Soçi görüşünün gizlinləri: Medvedevdən sonra yatan Moskvanı nə ayıltdı?
Bizi izləyin

Dünya

Soçi görüşünün gizlinləri: Medvedevdən sonra yatan Moskvanı nə ayıltdı?

Avqustun 2-də Ermənistan baş naziri Ovik Abramyan gözlənilməz bir açıqlama verdi. O bildirdi ki, Soçidə avqust ayının 8-i və ya 9-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq: "Ümid edirik ki, görüşdə olduqca mühüm olan razılaşmalar əldə ediləcək”.

Bəli, Ermənistan baş nazirinin bu bəyanatı olduqca gözlənilməz idi. Birincisi, ona görə ki, iyulun 31-dən təmas xəttində vəziyyət gərginləşmiş və bəyanatın verildiyi səhər məlum olmuşdu ki, hər iki tərəfdən xeyli sayda itki var. İndiyə kimi görünməyən bir hal idi ki, bu qədər itkinin olduğu bir gündə İrəvan və ya Bakıdan hansısa rəsmi qabağa çıxaraq mühüm bir görüş barədə xəbər versin və nikbinliyini bildirsin. Adət etdiyimiz görüntü bu idi ki, çoxsaylı insanın ölümü ilə nəticələnən qarşıdurmalardan sonra hər iki tərəf sərt ritorika nümayiş etdirir və sülh danışıqlarının davam etdirilməsinin mənasız olduğunu ifadə edir.

İkincisi, O.Abramyanın bu xəbəri ona görə gözlənilməz oldu ki, indiki halda heç kim Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağını gözləmirdi. Ən yaxşı halda, sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammitinə ümid etmək olardı.

Fransa prezidenti Fransua Ollandın təklifindən isə heç danışmağa dəyməz. F.Olland may ayında regiona səfərində prezidentlərin görüşünü təklif etmişdi. Sözügedən təklif bu günə qədər gündəmdə qalır. Ollandın təklifinin hələ də gündəmdə olduğu və Nyu-York görüşünə ümidlərin olduğu bir vaxtda Soçi görüşünün ortaya çıxması gözlənilməz sayıla bilər. Məlum idi ki, Rusiya onunla birlikdə ATƏT-in Minsk Qrupunda təmsil olunan ABŞ və Fransanın təktərəfli vasitəçilik səylərindən olduqca narahatdır. Amma Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin məşhur vasitəçilik missiyasından sonra Dağlıq Qarabağ münaqişəsinə arxa çevirən, ikinci dəfə Kremlə qayıtdıqdan sonra bir dəfə də olsun Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə cəhd etməyən Putinin indiki məqamda təlaşı başa düşüləndir. Kreml artıq anlamağa başlayıb ki, münaqişənin həlli ilə bağlı Azərbaycan və Ermənistana naz etməsi, özünü məşğul kimi göstərməsi ona baha başa gələ bilər. Onun bir də kənarda qalmasının ağır nəticələrinin ola biləcəyi Moskva anlamamış deyil.

Təsadüfi deyil ki, Ermənistan ekspertləri son vaxtlar ATƏT-in Minsk Qrupunun tarixə qovuşmaq üzrə olduğunu bildirirlər. İddia olunur ki, həm Vaşinqton, həm də Parisdə Moskva ilə işləməyin çətin və yersiz olduğu mətnaltı olsa belə, ifadə edilir. Onlar nümunə olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Paris və Nyu-Yorkda keçirilməsi barədə təkliflərini göstərirlər. Moskva isə münaqişənin tənzimlənmə prosesini nə Parisin, nə də Vaşinqtonun əlinə vermək niyyətində deyil. O da məlumdur ki, Moskva moderator olmadığı bütün prosesləri maksimum şəkildə əngəlləməyə çalışır. Ollandın təklifi məhz bunun nəticəsidir ki, indiyə kimi göydədir.

Prezidentlərin görüşü Paris və yaxud Nyu-Yorkda keçirilsəydi, nə baş verə bilərdi? Bu suala cavab vermək üçün Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonun Karnegi Fondunda 7 mayda etdiyi çıxışında açıqladığı prinsipləri yada salaq. Hansı ki, bu prinsiplər 2007-ci ildən müzakirə edilir və o vaxtdan bəzi dəyişikliklər edilib. Məşhur Madrid prinsipləri kimi Dağlıq Qarabağa referenduma qədər aralıq statusunun verilməsi, Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını, qaçqınların evlərinə qayıtmasını, Dağlıq Qarabağ və Ermənistan arasında dəhlizin yaradılmasını nəzərdə tutur. Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması əsas prinsipdir. Bir çox erməni siyasətçiləri və analitikləri bu prinsiplərdə Azərbaycanın xeyrinə dəyişikliyin olduğunu qeyd edirlər. Bütün sülh təkliflərinə bir qayda olaraq arxa çevirən rəsmi İrəvan bu dəfə də eyni hərəkəti təkrarladı. Əlavə edək ki, amerikalı həmsədrin açıqladığı bu prinsipləri Fransa da dəstəkləyir.

Heç şübhəsiz ki, prezidentlərin görüşünün Paris və Nyu-Yorkda baş tutacağı halda bu prinsiplərin qəbul edilməsi üçün Sarkisyanın qarşısına qoyulacaq. Sarkisyan isə bu prinsipləri qəbul etməyə hazır deyil. Çünki o, bu halda Ermənistandakı növbəti hakimiyyət çevrilişi və ya gülləbaranın, təbii ki, Moskvanın hədəfi ola biləcəyini göz önünə gətirməlidir.

Moskvanı Qərb paytaxtlarında keçiriləcək görüşlərdən qorxudan daha bir məqam ABŞ “planları” ilə bağlıdır.

Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Modest Kolerov Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən görüşə toxunarkən bildirib ki, bu görüş baş tutacağı halda ABŞ öz planını reallaşdırmağa çalışacaq: “Amerikanın planına görə, gərginliyin azaldılması yalnız o halda mümkündür ki, Dağlıq Qarabağ ətrafında rayonların bir hissəsi Azərbaycana geri verilsin. Bundan sonra isə Qarabağa Amerika sülhməramlıları girəcəklər. Qarabağ isə onun ətrafındakı hündürlüklərdən Azərbaycan qoşununun nişanı altında qalacaq. Beləliklə, ABŞ bilavasitə İran yaxınlığındakı müharibə meydanını İrandan alacaq. Qarabağ Yaxın Şərq üzrə Amerikanın planlarında bir hissə olacaq”.

O da aydındır ki, Rusiya Qarabağda sülhməramlılar adı ilə məhz öz qoşununu yerləşdirmək və buraya da Abxaziya və Cənubi Osetiya aqibəti yaşatmaq istəyir.

Azərbaycan-Ermənistan təmas xəttində gərginləşən vəziyyətdən sonra siyasi ekspertlərimizin, demək olar ki, hamısı hadisənin səbəbkarı kimi Moskvanı nişan verdilər. Belə demək mümkünsə, Soçi görüşünün vaxtının açıqlanması ilə Moskva öz paxırını açdı və cəbhədəki gərginliyin əsl məqsədini göstərdi: Dağlıq Qarabağ münaqişəsinin məndən kənarda həlli yoxdur.

Publika.az-la söhbətində politoloq Qabil Hüseynli də bildirir ki, prezidentlərin görüşünün Soçidə təşkil olunması erməniləri hücuma təhrik edənin Rusiya olduğunu göstərdi.

“Rusiya Qarabağ münaqişəsinin açarının əlində olduğunu göstərmək üçün lokal toqquşmaları təşkil etdi və hər iki tərəfə Soçiyə gəlməyi təklif etdi. Danışıqların məqsədi Azərbaycana təzyiq göstərməkdir. Azərbaycan Avropa ölkələri üçün enerji mənbəyi və strateji məntəqə kimi əhəmiyyətlidir. Buna görə də hansısa formada Qərbin dəstəyinə malik idi. İstəyinə nail olmaq üçün isə Kreml Azərbaycanı sınağa çəkmək istədi. Amma zənnimcə, bu sınaq Moskvanın istədiyi formada alınmadı. Soçi görüşü ilə də mümkün görünən Paris və Nyu-York görüşlərinin üstündən xətt çəkildi”, - Q.Hüseynli deyib.

Amma politoloq prezidentlərin görüşünün Dmitri Medvedevin vasitəçilik missiyası kimi bir missiyanın başlanğıcı olmayacağını düşünür: “Sülh danışıqlarında yeni bir mərhələ başlayacaq. Amma bu Medvedevin dönəmini xatırlatmayacaq. Çünki Putinin hazırda Medvedevdə olduğu kimi kifayət qədər vaxtı yoxdur. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar konkret nəticəsini verməkdədir. Bu gün Rusiyanın nüfuzunun pik vaxtıdır. Amma ən azından iki-üç ay sonra tamamilə başqa bir mənzərənin şahidi ola bilərik. Bu baxımdan da Soçi görüşündə Dağlıq Qarabağ ətrafındakı yeddi rayon məsələsi müzakirə oluna bilər. Ermənistan cəbhədəki ağır zərbədən sonra özünü əvvəlki kimi təkəbbürlü apara bilməyəcək, digər tərəfdən isə, Rusiya əvvəlki kimi onun arxasında dayana bilməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm