Niyə siyasi liderlər Kiyevə gecə qatarı ilə gedirlər?
Bizi izləyin

Dünya

Niyə siyasi liderlər Kiyevə gecə qatarı ilə gedirlər?

Rusiya fevralın 24-dən Ukraynada total müharibə aparır. O vaxtdan xarici ölkələrdən Kiyevə bir sıra dövlət və hökumət rəhbərləri – Fransa prezidenti Emmanuel Makron, Rumıniya prezidenti Klaus Yohannis, İndoneziya prezidenti Coko Vidodo, Almaniya kansleri Olaf Şolts, Polşanın baş naziri Mateuş Moravetski, Çexiyanın baş naziri Petr Fiala, Sloveniyanın baş naziri Yanez Yanşa, İtaliyanın baş naziri Mario Draqi, Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Tryudo səfər ediblər. ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, bu və digər ölkələrin dövlət-hökumət strukturlarında, nüfuzlu beynəlxalq və regional qurumlarda məsul vəzifələr tutan ayrı-ayrı şəxslər də müharibə dövründə Kiyevdə səfərdə olublar.

Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” (“Doyç Velle”) telekanalı bu səfərlərin qatarla, həm də gecə vaxtı həyata keçirildiyini qeyd edir.

Telekanalın internet səhifəsində yerləşdirilmiş “Niyə dünya liderləri Kiyevə gecə qatarı ilə gedirlər?” başlıqlı yazıda deyilir ki, martın 15-i – Rusiyanın Ukraynaya hücumunun dördüncü həftəsi, rus ordusunun Kiyevin iki-üç kilometrliyində döyüşdüyü vaxt qəfildən Polşanın baş naziri Mateuş Moravetskinin, onun müavini Yaroslav Kaçinskinin, Çexiyanın baş naziri Petr Fialanın və Sloveniyanın baş naziri Yanez Yanşanın Ukrayna paytaxtına səfər etdiyi haqda məlumat yayıldı: “Liderləri rus ordusunun qurbanına çevirməmək üçün səfəri baş tutduğu anadək gizli saxlamaq vacib idi.

Bir neçə gün sonra rus qoşunları Kiyev ətrafından geri çəkildi. Amma hələ də Ukrayna paytaxtına dəmir yolu qatarından savayı bir nəqliyyat vasitəsi ilə getmək mürəkkəb məsələdir.

Müharibə başlanandan Ukraynanın hava məkanı bağlıdır, ölkəyə uçuşlar ləğv edilib. Bəzi bölgələrdə şiddətli döyüşlər davam edir, ona görə quru yolların da hamısından keçmək olmur.

Kiyevə qatarla səyahət etməyin özü də risklidir. Rusiya əsasən silah təchizatına mane olmaq arqumenti ilə Ukraynada körpülərə və dəmir yolu stansiyalarına raket zərbələri endirir”.

“Deutsche Welle” onu da bildirir ki, əslində xarici ölkə liderlərinin Ukrayna səfərlərində məxfiliyə heç də həmişə tam əməl olunmur: “Məsələn, Polşanın baş naziri Mateuş Moravetski Kiyev səfərini hələ yolda olarkən elan etmişdi və deyəsən, həm Ukrayna, həm də Polşanın mühafizə qüvvələri bundan narazı qalmışdı.

“Ukrayna Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Aleksandr Kamuşin ABŞ-ın CNN kanalına açıqlamasında demişdi ki, ukraynalılarla həmrəylik nümayiş etdirilməsi çox xoşagələn haldır, ancaq bunu bu qədər tez reklam etmək ehtiyatsızlıqdır. Kamuşinin sözlərinə görə, ola bilsin, sadəlövhlükdən doğan bu kimi ehtiyatsız hərəkətlər onların işinə əngəl törədir.

Müharibə başlanandan Kamuşin və həmkarları qatarlardan işləyirlər. Həmin qatarlar yerini daima dəyişir. Kamuşin deyir ki, o, iş vaxtı harada olduğunu, yəni oturduğu qatarın hazırkı anda harada dayandığını, haradan keçdiyini övladlarına da bildirmir: “Hamı başa düşməlidir: müharibə gedir. Biz məxfiliyə əməl edirik. Baş nazirlərə gəlincə, nə etmək olar, mən onlara göstəriş verə bilmərəm”.

Aydındır, “Ukrayna Dəmir Yolları”nın sədri Avropa Komissiyasının rəhbər şəxslərinə də göstəriş vermək iqtidarında deyil. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Ukraynaya gedəcəyini “Tvitter” hesabında əvvəlcədən bəyan etmişdi. Elə həmin gün Rusiya Ukraynanın şərqindəki Kramatorsk şəhərinin dəmir yolu stansiyasına raket atdı, 50 nəfər həlak oldu.

Ursula Fon der Lyayenin Kiyevə gedərkən qatara harada minəcəyi də əvvəldən məlum idi: Polşanın Peremışl şəhərindəki dəmir yolu stansiyası. Bu stansiya Ukrayna ilə sərhədin cəmi 13 kilometrliyində yerləşir.

Böyük Britaniyanın baş naziri Boris Consonun da səfəri demək olar eyni dövrdə reallaşdı. Bu səfər bir neçə həftə əvvəl planlaşdırılsa da, təhlükəsizlik səbəbindən dəfələrlə təxirə salınmışdı. Ukraynanın Londondakı səfirliyi Boris Consonun Vladimir Zelenski ilə Kiyevdə birgə çəkdirdiyi şəkli “Tvitter”də paylaşana qədər səfər haqda ictimaiyyətə heç bir məlumat açıqlanmalı deyildi”.

“Deutsche Welle”nin materialında qeyd edilir ki, məxfiliyə əməl olunması vacibdir, amma bu da səfərin tam təhlükəsiz keçəcəyi anlamına gəlmir: “Hər halda “Ukrayna Dəmir Yolları” hətta məxfiliyə əməl olunanda da öz yüksək səviyyəli qonaqlarına, necə deyərlər, VİP qonaqlara tam təhlükəsiz bir səfər barədə zəmanət verə bilməz. Ancaq şirkət imkan daxilində çalışır ki, xarici ölkələrin nümayəndə heyətlərinin rahat səfər etməsinə şərait yaratsın”.

VİP qonaqlar üçün lüks vaqonların ayrıldığını vurğulayan “Deutsche Welle” kanalı “Azadlıq” radiosuna istinadla bildirir ki, bir neçə aydır istifadəyə verilmiş həmin dəbdəbəli vaqonlardan biri 2014-cü ildə imkanlı turistləri Krıma daşımaq üçün hazırlanıbmış: “Lakin 2014-cü ildə Rusiya Krımı ilhaq etdi. Çox güman, o günədək həmin vaqon bir neçə dəfə turistlərin xidmətində olub”.

Sloveniyanın baş naziri Yanez Yanşa, Polşanın baş naziri Mateuş Moravetski, onun müavini Yaroslav Kaçinski və Çexiyanın baş naziri Petr Fiala qatarla Kiyevə gedərkən

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Kiyev qatarında

İtaliyanın baş naziri Mario Draqi, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Kiyev qatarında.

(novator.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm