İran - “altılıq” nüvə danışıqları dalana dirənib
Bizi izləyin

Dünya

İran - “altılıq” nüvə danışıqları dalana dirənib

İran və "altılıq" ölkələri arasında nüvə danışıqlarında yekun razılaşma mətninin yarısı razılaşdırılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlıumata görə, ABŞ dövlət katibi Con Kerri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yekun sənədin yarısını razılaşdıra bilib.

Danışıqlar iyul ayının 20-ə kimi davam edəcək. Danışıqlarda əsas məqsəd İranın nüvə proqramı ilə bağlı hər iki tərəfi qane edən yekun razılaşmanın əldə olunmasıdır. Plan üzrə yekun razılaşmanın iyul ayının 20-də imzalanması gözlənilir. Bu tarix ötən ilin noyabrında müəyyən edilib. Ancaq proses gözlənildiyi kimi getməyə bilər.

ABŞ dövlət katibi və İran xarici işlər naziri də yekun sənədin imzalanmasının 20 iyuldan sonraya qala biləcəyini istisna etməyib. “Hərtərəfli razılaşma layihəsi bir neçə gün sonra hazır ola bilər. Bizdə mətn var, amma əhəmiyyətli məsələlər üzrə ciddi fikir ayrılıqları qalır”, - Məhəmməd Cavad Zərf deyib.

Con Kerri isə hiss olunan irəliləyişin olduğunu, amma əsas məsələlər üzrə real fikir ayrılıqlarının qaldığını dilə gətirib. Buna görə də hər iki nazir razılaşmanın hazırlanması müddətinin uzadıla biləcəyini istisna etməyib.

“Mən prezident Obama və Konqres liderləri ilə hərtərəfli razılaşmanın perspektivləri haqqında məsləhətləşmək üçün Vaşinqtona uçuram. Əgər razılaşma iyirmi iyul tarixinə kimi hazır olmasa, atılacaq addımlar barədə düşünmək lazımdır”, - Vyanada keçirilən mətbuat konfransında Kerri bildirib.

Məhəmməd Cavad Zərif isə mətbuat konfransını ABŞ dövlət katibindən iki saat sonra keçirib. “Mən əvvəlki kimi inanıram ki, biz iyirmi iyula qədər yekun razılaşmanı hazırlaya biləcəyik. Amma bu yalnız imkandır. Ortada həll olunmamış məsələlər qalır”, - İran xarici siyasət idarəsinin başçısı dilə gətirib.

Məhəmməd Cavad Zərifin açıqlamasını şərh edən ABŞ dövlət katibi qeyd edib ki, danışıqların uzadılması üçün “altılığ”ın bütün üzvlərinin qərarı lazım olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm