Con Boltonun "z" turnesi: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri
Bizi izləyin

Dünya

Con Boltonun "z" turnesi: Ukrayna-Moldova-Belarus-Polşa seçiminin geosiyasi səbəbləri

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Ukrayna, Moldova, Belarus və Polşaya səfərinin trayektoriyası müəyyən mənada "z" hərfini xatırladır. Bir sıra ekspertlər, hətta "Zorro" rəmzi ilə müqayisə aparırlar. Yəni, Amerika rəsmisi məcazi mənada səfərində bir "Zorro" damğasını vurdu. Ancaq bu, kənardan belə görünə bilər.

Danışıqların real məzmununun analizi göstərir ki, C.Bolton gözlədiyi səviyyədə səmərəli danışıqlar apara bilməyib. Xüsusilə Minskdə onu məyus ediblər. Prezident A.Lukaşenko ilə demək olar ki, heç bir məsələdə razılıq əldə edilməyib. Kiyev və Kişineuda isə xeyli dərəcədə ortaq mövqe formalaşdırılıb. Bunlarla yanaşı, C.Bolton Varşavada yenidən Ukrayna, Belarus və Polşa nümayəndələri ilə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib. Belə görünür ki, Polşadakı danışıqlar Ukrayna-Moldova-Belarus danışıqlarının müəyyən mənada davamı olub. Bu məqamların fonunda bütövlükdə C.Boltonun Şərqi Avropa ölkələrinə səfərinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Təhlükəsizlik və geosiyasi maraqlar: Vaşinqton tərəfdaşlarından nəyi tələb edir?

Amerika Prezidentinin milli təhlükəsizlik müşavirinin Ukrayna, Moldova, Belarus və Polşaya səfəri ilə bağlı müxtəlif fikirlər səslənirdi. Ekspertlər bu səfərin arxasında duran məqamları aydınlaşdırmağa çalışırdılar. Onlar fərqli arqumentlər gətirirdilər. Lakin hiss olunurdu ki, ekspertlər C.Boltonun ciddi məqsədlərinin olduğuna əmindirlər. Onu xatırladaq ki, buna bənzər ajiotaj Ağ ev "qırğı"sının Cənubi Qafqaz ölkələrinə səfəri ərəfəsində də yaradılmışdı. Gözləntilər özünü doğrultdumu? C.Bolton hansı sürprizi etdi?

Qəribə də olsa, bu suala cavab hələ yoxdur. Çünki aparılan danışıqlarla bağlı sürpriz və ya sensasiya sayıla biləcək informasiya gözə dəymir. C.Boltonun özü də təvazökar fikirlər söyləyir. Bəs həqiqətdə nələr oldu? ABŞ Prezidentinin müşaviri boşunamı uzun yolu qət etdi?

Bütövlükdə bu kimi məsələlərdə ehtiyatlı olmaq lazımdır. Qəti fikir söyləmək risklidir, lakin ümumilikdə səfərin məzmunu və məqsədi barədə tezislər ifadə etmək olar. Aydın idi ki, C.Boltonun səfəri üçün zaman təsadüfi seçilməyib. G7 sammitində də əsas müzakirə mövzularından biri Ukrayna məsələsi olub. Orada Fransa və Almaniyanın "Normand formatı" üzrə görüş təşkil etməsi qərara alınıb. Bu prosesdə Amerikanın harada olduğu aydın deyil. Vaşinqton üçün bunun əhəmiyyətini dərk etmək üçün Amerika ilə Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində fikir ayrılığının olduğunu xatırlatmaq kifayətdir.

Digər tərəfdən, G7 üçün Çin məsələsi də çox aktualdır. O cümlədən böyük dövlətlər ABŞ-la Çin arasında müşahidə edilən ticarət mübahisələrindən narahatlıqlarını gizlətmirlər. Konkretləşdirsək, deyə bilərik ki, Vaşinqton üçün Ukrayna məsələsi həm geosiyasi nüfuz, həm də Çinlə ticarət müharibəsi aparılması aspektində aktualdır. C.Bolton Kiyevdə hər iki məsələni Prezident V.Zelenski ilə müzakirə edib.

Təbii ki, Vaşinqton "Normand dördlüyü" formatına daxil olmaqda maraqlıdır. Vaşinqton Fransa və Almaniyanı özünün təmsilçisi hesab etmir. Parislə Berlinin öz maraqları mövcuddur. Amerika bu formatda iştirak etmək arzusunu bir qədər öncə dilə gətirmişdi. İndi isə konkret sahədə bu imkanı yoxlamaq olardı. Məsələ həm də ancaq Fransa və Almaniyaya bağlı deyil. Məsələn, V.Zelenski rusiyalı həmkarı ilə payız aylarında "Normand formatı" çərçivəsində görüşüb Ukrayna ərazisində müharibənin dayandırılması haqqında müzakirə aparacaqlar. Əlbəttə, Vaşinqton bilməlidir ki, bu, hansı şərtlər daxilində ola bilər. Əgər Ukrayna ilə Rusiya müəyyən razılığa gəlsələr, Qərbin geosiyasi dividendi nələr ola bilər?

Bütün bunlar, qəribə də olsa, Çin məsələsi ilə də əlaqələndirilir. Çünki Pekin Ukrayna iqtisadiyyatına getdikcə daha çox sərmayə qoymağa başlayır. "Bir kəmər, bir yol" layihəsi çərçivəsində həmin proses daha da genişlənə bilər. Bundan başqa, Ukraynanın "Motor Siç" zavodunun səhmlərinin yarıdan çoxunu çinlilər alıblar. Ukraynanın bu hərbi təyinatlı zavodu Çinin inhisarına keçsə, nəticəsi nə ola bilər? Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, məsələ yalnız bir zavodla məhdudlaşmır. Söhbət bütöv bir prosesdən gedir. Yəni, vəziyyət qlobal miqyasda ABŞ-Çin mübarizəsi ilə bağlı olmuş olur.

Deməli, Vaşinqton Ukraynada müəyyən geosiyasi dəyişikliklərin başladığını görür və ona müdaxilə etməyə çalışır. Burada Amerikanın maraqlarının pozulmasına qətiyyən yol vermək istəmir. C.Boltonun Ukrayna səfəri ilə bağlı özünün söylədikləri vurğulanan özəlliklər baxımından maraqlıdır. ABŞ Prezidentinin müşaviri deyib: "Milli təhlükəsizlik və müdafiə sektorundan olan ukraynalı həmkarlarım ilə görüşmək çox maraqlı idi. Bizim müzakirələr onu göstərir ki, biz Ukraynanın təhlükəsizliyi və suverenliyinin saxlanmasına sadiqik, həm də ona sadiqik ki, ölkə Çinin iqtisadi istismarının qurbanı olmasın".

Rusiya və Çin: Vaşinqtonun iki cəbhədə mübarizəsi və Minskdə soyuq küləklər

Bu fikirlərdən belə anlaşılır ki, C.Bolton Kiyevdə Rusiya və Çinin Ukraynaya təsirinin azaldılması imkanlarını müzakirə edib. Hər iki məsələdə onlar arasında fikir birliyi olub. O cümlədən C.Bolton Çinin Ukrayna iqtisadiyyatına qoyduğu sərmayələri "istismar cəhdi" kimi qiymətləndirib. Ancaq Kiyevin bu mövqeni tam müdafiə etdiyi inandırıcı görünmür.

Ukraynadan fərqli olaraq Moldova səfəri haqqında C.Bolton konkret fikir söyləməyib. Ekspertlərin təxminlərinə görə, tərəflər arasında münasibətlər istidir. Bu səbəbdən C.Boltonun Kişineuda dinlədiklərinə şübhə yoxdur. Baş Nazir M.Sandunun Amerikaya üstünlük verdiyini nəzərə alsaq, onun C.Boltonla anlaşdığını təxmin edə bilərik. M.Sandu bu bağlılıqda deyib ki, bu səviyyədə səfər "Moldova Respublikasına güclü dəstəyə işarədir" və həm də Amerika ilə münasibətlərin misli görünməmiş inkişafının əlamətidir. Uzun illər Moldova rəsmilərinə Qərbin qapıları bağlı idi. Ölkə oliqarxik təcrid vəziyyətində idi. "Bu gün situasiya dəyişib. Bütün əhəmiyyətli xarici tərəfdaşlar Moldovaya maraq göstərirlər. Bizim qarşımızda bütün qapılar açılıb". Məsələ ondan ibarətdir ki, Moldovadan oliqarx V.Plaxotnyuk qaçıb və qayıtmayacağını bəyan edib.

Bu hadisədən bir qədər əvvəl isə Rusiyanın Müdafiə naziri S.Şoyqu Dnestryanı bölgəyə səfər edib oradakı Rusiya hərbçilərini yoxlamış və böyük bir silah anbarının ləğv ediləcəyini demişdi. Bir çox ekspertlər bunu Rusiyanın Moldovadan hərbi aspektdə müəyyən dərəcədə çəkilmək fikrində olduğu kimi qiymətləndirmişdi. Ancaq Moldova hökumətindəki vəziyyət bunun belə olmadığını göstərir. Orada Rusiya və qərbpərəst siyasi qüvvələr eyni dərəcədə təmsil olunublar. Prezident İ.Dodon da Rusiyanın maraqlarının nəzərə alınacağını deyir. Bu yaxınlarda Moldova hökumətinin nümayəndə heyətinin Rusiyaya səfər etməsi nəzərdə tutulub. Yəni, Kişineu göstərir ki, ölkədə Qərblə Rusiyanın maraqlarını tarazlaşdırıb, sakitlik yaratmaq fikrindədir. Bu baxımdan C.Boltonun Moldovaya səfəri aktuallıq kəsb edir. Ən azından Vaşinqton moldovalı rəsmilərə Rusiya ilə necə danışmalı olduğuna dair məsləhətlər verə bilərdi.

Ukrayna və Moldova səfərləri fonunda C.Boltonun Belarus səfəri xeyli bədbinlik yaradıb. Amerika rəsmisi A.Lukaşenko ilə danışıqlardan sonra etiraf edib ki, apardığı müzakirələr heç bir nəticə verməyib. Belarus Prezidenti də danışıqlardan öncə vurğulamışdı ki, Amerika ilə münasibətləri "ağ kağızdan başlamaq lazımdır". Yəni, bu günə qədər olan vəziyyətdən tamamilə imtina etmək gərəkdir. Çünki iki ölkə arasında soyuq münasibətlər mövcuddur, hətta 2008-ci ildən Minskdə ABŞ səfiri yoxdur.

Belarus Prezidenti onu da vurğulayıb ki, Amerikanın Belarusa iradları çoxdur və eyni zamanda, Minski də qane etməyən müəyyən məqamlar mövcuddur. Görünür, bütün bunlara rəğmən, tərəflər arasında razılıq olmayıb. Təbii ki, Belarus Rusiyaya qarşı addım atmaz, Vaşinqtonun ittifaq dövlətindən imtina etmək təklifini qəbul etməz. Çinlə münasibətlərə Vaşinqtonun qarışmasına Minsk normal baxmır. "Normand formatı" ilə bağlı A.Lukaşenkonun V.Putinə hər hansı bir fikir bildirməsi də inandırıcı görünmür.

Bunlar hansı nəticə çıxarmağa əsas verir? Görünür ki, C.Boltonun "z" səfəri elə də uğurlu olmayıb. Müəyyən ümumi məsələlərdə Ukrayna və Moldova ilə ortaq mövqe tapılsa da, Belarus cəbhəsində tam məğlubiyyət olub. Bunlardan başqa, Ukrayna və Moldova da hazırkı geosiyasi şəraitdə öz maraqlarına uyğun hərəkət edəcəklər. Məsələn, Kiyev Moskva ilə atəşkəsə nail olmağa çalışır, Moldova rəhbərliyi isə Avropa ilə yanaşı, Rusiyanın da marağını nəzərə almağa cəhd göstərir.

Belə gedişat onu da ifadə edir ki, artıq Vaşinqton əvvəlki kimi başqa ölkələrə hökm edə bilmir. Ölkələr müstəqil mövqe tutub, öz maraqlarına uyğun hərəkət etməyə çalışırlar. Vaşinqton üçün bunun qarşısını almaq getdikcə daha da çətinləşir. Bunlarla yanaşı, C.Boltonun Ukrayna, Moldova və Belarusla eyni səfər çərçivəsində müzakirələr aparması Aİ-nin "yeni müstəqil Qərb dövlətləri" təsnifatına uyğundur. Qərb həmin ölkələri xarici siyasətində bir-birindən ayırmır. Bu da maraqlı faktdır və bu üç Şərqi Avropa ölkəsinin gələcək taleyi aspektində müəyyən düşüncələrə yol açır.

Newtimes.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm