Çində toy və dəfn mərasimləri qadağan olundu
Bizi izləyin

Dünya

Çində toy və dəfn mərasimləri qadağan olundu

Çində COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün kəndlərdə kütləvi formada toy və dəfn mərasimlərinin təşkili qadağan olunub.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Bildirilir ki, son günlər virusa yoluxma hallarının çoxalması hökuməti mübarizə tədbirlərini gündən-günə sərtləşdirməyə vadar edib.

Əhalinin kütləvi toplaşması ilə müşayiət olunan tədbirlər və mərasimlər virusun sürətlə yayılmasına şərait yaradır. Ona görə də virus ocaqlarının qeydə alındığı yaşayış məntəqələrində yerli hökumətlər toy və dəfn mərasimlərinin təşkilini qadağan edib. Hətta güman olunur ki, yoluxma hallarının bəziləri məhz toy və dəfn mərasimləri, habelə digər kütləvi tədbirlərlə bağlı olub.

Pekin yaxınlıqda yerləşən Lanfan şəhərində isə sakinlərə 7 gün evdən çıxmamaq əmr olunub. Bundan əvvəl isə Şıciacuan və Sintay şəhərində tam qapanma, bəzi yaşayış məntəqələrində isə fövqəladə vəziyyət elan olunub.

Səlahiyyətli qurumların rəsmiləri şərq xalqlarının Ay təqvimi ilə qeyd olunan və bu il fevralın 12-ə təsadüf edən yeni il bayramı tətili günlərində səfərləri təxirə salmağı tövsiyə edib.

Qeyd edək ki, yanvarın ilk günlərindən başlayaraq Çində COVID-19 infeksiyasına yoluxma halları sürətlə çoxalır. Ötən sutka ölkədə 115 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, bu da aprel ayından sonra gündəlik ən çox yoluxma halıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm