmi yazışmaları, mütəxəssislərin fikirlərini xatırladıb. 2014-cü ilin əvvəlində NATO-nun üst səviyyəli bir səlahiyyətlisi Pakistanda Səudiyyə Ərəbistanı üçün istehsal olunan nüvə silahlarının nəql edilməsinə dair kəşfiyyat hesabatlarıni gördüyünü söyləmişdi.

2013-cü ilin ilin sonlarında isə İsrail hərbi kəşfiyyatının keçmiş rəhbərlərindən olan Amos Yadlın İsveçdə keçirilən bir konfransda bildirmişdi ki, İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı bir ay belə gözləməyəcək. “Pulu ödəyiblər, bombaları hazırdır. Pakistana gedib ehtiyacı olan qədər götürüb dönəcəklər”, - o söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm