Litvalı zabit: “Rusiya Baltikyanı ölkələrlə müharibəyə başlayıb”
Bizi izləyin

Dünya

Litvalı zabit: “Rusiya Baltikyanı ölkələrlə müharibəyə başlayıb”

Rusiya faktiki olaraq artıq Baltika ölkələrinə qarşı müharibə aparır.

“Müharibə yalnız Ukraynada getmir. Müharibə həm də Baltikyanı ölkələrdə gedir. Əlbəttə, bu, bizim görməyə öyrəşdiyimiz müharibə deyil, müharibə dənizdə və yaxud torpaqda deyil, informasiya meydanında gedir”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri litvalı zabit Aurimas Navis ölkəsində keçirilən “Sınıq nöqtəsi” konfransında deyib.

Onun sözlərinə görə, Litvada qırmızı rus simvolları geniş şəkildə yayılmağa başlayıb: “Qırmızı rus simvolları əsasən kompüter oyunları vasitəsilə yayılır. Litvada yayılan komputer oyunlarının təxminən 60 faizi Rusiyada yazılıb. Bu oyunlarla yeniyetmələr və gənclərə yaxınlaşmaq çox rahatdır. Onlardan biri də “Sibir müharibəsi” oyunudur. Oyunun ssenarisi ondan ibarətdir ki, Sibirə yadplanetlilər düşür. Orada Qırmızı Ordu var. Ən maraqlısı odur ki, sən yadplanetlilər üçün oynayırsansa, həmişə məğlub olursan. Əksinə, yalnız Qırmızı Ordunun tərəfində olmaqla qalib gəlmək olar”.

Litvalı zabiti qeyd edir ki, ölkəsində rus təbliğatı daha çox televiziyalar vasitəsilə aparılır: “Litvanın təxminən 97 faiz vətəndaşı daim televizora baxır. Rusiyanın terror kanallarına isə təxminən əhalinin 22 faizi baxır. Bu isə 406 min insan deməkdir. Konstitusiyanı dəyişdirmək üçün isə 300 min səs lazımdır. Əgər rus təbliğatı təsir etsə, o halda nələrin olacağını təsəvvür edin. Ruslar inandırmağa çalışırlar ki, ayrıca litva xalqı yoxdur. Kreml tərəfindən tarixin dəyişdirilməsi prosesi aparılır. Rusiya qonşusu Belarusda da təzyiq altında öz tarixini translyasiya etməyə başlayıb”.

O xatırladıb ki, qan tökmədən Krımın zəbt edilməsi ssenarisi Baltikyanı ölkələrdə də təkrarlana bilər.

“Rusiya nə edir? O, cəmiyyəti elə hazırlayır ki, sonradan ordunu daxil etmək üçün kifayət qədər əsasları olsun. İnformasiya müharibəsinin hədəfi cəmiyyətin müqavimət göstərmək arzusunu sındırmaqdır”, - deyə zabit Aurimas Navis sonda vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm