Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında
Bizi izləyin

Dünya

Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında

“Newtimes.az” portalında “Qloballaşma və deqloballaşma: dünya yeni risklər zonasında” sərlövhəli məqalə dərc edilib.

Publika.az məqaləni təqdim edir.

Müasir dünyanın nizamı məsələsi ekspertləri narahat edən qlobal mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.

Dünya nizamsızlığı: bəşəriyyət üçün təhdidlər artır

Davosdakı çıxışı zamanı Hindistanın keçmiş sənaye və ticarət naziri Kamal Nat belə bir tezis səsləndirib: “Yeni dünya nizamı qlobal nizamsızlıqdır və bu, heç də yalnız ticarətdə deyil”. Bir sıra ekspertlər bunu yeni fikir kimi təqdim edirlər, ancaq, əslində, bir neçə dəfə deyilmiş tezisdir. Məsələnin qayəsi də kimin tərəfindən nəyin ifadə edilməsi ilə bağlı deyil. Problem müasir dünyada qloballaşma ilə deqloballaşma (yəni antiqloballaşma) arasında nisbətin kəskin surətdə dəyişməyə meylli olması ilə bağlıdır. Konkret desək, mütəxəssislər hesab edirlər ki, dünya birləşməkdən çox parçalanmağa meyllənib. Bunu təsdiq edən çoxlu sayda nümunələr də gətirilir. Onlar ticarətlə yanaşı, siyasəti, geosiyasəti, mədəniyyəti, ideologiyanı və başqa sahələri əhatə edir. Davos İqtisadi Forumunun əsas mövzusunun da dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşmasına həsr olunması ritorika xatirinə edilməyib. Burada çağdaş dünyamızda müşahidə edilən və bütövlükdə qlobal mühitdə özünü göstərən geosiyasi proseslərin məzmunu ümumiləşdirilib.

Maraqlıdır ki, Avropa, Rusiya, Çin və başqa böyük güclərin ekspertləri bu barədə analizlər aparır, ancaq günahı hər biri başqasında axtarır. Yəni, obyektiv araşdırma ilə dünyanı təhlükəyə sürükləyən faktorların analizini aparmağı ya istəmirlər, ya da onu gizlədirlər. Qərb ekspertləri Rusiya və Çini, sonuncular isə qərbliləri günahlandırırlar. Bununla da sanki “dairə qapanır”: təhdidlər artır, parçalanmalar, uçurumlar dərinləşir və real proqramlar həyata keçirilmir.

Zaman isə dayanmır. Meydana öncələr görünməyən yeni-yeni təhdidlər çıxır. Deqloballaşma tədricən qloballaşmanı üstələyir. Bu məsələnin müzakirə edildiyi Davos Forumunda böyük dövlətlərin iştirakına baxaq. ABŞ Prezidenti, ümumiyyətlə, bu tədbirdə iştirak etmədi. Bundan başqa, hesab edilir ki, Forumda dördüncü sənaye inqilabının başlıca tezis kimi seçilməsi, əslində, Yaponiya və Almaniyanın Çinlə sənaye sahəsində rəqabət qabiliyyətini daha da artırmaq məqsədi daşıyıb. Amerika Prezidentinin isə ümumilikdə dünya istehsal həcmini əsas olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.

Çin nə vəziyyətdədir? Onu hələ də “ümumdünya fabriki” adlandırırlar. Davosda da böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ Qərbin açdığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına nəzarət etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan “qatarın sonuncu vaqonuna atlanmağa” çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşıdığı barədə məlumatlar mövcuddur. Əgər bu tendensiya daha da güclənsə, dünya iqtisadiyyatını nələr gözləyir?

Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır. Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək qalmasına xidmət edən xətt seçib. Paralel olaraq əsas rəqiblərinə qarşı müxtəlif sahələrdə addımlar atır. Hətta Çinlə aparılan danışıqların məzmununda belə bu məqam vardır. Rusiya-Çin rəqabəti xüsusən Mərkəzi Asiya və Uzaq Şərq regionlarında kəskin xarakter alıb. Bunları bir məntiqi müstəviyə gətirdikdə, ümumi mənzərə necə görünür? Təbii ki, deqloballşamanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyanı birləşdirməyə doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin edilməsi ilə liderlik etməkdir!

Liderlik davası: sıradakı “dəli” kimdir?

Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.

Bəs, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır? Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar “pərdələyəcəksə”, hansı qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təəssüf ki, bunların heç biri hələ yoxdur.

Deyəsən, ÜTT rəhbərliyi də ikinci xətti vacib sayır. Davos Forumunda bu təşkilatın başçısı Robertu Azevedu deyib: “…hərtərəfli ticarət sistemləri və ÜTT sürətlə dəyişən dünyaya reaksiya vermək üçün təcili olaraq inkişaf etməsələr, “qara günlərə” qalacaqlar” (bax: Александр Лосев. Давос-2019: Новый мировой порядок – это глобальный беспорядок / ru.valdaiclub.com, 24 yanvar 2019).

Bəli, artıq yalnız ÜTT deyil, bütün beynəlxalq təşkilatlar “qara gündədirlər”! Çünki onları dinləyən yoxdur. Əsasən də liderlik havası başından çıxmayan Amerika, Çin, Avropa İttifaqı və Rusiya! Bunlar “Amerika dünyası”, “Çin dünyası”, “Avropa dünyası”, “Rus dünyası” yaratmaq qayğısında ikən, real yaşadıqları və hər bir insanın yurdu olan Yeri, Bəşəriyyəti məhvə sürükləyirlər. Bu qüvvələr hansı dünyada mövcud olacaqlar? Onların hər birinin yaratmaq istədiyi “dünya” daha çox xarabalığa bənzəmirmi?

Bu müddəaların işığında qloballaşma ilə deqloballaşmanın nisbəti doğrudan da problemli görünür. Dünya sanki risklər zonasına düşmüş olur. Böyük güclər arasında rəqabət gücləndikcə, bu proses dərinləşir. Bəlkə də, bəşəriyyət risk zonasındakı “doyma nöqtəsi”nə çatmayıb. Ancaq deqloballaşmanın indiki səviyyəsi belə dünyanı bir neçə dəfə məhv etmək üçün yetərlidir. Bu yoldan niyə dönülməsin ki?

Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, boşuna müzakirələr “acı bağırsaq” kimi uzanacaq və bunun fonunda bəşəriyyətin ömrü qısalacaq! Bu kimə sərf edir? Bəşər övladı bunu arzulayırmı? Sorğu keçirilsə, nadir istisnalardan başqa (hər halda “şeytanlar” mövcuddur) böyük əksəriyyət “yox” deyəcək!

Qalır siyasəti yeniləşdirmək. Davos Forumu bu baxımdan çox əlamətdar oldu. Aparılan müzakirələr bir daha göstərdi ki, hər şey bir kənara, siyasət dəyişməsə, dünya dirəndiyi dalandan çıxa bilməyəcək. Bunun üçün artıq “bir dəlinin quyuya daş atmasına” imkan vermək olmaz. Sırada o qədər dəli var ki!!!

Newtimes.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm