BMT-də uyğur narahatlığı - “Əl-Cəzirə”
Bizi izləyin

Dünya

BMT-də uyğur narahatlığı - “Əl-Cəzirə”

BMT-nin İnsan Hüquqları Şurası Çinin Sincan Uyğur Muxtar Rayonundakı vəziyyətdən narahatlığını ifadə edib.

İnsan Hüquqları Şurası – BMT-nin hökumətlərarası orqanıdır. Missiyası dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdan ibarət olan şuranın tərkibinə 47 dövlət daxildir.

Novator.az saytı “Əl-Cəzirə” kanalına istinadla bildirir ki, İnsan Hüquqları Şurası Sincan Uyğur Muxtar Rayonunda müsəlman uyğurların hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, etibarlı mənbələr Sincan Uyğur Muxtar Rayonunda bir milyondan çox uyğurun və digər müsəlman azlıqların nümayəndələrinin özbaşına həbs edildiyini xəbər verir.

İyunun 15-i İnsan Hüquqları Şurası adından çıxış edən Niderlandın BMT-dəki səfiri Pol Bekkers Sincan Uyğur Muxtar Rayonunda insan haqları ilə bağlı vəziyyətdən həmişəki kimi ciddi narahat olduqlarını söyləyib. O, uyğurlara qarşı ayrı-seçkiliyin və təqiblərin davam etdiyinə dair məlumatların səngimədiyini vurğulayıb.

Şuranın bəyanatında uyğurların hakimiyyət orqanları tərəfindən işgəncələrə və digər qəddar, qeyri-insani davranışa, məcburi əməyə, cinsi zorakılığa məruz qaldığı, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, uşaqların valideynlərdən zorla ayrıldığı barədə məlumatlardan narahatlıq ifadə olunub.

İnsan Hüquqları Şurası Çin hakimiyyətini BMT ekspertlərinin Sincandakı vəziyyəti müstəqil araşdırmaq üçün onların bölgəyə maneəsiz girişinə imkan verməyə çağırıb.

Aylarla Sincana məhdudiyyətsiz giriş tələbindən sonra BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet, nəhayət, bu ilin may ayında Çinə səfər edə bilib. Bu, BMT-nin insan haqları komissarının 17 ildə Çinə ilk səfəri olub.

Amma Mişel Baçelet Pekin rejiminin ciddi nəzarəti altında gerçəkləşdiridyi səfəri zamanı Çində baş verən qanunsuz hallar barədə kəskin fikir söyləmədiyi üçün sərt tənqidlərlə üzləşib.

Şuranın iyunun 15-də yaydığı bəyanatda Çinə səfəri zamanı Pekin rejiminin Mişel Baçeletə qoyduğu qadağalar da daxil olmaqla bir sıra nöqsanlar, iradlar diqqətə çatdırılıb.

BMT-nin insan haqları üzrə ali komissarı Sincanla bağlı gecikmiş hesabatı dərc etmədiyinə görə davamlı təzyiqlərə məruz qalıb. Nəticədə Mişel Baçelet növbəti müddətə insan haqları üzrə ali komissar vəzifəsinə seçkiyə qatılmayacağını, namizədliyini irəli sürməyəcəyini elan edib. Sincanla bağlı hesabatı isə o, avqust ayının sonuna, yəni istefaya gedənə qədər dərc edəcəyini bildirib.

Şuranın bəyanatında da hesabatın dərhal yayımlanması tələb olunur və Mişel Baçeletdən müddətlə bağlı əlavə məlumat verməsi xahiş edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm