İŞİD-in işğal etdiyi Mosulda xilafət qanunları
Bizi izləyin

Dünya

İŞİD-in işğal etdiyi Mosulda xilafət qanunları

İyunun 9-da İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının işğal etdiyi Mosulda yeni qayda-qanunlar tətbiq edilir. Artıq 16 bənddən ibarət şəriət qanunları qüvvəyə minib.

Publika.az İtaliyanın "Corriere Della Sera" qəzetinə istinadla xəbər verir ki, yeni qaydalar şəhərin xristian əhalisində vahimə doğurur. Mosulun katolik patriarxı Tahir Əssa deyib ki, bəzi ərazilər yerli sünni qəbilələrinin idarəçiliyindədir: “Onlardan qorxu yoxdu, dil tapmaq olur. Ancaq başqa ölkələrdən – Səudiyyə Ərəbistanı, Çeçenistan, Yəmən, Əfqanıstandan cihada gələn terrorçuların nəzarət etdiyi ərazilərdə fəlakət baş verir. Onlar ikonaları, kilsə zənglərini, islama aid olmayan hər şeyi məhv edirlər. Bəyan edirlər ki, Əfqanıstanda olduğu kimi, burada da xristianlığa aid olan bütün simvollar məhv ediləcək”.

On altı maddəlik qadağalar siyahısına oğurluq edənlərin əlinin kəsilməsi, ağır cinayət törədən şəxslərin çarmıxa çəkilməsi də daxildir. Nuri Əl Maliki dövründə polis və hərbçi olan şəxslər isə yalnız geniş kütlə qarşısında tövbə etdikdən sonra sərbəst buraxılır. Qadınlara isə evdən çıxmaq, demək olar, tam yasaqlanıb.

Əssanın bildirdiyinə görə, bundan sonra xristian əhali adambaşına aylıq 250 dollar vergi ödəyəcək. Bu vergini verə bilməyənlər islamı qəbul etməlidir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm