Qadın casuslar iş başında - İki supergücün kəşfiyyat savaşı
Bizi izləyin

Dünya

Qadın casuslar iş başında - İki supergücün kəşfiyyat savaşı

Qərb ölkələri uzun illər keçmiş SSRİ xəfiyyələri ilə mübarizə apardılar, imperiya dağıldıqdan sonra Rusiya kəşfiyyatçıları fəaliyyətə başladılar. Qərb ölkələrinin əks-kəşfiyyat xidmətləri indi də Çinin böyük kəşfiyyat şəbəkəsi ilə mübarizə aparmaq məcburiyyətindədir.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir.

Mərkəzin ekspertlərinin fikrincə, Çin kəşfiyyatı Rusiya qədər fəaldır, bəzi istiqamətlərdə də isə rusiyalı həmkarlarını üstələyir:

“Böyük Britaniya kəşfiyyat xidmətinin rəhbərinin sözlərinə görə, Çin kəşfiyyatçıları səbirlidirlər, tələsmirlər, gəldikləri ölkələrə uzun müddət uyğunlaşırlar, əlaqələr qururlar və bundan sonra fəaliyyətə başlayırlar. Çin kəşfiyyatçıları bu zaman Qərb ölkələrindəki diaspora nümayəndələrindən və informasiya texnologiyaları mütəxəssiləri ilə təmaslarından faydalanırlar. Qərb ölkələrinin əsas diqqəti Ukraynaya yönəlsə də, Çin kəşfiyyatı ilə mübarizəyə də böyük resurslar cəlb olunub.

“Financial Times” nəşrinin yazdığına görə, Çin kəşfiyyat fəaliyyətində qadınlardan istifadə etməyə başlayıb. Bu, keçmiş SSRİ və Rusiya kəşfiyyatının istifadə etdiyi üsullardandır. Bir neçə il əvvəl Fransa kəşfiyyatının Çin səfirliyindəki təmsilçisi səfirin çinli xanım tərçüməçisinin tələsinə düşüb. Çinli xanım məxfi məlumatlara yiyələnə bilib. Fransanın başqa bir keçmiş xəfiyyəsi də Çinə məlumat ötürərkən yaxalanıb.

Çin xəfiyyə işinə minlərlə insanı və milyardlarla dolları cəlb edib. Ona görə də hər hansı kəşfiyyatçı və xəfiyyənin həbsi Pekini narahat etmir. Həbs olunanların yeri boş qalmır. Çində 2017-ci ildə qəbul olunan qanuna görə, bütün vətəndaşlar və təşkilatlar milli kəşfiyyat xidmətinə kömək və əməkdaşlıq etməyə borcludurlar”.

Məqalədə qeyd edilir ki, əgər rus kəşfiyyatçıları və xəfiyyələri başqa dövlətlərin hərbi sirlərini öyrənməyə çalışırlarsa, çinlilər kommersiya və texnoloji sirlərin əldə olunmasına üstünlük verirlər:

“Çin Rusiyadan fərqli olaraq, dünyanın ən böyük iqtisadiyyatına malik ölkəsi olmağı qarşısına məqsəd qoyub. Rusiyanın belə bir hədəfi yoxdur. Əksinə, Ukraynaya qarşı işğalçı müharibə Rusiya iqtisadiyyatını geri atmaqda davam edir.

Amerikalı keçmiş kəşfiyyat zabitinin Rusiya və Çin kəşfiyyatı arasında fərqi bir misalda göstərib: “Tutaq ki, Rusiya və Çin düşmən saydıqları ölkədən qum nümunəsi gətirməlidirlər. Rusiya bu məqsədlə az heyəti olan sualtı gəmi göndərəcək və onlar qumu vedrələrə dolduracaqlar. Çin isə minlərlə dalğıc göndərəcək və kifayət qədər qum əldə edəcək”.

Təsadüfi deyil ki, bəzi qiymətləndirmələrə görə, Çin il ərzində ABŞ-dan 600 milyard dollar həcmində sənaye və ticarət sirləri oğurlamağa müvəffəq olub. Nəhəng “Microsoft” şirkəti də çinli xəfiyyələrin qurbanı olub, 2021-ci ildə sirləri oğurlanıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm