Bakının iki qonşusu antiqərb ittifaqı yaradır
Bizi izləyin

Dünya

Bakının iki qonşusu antiqərb ittifaqı yaradır

İran və Rusiya Qərbin sanksiyalarına cavab olaraq ticarət əməkdaşlığını genişləndirmək niyyətindədir.

Publika.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkə iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan qarşılıqlı anlaşma haqqında memorandumu imzalayıb.

Rusiya Energetika Nazirliyinin məlumatına görə, Rusiya İran neftini alacaq, əvəzində isə İrana avtomobillər, metal və taxıl verəcək. Qeyd olunur ki, iqtisadi əlaqələrin genişləndirilməsi barədə razılıq Rusiya prezidenti Vladimir Putinin həmkarı ilə keçən ilin sentyabrında Bişkekdə keçirdiyi görüşündə əldə olunub. Dövlət başçıları bu ilin may ayında Çində keçirdiyi görüşdə həll olunmamış məsələləri razılaşdırıblar.

Rusiyanın İrandan alacağı neftin həcminə gəlincə, əvvəllər gündəlik 500 min barrel, illik 25 milyon tondan söhbət gedirdi. Bu isə İran neft hasilatının 25 faizini təşkil edir. İndi isə məlum olub ki, İran Rusiyaya ildə 2,5-3 milyon ton neft satacaq. Nefti bunun üçün xüsusi olaraq yaradılmış və dövlətin nəzarət etdiyi treyder alacaq. İllik müqavilənin həcmi isə 2,35 milyard dollar təşkil edir.

İki ölkənin arasında əldə olunan razılığa görə, İran elektrik şəbəkəsinin yenidən qurulması layihələrində Rusiya şirkətləri iştirak edəcək. Tehran dəmir yolunun elektrikləşdirilməsində Rusiyanın iştirakında maraqlı olduğunu bildirib. Bundan başqa, İran Rusiyadan bir neçə yüz meqavatt elektrik enerjisinin alınması imkanlarını araşdırır.

“Kommersant” qəzetinin Rusiya hökumətindəki mənbələrinin sözlərinə görə, ABŞ Rusiya və İran şirkətlərini sanksiyalarla hədələyərək razılaşmanın imzalanmasına mane olmaq istəyirdi. “Ağ Evdə ehtiyat edirlər ki, Moskva ilə əldə olunan sazişdən gələn gəlirlər nüvə proqramı üzrə uzunmüddətli güzəştlərə Tehranın marağını zəiflədəcək”, - mənbə deyib.

Ekspertlərin sözlərinə görə, Rusiya-İran memorandumunun məhz indi imzalanması Rusiya və Qərb arasında münasibətlərin kəskinləşməsi ilə izah olunur. Rusiyalı ekspert Andrey Bakliskiy hesab edir ki, Rusiya indi ABŞ-ın tövsiyələrinə qulaq asmaq məcburiyyətində deyil. “Bundan əvvəl Moskva İrana qarşı tətbiq olunan neft embarqolarını nəzərə almalı olurdu. Hazırda isə Rusiya Federasiyasının neft sektoruna qarşı sanksiyalar tətbiq edilib. Rusiya İrana qarşı sanksiyaları nəzərə almaya bilər”.

Ekspertlərin fikrincə, Tehranla bağlı Moskvanın planlarının operativ şəkildə reallaşdırılmasının daha bir səbəbi İran bazarı üçün kəskinləşən mübarizədir. Keçən ilin sonundan başlayaraq İran sanksiyalardan azad olmağa başlayıb. Çindən, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Avstriya, İsveç və digər ölkələrin biznes-nümayəndə heyətləri İrana səfərlər edib. Almaniya şirkətlərinə istinadən “Reuters” və “The Wall Street Journal” bildirir ki, alman biznesi Rusiya iqtisadiyyatından öz investisiyalarını İrana istiqamətləndirə bilər. Alman Sənaye Ticarət Palatasının proqnozlarına görə, İrana qarşı tətbiq olunan sanksiyalar zəiflədikdən sonra Almaniyanın İrana illik ixracı 10 milyard dollar olacaq. 2013-cü ilə görə, bu, 1,85 milyard dollar təşkil edir.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, İran üzrə mütəxəssis Vladimir Sajin İrana qarşı sanksiyaların aradan qaldırılmasında Qərbin ekstremal marağının səbəblərindən danışıb. O, Avropa Birliyi üçün təmiz iqtisadi şərtlərin hər şeydən öndə gəldiyini deyib: “Brüssel 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara İrandan neftin alınmasına qoyulan qadağalar da daxil idi. Antiiran sanksiyalardan ən çox İspaniya, İtaliya, Yunanıstan və Portuqaliya kimi ölkələr zərər çəkdi. Bu baxımdan ABŞ daha az zərər çəkdi, çünki onun İranla o qədər sıx iqtisadi əlaqələri yox idi. Müxtəlif məlumatlara görə, İran təbii qaz ehtiyatlarına görə, dünyada birinci-ikinci, neft ehtiyatlarına görə isə ikinci-üçüncü yerləri tutur. İran karbohidrogen ehtiyatlarını Avropaya çatdırmağa hazırdır. Ancaq sanksiyaların ləğvindən sonra neft-qaz infrastrukturunun müasirləşdirilməsi üçün böyük investisiyalar tələb olunur. Buna görə də nüvə danışıqlarında yekun razılaşma Avropa Birliyinin iqtisadi maraqlarına uyğun gəlir”.

Rusiyalı ekspert ABŞ üçün siyasi motivlərin ilk yerdə qərarlaşdığını bildirir: “İranla biznes əlaqələrin genişlənilməsi Avropa Birliyinin Rusiyadan asılılığın, xüsusilə neft-qaz sahəsində asılılığın azaldılmasına gətirib çıxaracaq. ABŞ və Avropa Birliyi İranı öz tərəfinə çəkmək və ya heç olmasa onun Ukrayna münaqişəsində neytral qalmasını istəyirlər. Heç bir şübhə yoxdur ki, Brüssel sanksiyaların tezliklə ləğvində maraqlıdır. Bununla belə, İran Avropa Birliyini lazımı qədər qaz və neftlə dərhal təmin edə bilməyəcək. Bunun üçün investisiyalar və vaxt lazımdır”.

İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunma ehtimalı Avropa şirkətlərini hərəkətə gətirib. Avropalılar 80 milyonluq bir bazarı çəpərləməyə çalışırlar.

Son 10 ildə Fransadan İrana yola düşən ən böyük nümayəndə heyətinin tərkibində “Total”, “Renault”, “Orange”, “Lafarge”, həmçinin gəmiçilik, inşaat, bank və hüquq xidmətləri sahələrini təmsil edən şirkətlər yer alıb. Avropalılar arasında İran bazarını yoxlamağa birinci olaraq britaniyalılar gəldilər. “Diplomatik ekspansiya” artıq 2013-cü ilin oktyabrında başladılar. 2014-cü ilin yanvar ayında isə İran İslam Respublikasının Sənaye Nazirliyi britaniyalıları resursların mənimsənilməsi üçün danışıqlar aparmağa dəvət etdi.

Vladimir Sajin hesab edir ki, Rusiya İran bazarında daha da fəallaşmalıdır:“Biz Qərb və Çin şirkətləri ilə rəqabət apara bilərik. Xüsusilə energetika, nüvə, kosmos, dəmiryol nəqliyyatı və hərbi-texniki sahələrdə. Sanksiyalar ləğv olunarsa, Rusiya İrana ağır silahların da çatdırılmasına başlaya bilər”.

Ancaq Rusiyanı narahat edən başqa bir məsələ var. Rusiya kimi İran da zəngin enerji ehtiyatlarına malikdir və bu baxımdan dünya bazarında Rusiyanın rəqibidir. İran təbii qazı və neftinin dünya bazarına çıxarılması Rusiya üçün problem ola bilər. İranda təbii qazın mayeləşdirilməsi üzrə layihənin üzərində işləyirlər. Bu isə Avropa bazarının əhəmiyyətli hissəsini əlində saxlayan “Qazprom”un vurulması deməkdir.

Rusiya və İran arasında imzalanan memorandum məhz bu məqsədə xidmət etsə də, Rusiyanın alacağı neft Tehran üçün çox kiçik rəqəmdir. Rusiyanın il ərzində İrandan alacağı bildirilən 2,5-3 milyon ton neft İran neft hasilatının təxminən 3 faizini təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm