Milyarderlərin fəlakətdən İNANILMAZ QAÇIŞ PLANLARI - Sığınacaqlar artıq hazırdır
Bizi izləyin

Dünya

Milyarderlərin fəlakətdən İNANILMAZ QAÇIŞ PLANLARI - Sığınacaqlar artıq hazırdır

Qlobal iqlim böhranı, artan ətraf mühitin çirklənməsi, beynəlxalq böhranlar, müharibələr və sürətli əhali artımı səbəbindən dünya hər gün fəlakətlərə yaxınlaşır.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, “The Guardian” nəşrində maraqlı məqalə dərc olunub. Qabaqcıl texnologiya milyarderlərinin ən pis ssenarilər üçün qurtuluş planları qurduqları üzə çıxıb.

Görünən odur ki, həyatımızı asanlaşdırmağa çalışan, ekoloji problemlərlə mübarizə aparan, hər fürsətdə bəşəriyyətin qabaqcıl texnologiya sayəsində "xoşbəxt" gələcəyə qovuşacağını müjdələyən milyarder sahibkarlar dünyanın müxtəlif yerlərində dəbdəbəli və təhlükəsiz sığınacaqlar tikdirirlər.

Bəs bir gün fəlakət yaxınlaşsa, varlılar hara qaçacaqlar? Bəşəriyyətin qalan hissəsi ilə eyni aqibəti bölüşmək istəməyən texnologiya zənginlərinin planları...

"MİLYARDERLƏR DÜNYANI MƏHV ETMƏYƏ HAZIRLAŞIR..."

Yazıçı Duqlas Raşkoff bu yaxınlarda nəşr olunan “Zənginlərin sağ qalma mübarizəsi: Texnologiya milyarderlərinin qaçış fantaziyaları” (Survival of the Richest: Escape Fantasies of the Tech Billionaires) kitabında texnologiya nəhənglərinin gələcək planları və qiyamət ssenariləri haqqında maraqlı təfərrüatlara yer verib.

Raşkov texnologiya milyarderləri ilə keçirdiyi görüşlərdə yaşadığı maraqlı hadisələri oxuculara çatdırıb.

Yazıçı açıqlayıb ki, texnologiya milyarderləri dünyanı məhv etməyə hazırlaşırlar.

“Aeroportda məni limuzin gözləyirdi. Üç saatlıq yolumuz oldu. Düşündüm ki, kim belə uzaq yerdə konfrans təşkil etmək istəyər? Yaxınlaşdıqca kiçik bir hava limanına eniş edən şəxsi təyyarələri görəndə çox təəccübləndim. Onlar masa ətrafında oturub özlərini təqdim etdilər..." - Raşkoff təsvir edib.

Onları "beş super zəngin adam” kimi xarakterizə edən məşhur yazar texnologiya milyarderlərinin onu görüşə çağırmasının səbəbinin ortaya qoyduğu ideyaların olduğunu qeyd edib: "Bir az söhbət etdikdən sonra başa düşdüm ki, onlar texnologiyanın gələcəyi ilə bağlı fikirlərimlə maraqlanırlar".

Raşkoff deyib ki, dialoq gərgin suallarla dolu olub: “Bitcoin yoxsa Ethereum?”; “Virtual reallıq, yoxsa artırılmış reallıq?”; "Kvant hesablamalarını ilk kim işə salacaq, Çin və ya Google?"

Müəllifin fikrincə, bir anda söhbət “narahatedici” məqama çatıb.

Çünki görüşdüyü şəxslər bu sualları veriblər:

“Qlobal yox olmaqdan sonra dünyanın harası daha təhlükəsiz olacaq, Yeni Zelandiya, yoxsa Alyaska?”

“Kənardan kömək olmadan insan nə qədər yaşaya bilər?”

“Öz resurslarından qiyamət bunkerini necə yaratmaq olar?”

“Qrunt sularının çirklənmə ehtimalı varmı və təmizlənmə prosesi necə olmalıdır?”

Dünyanı gözləyən qlobal təhlükələri müzakirə etməyə başlayan texnologiya milyarderləri baş verə biləcək fəlakət ssenarilərini bir-bir müzakirə etdilər.

Yazıçının sözlərinə görə, bir çox milyarder artıq öz fəlakət sığınacaqlarının tikintisini başa vurub. Lakin problemlər bununla bitmir. Milyarderlər indi təhlükəsizliyi necə qoruyacaqlarını düşünürlər.

“Bir sahibkar müzakirə edilən variantlardan birinin baş verəcəyi təqdirdə, gizli bunkerində yerləşdirmək üçün onlarla dəniz piyadasını işə götürdüyünü qeyd etdi. Bu nöqtədə onun yeganə narahatlığı kriptovalyutalar dəyərsizləşərsə, onları necə ödəmək idi” - Raşkoff deyib

Yazıçının sözlərinə görə, görüşdə bəzi milyarderlər parollarını yalnız özlərinin bildiyi xüsusi seyflər düzəltdirdiklərini, yeməkləri orada saxlayacaqlarını və işçi kimi xidmət edəcək robotlar hazırlamağı düşündüklərini bildiriblər.

İşçi robotları haqqında eşidəndə təəccübləndiyini ifadə edən Raşkoff mövzuya insani baxımdan yanaşmağa çalışaraq bildirib ki, robot və ya elektrik naqillərindən çox, insanlara və insan münasibətlərinə investisiya qoymaq lazımdır.

Lakin onun sözləri istehzalı təbəssümlərlə qarşılanıb:

“Mən bunu elə o an anladım. Bu insanlar əslində insanlığını itirmiş şəxslərdir. Bunker strategiyalarını qiymətləndirmək üçün məni səhraya çağıran milyarderlər iqtisadi oyunun qalibləri deyil, qurbanlarıdır. Onlar “yaratdıqları zərərdən özlərini təcrid etmək üçün kifayət qədər pul qazanmaq” kimi bir zehniyyətə boyun əymişdilər”

BƏS KİM HARA GEDƏCƏK?

Ceff Bezos kosmosa, Piter Tiel Yeni Zelandiyada tikdiyi bunkerə, Mark Zukerberq virtual “Metaverse”ə sığınacaq?

Ultrazəngin və imtiyazlı insanların iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxması, kütləvi miqrasiya, qlobal epidemiyalar və ərzaq böhranı kimi real təhlükələrdən özlərini təcrid etməyə çalışdıqları bir həqiqətdir.

Onlar üçün texnologiyanın gələcəyi bir şeyə bağlıdır: bəşəriyyətin qalan hissəsindən mümkün qədər uzaq durmaq.

Cəmiyyətləri formalaşdıran texnologiya alətlərini inkişaf etdirən milyarderlərin dünyanı başqaları üçün yaşanmaz hala gətirə biləcəklərini heç düşünmədiklərini ifadə edən Raşkoff bildirib ki, dünya bu cür eqoist və təcrid olunmuş perspektivləri dəstəkləyən zəkalarla doludur.

Yazıçı bildirib ki, onlar arasında koloniya qurmaq istəyənlər də var, yeni dünya dizayn edənlər də:

“Virtual piramidaların başında duran milyarderlər artıq bizə sonsuza qədər hakim olmaq əvəzinə, oyunun sonunda öz çıxış strategiyaları haqqında aktiv şəkildə düşünməyə başlayıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm