Putinin Bakıya torpaqları qaytarmaq təklifi etməsi mümkündür
Bizi izləyin

Dünya

Putinin Bakıya torpaqları qaytarmaq təklifi etməsi mümkündür

“Rəsmi Kreml görüşlə bağlı ictimaiyyətə geniş məlumat verməyə borclu idi”.

Bu sözləri Axar.az-a politoloq Fərhad Mehdiyev Kremlin Soçi görüşü ilə bağlı yaydığı məlumata münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, Moskva Soçi görüşü barədə mümkün qədər danışmamağa çalışıb və bu da müəyyən versiyaların meydana çıxmasına səbəb olub:

“Kremlin yaydığı məlumatda prezidentlərin üçtərəfli görüşü və Qarabağ münaqişəsi barədə bir kəlmə də yazılmayıb. Amma bu barədə ictimaiyyətə xəbər verilməli idi. Son anda məlum olur ki, üçtərəfli görüş baş tutacaq. Məlumatlandırma işi niyə aparılmayıb və məqsəd nədir – bu sual maraqlıdır”.

Görüşdən sonra

Ekspertin fikrincə, prezidentlərin görüşündən sonra cəbhədə vəziyyət yenidən gərginləşəcək:

“Hər halda, gərginləşmə olacaq. Bu gözləniləndir. Bilirsiniz, istənilən halda Rusiyanı izləmək lazımdır. Azərbaycan hər şeyi nəzərə alaraq istənilən vəziyyətə hazır olmalıdır”.

Putin İlham Əliyevə təklif verəcək

Politoloq onu da bildirdi ki, görüşdə Putin İlham Əliyevə bir sıra təklif verəcək:

“Putinin İlham Əliyevə təkliflər edəcəyini proqnozlaşdırırıq. Rusiyalı politoloqların Soçi görüşü ilə bağlı Qarabağ müzakirəsi zamanı təxminlərini nəzərə alsaq, bu danışıqların Azərbaycan üçün yaxşı nəticələnəcəyi ehtimalını irəli sürə bilərik, daha doğrusu, bu, bizim istəyimizdir. Kremlə bağlı olan “Nezavisimaya qazeta”nın iddialarına əsasən, Dağlıq Qarabağ ətrafında olan işğaldakı torpaqlarımızın qaytarılması məsələsinin gündəmə gələcəyini də düşünmək mümkündür. Ancaq Rusiya bunun qarşılığında mütləq Avrasiya İttifaqına qoşulma məsələsini qaldıracaq. Çünki Qərbin sanksiyaları qarşısında sıxılan Rusiya artıq bəyan edib ki, Azərbaycandan idxalı artırmaq niyyətindədir. Bu faktın özü bir daha təsdiqləyir ki, Moskva Azərbaycanla iqtisadi münasibətləri yüksək müstəviyə qaldırmaq qərarındadır”.

Hər şey Azərbaycanın istədiyi kimi gedir

Rusiyanın beynəlxalq vəziyyətinə toxunan politoloq hadisələrin Azərbaycanın xeyrinə işlədiyini də bildirdi:

“Rusiyanın beynəlxalq vəziyyətini nəzərə alsaq, hər şey Azərbaycanın istədiyi kimi gedir. Çünki ABŞ və Qərb ölkələri ilə qarşılıqlı sanksiya şəraitində olan Rusiya Türkiyə və Şərqə üz tutub. Təbii ki, bu proseslərdən Azərbaycan kənarda qala bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm